• 07 İyun 2025 13:56

Həbsdə olan jurnalistdən Penitensiar Xidmətin rəisinə açıq məktub

 Həbsdə olan jurnalistdən Penitensiar Xidmətin rəisinə açıq məktub
Paylaş

Həbsdə olan jurnalist Aynur Elgünəş Penitensiar Xidmətin rəisinə açıq məktub yazıb:

 

“Penitensiar Xidmətin rəisinə açıq müraciət

Cənab Mirsaleh Seyidov! Bu, mənim sizə üçüncü müraciətimdir. Əvvəlki müraciətlərimə rəsmi cavab almamışam. Son müraciətimə qeyri-rəsmi “yox” cavabı verilib. Ancaq bu məni qane etmir, çünki mən rəsmi müraciətimə rəsmi də cavab istəyirəm.

Mirsaleh müəllim, əvvəlki müraciətlərimdə də yazmışam. Himayəmdə 2 yaşlı, “ Maltese terrier” cinsli, 1,8 kq çəkisi olan Maks adlı itim var. Tanıyan hər kəs bilir, mən onunla yaşayırdım və əsas ailə üzvüm hesab edirəm. Maks vaxtaşırı peyvənd olunur, digər tibbi və gigiyenik prosedurları keçir. Qanunvericilikdə onunla görüşməyimi qadağan edən heç bir müddəa yoxdur. Şəxsi həyat və heyvan haqları baxımından da bizim görüşməyimiz arzuolunandır. Lakin siz heç bir əsas gətirmədən bizim görüşümüzə icazə vermirsiz. Halbuki bu görüş şəxsi və ictimai baxımdan təhlükəli deyil, narahatlığa səbəb olmur. Siz bu qadağanızla mənim mənəvi əzab çəkməyimə, psixoloji sarsıntı keçirməyimə səbəb olursuz. Sizə də yazmışdım, mənim itimlə görüşmək istəməyim başqalarına gülməli görünə bilər, ancaq evində heyvan saxlayan hər bir mədəni insan üçün o, övlada bərabər bir varlıqdır. İndi nə edim ki, sabah məni “qəbir evinə çiynində aparsın” deyə insan övladına himayəlik etmək istəməmişəm! Mən həyatım boyu istifadəçi olmamışam və sabahım üçün yatırım etməmişəm. Ürəyim daha məsum varlığa – Maksa sahib olmaq istəyib.

 

Cənab Mirsaleh Seyidov, bəli, mən tənqidi medianın nümayəndəsiyəm, təmsil etdiyiniz hakimiyyətin sevmədiyi yüzlərlə insandan biriyəm. Ancaq insan düşməni ilə mübarizəni də özünə münasibət kimi aparar. Məni övladım bildiyim varlığa həsrət qoymağınız mübarizə metodu deyil, humanizmdən, insan və heyvan haqlarından uzaq addımdır. Ümid edirəm, heç olmasa bu dəfə müraciətimə cavab verəcəksiz. Onu da deyim ki, bu son müracətimdir. Bundan sonra mənə dəyən mənəvi ziyanla bağlı haqlarımın bərpasını məhkəmələrdə axtaracam.

Mən Maksı yanımda saxlamaq yox, heç olmasa ayda 2 dəfə görüşmək istəyirəm!

Bakı İstintaq Təxridxanasında saxlanılan vicdan məhbusu Aynur Elgünəş“

 

Tacxeber.com

Oxşar xəbərlər