• 23 Noyabr 2024 01:12

Pensiyalar nə qədər artacaq? – AÇIQLAMA

Pensiyalar nə qədər artacaq? - AÇIQLAMA

Pensiyalar nə qədər artacaq? – AÇIQLAMA


“Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklər pensiyaların daha çox artırılmasına imkan verəcək.

Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, Azərbaycan sosial yönümlü dövlətdir və Azərbaycan dövlətinin apardığı siyasətin mərkəzində vətəndaş dayanır.

“Cənab Prezident İlham Əliyevin apardığı siyasət hər zaman əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlib və bu istiqamətdə ardıcıl olaraq tədbirlər həyata keçirilir.

2018-ci ildən başlayaraq ikinci mərhələdə pensiya sahəsində islahatlar aparılıb və bu sahədə inqilabi dəyişikliklər olub. Ölkə Prezidentinin bu ilin fevral ayında imzaladığı Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında Sərəncamı ilə Nazirlər Kabinetinə iki tapşırıq verilmişdi.

Belə ki, qulluq stajına görə əlavə alan əmək pensiyaçılarının, o cümlədən dövlət qulluqçusu, hərbi və xüsusi rütbə daşıyan şəxslər, vergi, ədliyyə əməkdaşları, hakimlərin əmək pensiyasının indeksləşdirilərək artırılması mexanizmi ilə bağlı tapşırıq verilmişdi – əmək pensiyalarının indeksləşdirilməklə artırılması mexanizminin və 2022-ci ildə əmək pensiyaçılarına ödənilən maddi yardımın (200 manat və ya qulluq əlavəsi alan şəxslərə ödənilən pensiya məbləğinin 10%-i miqdarında) 2023-cü il yanvarın 1-dən etibarən pensiyaların tərkibinə daxil edilməsinə dair təkliflər təqdim etmək.

Bu tapşırıqların icrası ilə bağlı müvafiq nazirlik tərəfindən təkliflər hazırlanıb və “Əmək pensiyası haqqında” qanuna dəyişiklikdə həmin təkliflər əsasını tapıb”, – deyə deputat bildirib.

O qeyd edib ki, ötən il pensiyaçılara onların sosial müdafiəsini gücləndirmək məqsədi ilə ödənilən 200 manat məbləğində maddi yardımın pensiyaların tərkibinə daxil edilməsi və ümumi məbləğin gələn ilin 1 yanvar tarixindən indeksləşdirilməsi pensiyaların daha çox artımını təmin edəcəkdir.

“Eyni zamanda bu dəyişikliklərin əsas mahiyyəti ondan ibarətdir ki, pensiyaçıların pensiyalarının indeksləşdirilməsində olan fərq aradan qaldırılsın və vahid indeksasiya metodu əsasında əmək pensiyaçılarının pensiyaları hesablansın. Yəni qulluq stajına görə əlavə alan əmək pensiyaçılarının pensiyasına 3-5 ildən bir əlavə edilirdisə və onların pensiyaları artırdısa, yeni indeksasiya metoduna keçiddən sonra hər ilin əvvəlində qulluq əlavəsi alan şəxslərin də pensiyası digər şəxslərin pensiyası kimi indeksləşdirilərək artırılacaq. Yəni qulluq stajına görə əlavə almaq hüququ olan şəxslərin pensiyası hər il indeksasiya ediləcək, əvvəlki metoda nisbətən indi daha çox artacaq, onların sosial rifahı yaxşılaşmış olacaq.

Pensiya artımlarında vahid indeksasiyanın tətbiq edilməsi pensiyaların inflyasiya təsirlərindən qorunmasını təmin edən dünyada geniş tətbiq edilən bir mexanizmdir.

Bundan sonra Azərbaycanda da əmək pensiyaları hesablanacaq. Vahid indeksasiya metodu ilə hesablama infilyasiyanın nəzərə alınmasına imkan verəcək ki, bu da çox önəmli bir məsələdir. Bu mütərəqqi bir addımdır və pensiyaçılrımızın sosial rifahının yaxşılaşdırılmasına yönəldilib”, – deyə deputat əlavə edib.

Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklər Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul edilib.

Tacxeber.az

Oxşar xəbərlər