• 08 İyun 2025 07:01

Tolstopyatov qardaşlarının cinayətkar dəstəsi – Yadigar Sadıqlı

 Tolstopyatov qardaşlarının cinayətkar dəstəsi – Yadigar Sadıqlı
Paylaş

1968-ci ildə Rostovda silahlı banda peyda oldu. Onlar mağazalara, inkassatorlara və ya maaş günü müxtəlif müəssisələrə hücum edir, pulu götürür və yoxa çıxırdılar. Tanınmamaq üçün başlarına qadın corabı keçirdiklərindən o zaman populyar olan Fransa filminin personajına oxşadaraq “Fantomaslar dəstəsi” deyirdilər. Ələ keçəndən sonra isə “Tolstopyatov qardaşlarının dəstəsi” dedilər. Çünki dəstəyə iki qardaş rəhbərlik edirdi – Vladimir və Vyaçeslav Tolstopyatovlar.

 

***

Qardaşlar arasında yaş fərqi 16 il idi. Vladimir 1924-cü ildə, Vyaçeslav 1940-cı ildə anadan olmuşdu. Ataları Pavel Tolstopyatov Bryansk vilayətində milis zabiti idi. Müharibənin ilk aylarında həlak oldu. Ana və iki oğul alman işğalından qaçaraq şərqə köçdülər və müharibədən sonra Rostovda, Naxalovka deyilən gecəqondu məhəlləsində məskunlaşdılar.

Vladimir müharibədə iştirak etməyə də macal tapdı. Döyüş yolunu Şərqi Prussiyada, Köniqsberq ətrafında başa vurdu. O, qanunpərəst vətəndaş həyatı yaşayırdı, ta ki, kiçik qardaşı onu tovlayana qədər. Adətən əksinə olur, amma bu dəfə kiçik böyüyü yoldan çıxardı.

Vyaçeslav olduqca istedadlı idi, gözəl əl qabiliyyəti vardı. Kitablardakı illüstrasiyaların kopyasını çəkməyi çox sevirdi. Konstruktorluq qabiliyyəti də vardı. Gələcəkdə bacarıqlı rəssam, mühəndis və ya ixtiraçı ola bilərdi, amma cinayət yolunu seçdi.

 

O, əvvəlcə saxta pul əskinasları çəkməyə başladı. 50 və 100 rublluq əskinaslar çəkir, sonra onunla adətən alkoqollu içkilər alır, amma içkiyə həvəsi olmadığından şüşəni tullayır, qalıq kimi aldığı pulu özünə xərcləyirdi. Həqiqi pullarla aldığı əsas şeylərdən biri kitab idi – oxumağı çox sevirdi.

Sonra saxta pulu taksi sürücülərinə verməyə başladı. Adətən havanın qaranlıq vaxtını seçirdi. Bir yerə gedir, gediş haqqını 50 və ya 100 rublluq saxta əskinasla ödəyir, aldığı qalığı cibinə qoyurdu.  SSRİ-də 1947-1961-ci illərdə dövriyyədə olan əskinasların xüsusi qoruyucu nişanları yox idi, su işarələrini isə Vyaçeslav məharətlə təsvir edirdi.

Həmin əskinaslar xeyli yekə idilər. Onları çəkmək, məsələn, 1961-ci ildə dövriyyəyə buraxılan əskinasları çəkməkdən daha çox vaxt və zəhmət tələb edirdi. Vyaçeslav vaxtına və zəhmətinə qənaət etmək istədi və bununla özünü ələ verdi.

 

O, əskinasları həmişə bükülü verirdi və görürdü ki, taksi sürücüləri də elə bükülü halda ciblərinə qoyurlar. Əgər belədirsə, daha niyə zəhmət çəkib hər iki üzünü çəksin ki? O, bir şeyi nəzərə almadı: aldadılan sürücülər bunu həmkarlarına danışacaqlar, onlar da daha diqqətli olacaqlar.

Belə də oldu. Birüzlü əskinasları bir neçə dəfə uğurla işlədən Vyaçeslav 1960-cı il fevralın 23-də ilişdi. Sürücü əskinası açdı və arxa tərəfini bakir ağ görüb dondu. Sonrası aydındır.

Saxta əskinasları həqiqətən Vyaçeslav Tolstopyatovun hazırladığına əmin olmaq üçün milis şöbəsində istintaq eksperimenti keçirdilər. Gərəkən ləvazimatlar verildi və əskinas çəkməsi istənildi. 4 saatdan sonra hazır olan 100 rublluq əskinası milislər xalisindən ayıra bilmədilər.

Vyaçeslavın gəncliyi, hər şeyi etiraf etməsi, cinayətkar aləm ədalarından uzaq və qiraətli olması, qonşularının tərbiyəli gənc kimi xarakterizə etməsi istintaqda onun təsadüfən cinayət yoluna yuvarlanması təəssüratı yaratdı. Müstəntiq işi məhkəməyə göndərəndə içinə müttəhimə az iş verilməsi haqda vəsatət də qoydu.

SSRİ-də dövlətdən oğurlamaq vətəndaşdan oğurlamaqdan daha ağır cinayət sayılırdı, saxta pulkəsənlik də o cümlədən. Amma, görünür, Tolstopyatov hakimdə də müsbət təəssürat oyada bildi və cəmi 4 illik həbslə qurtuldu. O, həbsdə keçirdiyi illərdə əməlindən peşman oldu və söz verdi ki, daha heç vaxt saxta pul hazırlamayacaq. Əvəzində dəstə yaradıb qarətlə məşğul olacaq, silahı da özü düzəldəcək.

 

***

1964-cü ilin fevralında həbsdən çıxan Vyaçeslav niyyətini böyük qardaşı Vladimirlə bölüşdü. Vladimir də kiçik qardaşına öyüd-nəsihət əvəzinə xeyir-dua verdi. Komalarının zirzəmisində silah emalatxanası da yaratdılar.

Vyaçeslav nə qədər istedadlı olsa da, bəzi detalları özünün hazırlaması mümkün deyildi. Çertyojunu çəkdiyi detalların hazırlanmasından ötrü tanış frezerçilərə və tornaçılara üz tuturdu. Deyirdi ki, hansısa məişət texnikasının təmiri üçün lazımdır. Bəzən də duyuq düşməsinlər deyə, çertyoja lazımsız element əlavə edir, detal hazır olanda həmin hissəni suvandla ləğv edirdi. Bacardığı detalları və tunc güllələri özü hazırlayırdı. Silahların lüləsini isə kiçik kalibrli Toz-8 tüfəngininin lüləsini bir neçə yerə kəsməklə hazırladı.

Ümumən dörd kiçik kalibrli tapança və üç kiçik kalibrli pulemyot-tapança (avtomat) hazırlandı. Xüsusən sonuncular unikal konstruksiyaya malik idilər və zərbə qüvvələri o zaman mövcud olan bütün avtomat silahlardan çox idi.

 

Hazırlıq prosesi 4 il çəkdi. Qardaşlar özlərinə iki ortaq da tapdılar. Bunlardan biri köhnə tanışları Vladimir Qorşkov, digəri isə Vyaçeslavın həbs yoldaşı Sergey Samasyuk idi. Onlardan əlavə soyğunlarda iştirak etməyən yardımçı üzvlər də vardı – informatorlar, pusquda duranlar və s.

Dəstə mağazalara, inkassatorlara hücum etməyi planlaşdırırdı. Hücum planlaşdırılan obyekt haqqında əvvəlcədən informasiya toplanılacaqdı. Bilavasitə qarətdə üç nəfər iştirak edəcəkdi. Böyük Tolstopyatov əvvəlcə pusquda duracaq, sonra da hadisə yerinə yığışan insanlara qoşularaq milisin hərəkətlərinə, əgər varsa, şahidlərə göz qoyacaqdı. Onların avtomobili yox idi. Plana görə, avtomobil soyğundan ya əvvəl, ya da sonra ələ keçiriləcəkdi.

İlk cəhdlər uğursuz oldu. 1968-ci il oktyabrın 7-də birinci cəhd zamanı əvvəlcə maşın ələ keçirmək istədilər. Amma sürücü Dzeron Harutyunov üzərinə tuşlanan silahı görən kimi tormoza basdı və düşüb qaçdı. Onun milisə xəbər verəcəyini anlayan dəstə soyğundan imtina etdi. Vyaçeslav maşını gözdən uzaq yerə sürüb saxladı və avtomat-telefondan anonim şəkildə milisə zəng etdi. Maşının yerini xəbər verib dedi ki, sürücü ilə zarafat etmək istəyiblər, o isə oyuncaq tapançanı görən kimi düşüb qaçıb. Milis bu izahata inandı və cinayət işi açılmadı.

 

İkinci cəhd üç gün sonra edildi və yenə uğursuz oldu. Plana görə, Rostov ayaqqabı fabrikinin kassiri bankdan pul alıb çıxarkən qarət olunacaqdı. Amma gecikdilər və kassir onu gözləyən maşına minib sağ-salamat fabrikə getdi.

Üçüncü cəhd qismən uğurlu oldu. Dəstə Mirnıy qəsəbəsindəki mağazaya hücum etdi. Onlar tavana atəş açaraq kassadakı pulu tələb etdilər. Kassir isə pulun çoxunu gizlətməyə imkan tapdı, “olanı budur” deyərək quldurlara cəmi 526 rubl verdi. Güllə səsini eşidən Qori Çumakov adlı müharibə veteranı əlində dəmir boru soyğunçuların qarşısını kəsmək istədi və Vyaçeslavın tərəddüdsüz açdığı atəşlə öldürüldü.

Hadisə yerinə gələn milis nəfərləri mağaza işçilərinin ifadələrindən xeyli təəccübləndilər. Onların təsvir etdikləri silah milislərə məlum deyildi. Əcaib silahlar haqqında xəbər tezliklə bütün şəhərə yayıldı və soyğunçuların xarici diversantlar olması əfsanəsi yarandı. Həm də məhz bu qarətdən sonra başlarındakı coraba görə onlara “fantomaslar” deyildi.

 

Noyabrın 5-də planlaşdırılan cəhd də əvvəldən alınmadı. Kiçik Tolstopyatov və Samosyuk bir maşını saxladılar, Samosyuk qabaqda sərnişin yerində oturdu, Vyaçeslav isə sürücünün qapısını açdı, silahla hədələyərək maşından düşməsini istədi. Bu dəfə də soyadı Harutyunov, adı isə Viktor olan sürücü soydaşından fərqli davrandı: qaza basdı və yerdən götürüldü. Samosyuk atəş açaraq onu yaralayandan sonra maşını saxladı. Quldur düşüb qaça bildi.

İyirmi gün sonra maşın qaçıran üçlük Dövlət bankının Oktyabr rayon şöbəsinin qarşısına getdilər. Buradan çıxan və kassir olduğu anlaşılan qadının silahla qorxudaraq əlindəki çantanı aldılar və maşına oturub aradan çıxdılar. Çantadan 2700 rubl çıxdı. Dekabrın 29-da isə ərzaq mağazasına basqının qazancı isə 1498 rubl oldu.

1969-cu ilin qışında dəstə ilk itki verdi, amma, necə deyərlər, məsləkləri ilə əlaqəli olmayan itki. Samosyuk sərxoş halda dalaşdığına görə həbsxanaya yollandı. Buna baxmayaraq, “fantomaslar” daha bir cəhd etdilər. Onlar Rostovun böyük müəssisələrindən olan Oktyabr inqilabı adına kimya zavodunu qarət etmək niyyətində idilər və bu zaman 100 min rubldan çox aparacaqlarını düşünürdülər.

 

Aksiya ciddi-cəhdlə hazırlandı. Vyaçeslav işə düzəlmək bəhanəsi ilə zavoda gedir, burada xeyli vaxt keçirərək əmək haqqı verilən günü, pulu gətirən maşını öyrəndi. Plana görə kiçik Tolstopyatov və Qorşkov zavodun həyətinin girəcəyində kassir qadını və mühafizəçini qarşılayıb silahla təhdid edərək torbanı qadından alacaq və elə onların maşını ilə uzaqlaşacaqdılar.

Alınmadı. Torbanı kassir yox, mühafizəçi daşıyırdı. O, müqavimət göstərərək özünü keçid budkasına sala bildi, silahını çıxarıb atəş açdı və Qorşkovu yaraladı. Qarətçilər qaçaraq işıqforun qırmızı işığında dayanan maşını ələ keçirdilər və uzaqlaşdılar.

Qorşkovun kürəyindən aldığı yaranı sonralar dəstə üzvləri ilə birlikdə müttəhimlər kürsüsünə əyləşəcək həkim müalicə etdi. Yara ağır idi. Həm buna görə, həm də Samosyukun həbsdə olması üzündən dəstə qarətlərə iki illik fasilə verməli oldu. Bu müddətdə silahların sayını artırdılar və onları daha da təkmilləşdirdilər. Hətta əl qumbarası düzəltdilər. Vyaçeslavın 1972-ci ildə düzəltdiyi lüləsi qatlanan avtomat silah xüsusilə unikal idi.

 

1971-ci ilin yayında dəstə yenidən cəm oldu. Onlar avqustun 25-də UNR-112 adlı tikinti idarəsinin kassirini qarət etdilər və 17 min rubl apardılar. Həmin il SSRİ-də orta aylıq əmək haqqının 126 rubl olduğu nəzərə alınsa, yetərincə böyük məbləğ oğurlanmışdı.

Dekabrın 16-da fantomaslar əmanət kassasının yanında inkassatorlara hücum etdilər. İnkassatorlar müqavimət göstərdilər, nəticədə onlardan biri öldürüldü, Qorşkov isə iki yerindən yaralandı. Elə inkassatorların maşını ilə cinayət yerindən uzaqlaşan dəstənin qazancı 20 min rubl oldu. Bu hadisədən sonra Vyaçeslav Tolstopyatov Qorşkovu “güllətutan” adlandırdı.

 

***

Dəstəni tutmaq üçün hətta Moskvadan da kriminalistlər ezam olunsa da, nəticə yox idi. Bunun əsas səbəbi o idi ki, fantomaslar yeni üsullarla cinayət törədir, milis isə onları köhnə üsullarla tutmağa çalışırdı. Nəticədə ziddiyyətli şahid ifadələrindən, heç yerdə rast gəlinməyən silah təsvirlərindən və güllələrdən başqa dəlil-sübut toplaya bilmirdilər.

Bundan əlavə, dəstə üzvləri də ağıllı davranırdılar. “Zampolit” (hərbi və hərbiləşdirilmiş hissələrdə komandirin siyasi məsələlər üzrə müavini) adlandırdıqları böyük Tolstopyatov onlara dəfələrlə xəbərdarlıq edirdi ki, özlərini sakit aparsınlar, heç yerdə bədxərclik etməsinlər, diqqət çəkəcək bahalı şeylər almasınlar. Onlar, aralarında milis agenturasının olduğuna şübhə etmədikləri cinayətkar aləmlə də əlaqə saxlamır, ümumi kassaya – “obşak”a – ödəniş etmirdilər.

 

Doğrudan da bütün sahə müvəkkillərinə avtomobil və başqa bahalı şeylər alan adamlar haqda məlumat vermək tapşırılmışdı. Restoranlarda və başqa ictimai-iaşə müəssisələrində işləyən agentlər bədxərclik edən müştərilərə göz qoyurdular. Cinayətkar aləmdəki agenturadan da informasiya istənilirdi, amma heç bir ipucu yox idi.

Əvəzində fantomaslar informasiya sarıdan korluq çəkmirdilər. Qanunpərəst vətəndaş kimi tanınan müharibə veteranı Vladimir Tolstopyatov ştatdankənar köməkçi kimi tez-tez milis şöbəsində olurdu. Bu, ona müəyyən informasiya toplamaq imkanı verirdi.

Daha ətraflı və etibarlı informasiya mənbəyi isə qonşuluqda yaşayan sahə müvəkkili idi. Vladimir onu vaxtaşırı yeyib-içməyə dəvət edir və Rostovda hamının maraqlandığı fantomaslar barədə suallar verirdi. Bəzən heç sual verməyə ehtiyac yox idi, sahə müvəkili içəndən sonra özü danışırdı. Belə söhbətlərin birində böyük Tolstopyatov çox mühüm informasiya eşitdi.

 

Milisdə, nəhayət, anlamışdılar ki, amerikansayağı qanqsterlərlə Amerika polisi kimi mübarizə aparmaq lazımdır. Qarət xəbərinə daha operativ reaksiya vermək üçün Rostov şəhəri 20 kvadrata bölündü. Hər kvadratda PMQ (səyyar milis qrupu) – içində iki əməkdaşın olduğu milis maşını keşik çəkirdi. Maşınların bir hissəsi radioəlaqə ilə təchiz edilmişdi ki, bu da bütün SSRİ-də ilk dəfə idi.

Vladimir PMQ-lərin operativliyini yoxlamaq üçün bir neçə dəfə avtomat telefondan milisə zəng edərək müxtəlif ərazilərdə qarət baş verdiyini söylədi və vaxtı təsbit etdi. Aydın oldu ki, səyyar qrup hadisə yerinə 7-10 dəqiqəyə gəlir. Vladimir müşahidələrini ortaqları ilə bölüşdü və bildirdi ki, bundan sonra qarətləri maksimum cəld həyata keçirməlidirlər. Dəstə PMQ-lər yaranandan sonra da bir neçə qarət həyata keçirdi. Ümumən onlar 1973-cü ilin yayına qədər 14 uğurlu aksiya keçirmiş və 150 min rubl qarət etmişdilər.

 

***

Rostov fantomaslarının son hədəfi “Yujqiprovodxoz” elmi-tədqiqat institutu idi. Müəssisənin dörd min işçisi olduğunu öyrənən Vyaçeslav Tolstopyatov hesabladı ki, buradan altı rəqəmli məbləğdə pul apara bilərlər. Dəstə üzvləri üç ay müşahidə apardılar. Kassanın yerini, ora aparan dəhlizi müəyyənləşdirdilər. Ayda iki dəfə – 7-də və 22-də pul verildiyini öyrəndilər, pulun gətirilməsinə göz qoydular.

İyunun 7-də Samosyuk və Qorşkov institutun içində kassiri gözləyirdilər. Onun gəldiyini görəndə başlarına corab keçirdilər və hücum çəkib pul torbasını aldılar. Artıq kassanın yanında növbə tutan bir neçə işçi silahı görüb müdaxilə etmədilər. Amma quldurlar uzaqlaşanda qışqırmağa başladılar.

 

Yaxınlıqdakı ərzaq mağazasının fəhləsi Vladimir Martovitski səs-küyü eşidib iki quldurun qarşısını kəsdi. Çöldə ortaqlarını gözləyən Vyaçeslav Tolstopyatov atəş açıb 27 yaşlı gənci öldürdü. Amma problem bununla bitmədi.

Atəş səsini ətrafdakı səyyar milis qrupunun üzvləri eşitdilər. Kiçik serjant Aleksey Rusov özünü daha tez çatdırdı və quldurlarla atışmağa başladı. Fantomasların silahları bir sıra unikal xüsusiyyətlərə və misilsiz zərbə gücünə malik olsalar da, dəqiq atəşlə seçilmirdilər və yalnız yaxından atəş üçün yararlı idilər.

 

Rusov isə yaxşı atıcı idi. O, Samosyuku və Qorşkovu yaralaya bildi. Vyaçeslav yoldan keçən “Moskviç-402” avtomobilini saxladı və ortaqlarını da oturdaraq sükan arxasına keçdi. Öz avtomobilləri bir qədər uzaqda olan Rusov da xoşbəxtlikdən nəqliyyat tapdı: yanğından mühafizə xidmətinin “QAZ-69” maşını. Hadisə yerinə bir qədər gec gələn PMQ ortağı leytenant Yevgeni Kubışta başqa maşın saxlamalı oldu.

Quldurları yaxalamaqda milislərə təsadüf də kömək etdi. Sürətlə uzaqlaşmağa çalışan kiçik Tolstopyatov maşınını “QAZ-21” markalı taksiyə sürtdü. Taksi sürücüsü günahkarı saxlamaq üçün ardınca sürdü və tezliklə çataraq səkiyə tərəf sıxdı. Altı bordürə dəyən “Moskviç” dayandı. Tolstopyatov və Qorşkovun düşüb qaçmaq cəhdinin qarşısı alındı. Maşına yaxınlaşan milislər Sergey Samosyukun aldığı yaradan öldüyünü gördülər. Yanındakı torbalarda 125 min rubl vardı.

 

***

Dəstənin istintaqı 10 ay çəkdi. Məhkəmə 1974-cü ilin aprelində başladı. Müttəhimlər kürsüsündə Tolstopyatovlar və Qorşkovdan savayı daha 8 nəfər oturmuşdu. Onlar müxtəlif yardımçı əməllərdə günahlandırılırdılar.

Məhkəmə iyulun 1-də çıxardığı hökmlə Vladimir Pavloviç Tolstopyatovu, Vyaçeslav Pavloviç Tolstopyatovu və Vladimir Nikolayeviç Qorşkovu edam cəzasına, digərlərini müddətli həbsə məhkum etdi. Kasassiya şikayətləri və əfv xahişləri rədd ediləndən sonra hökm 1975-ci il martın 6-da yerinə yetirildi.

 

Aleksey Rusovu SSRİ daxili işlər naziri Nikolay Şelokov şəxsən qəbul etdi. Nazir kiçik serjanta birbaşa leytenant zabit rütbəsi verilməsi haqda sərəncam imzaladı, ona həm də pul mükafatı və “Spidola” radioqəbuledicisi verildi. Rusov 1986-cı ilin aprelində Kiyevdə təkmilləşdirmə kursunda ikən Çernobıl qəzasının nəticələrini aradan qaldırılması işlərinə cəlb olundu. Burada radiasiyaya məruz qalan zabitin səhhəti korlandı və o, 2000-ci ildə 48 yaşında vəfat etdi.

 

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər