• 23 Noyabr 2024 05:32

Ukraynada Rusiyanın mümkün nüvə hücumuna qarşı əhaliyə YOD HƏBLƏRİ paylanır

Ukraynada Rusiyanın mümkün nüvə hücumuna qarşı əhaliyə YOD HƏBLƏRİ paylanır

Ukraynada Rusiyanın mümkün nüvə hücumuna qarşı əhaliyə YOD HƏBLƏRİ paylanır

Rusiya prezidenti Vladimir Putinin nüvə hədəsindən sonra Ukrayna hakimiyyəti nüvə fəlakətinə hazırlıq məqsədilə xalqa yod həbləri paylamağa başlayıb. Kalium yod həblərinin nüvə radiasiyasına məruz qalmadan dərhal əvvəl və ya dərhal sonra qəbul edildiyi təqdirdə, tiroid bezi tərəfindən zərərli radiasiyanın udulmasının qarşısını almağa kömək etdiyi deyilir.

 

Bu tendensiya digər ölkələrdə, o cümlədən Azərbaycanda da qismən panikaya səbəb olub. Apteklərdə yodlara tələbatda artım müşahidə edilir.

 

Yod və ya dərman preparatları radioaktiv şüalanmadan qoruya bilərmi?

 

Tacxeber.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən tibb elmləri doktoru, professor Musa Qəniyev deyib ki, insanı şüalanmadan müəyyən faiz nisbətində qoruyan maddə yod deyil, radioprotektorlardır:

“Bu qrupa xüsusilə “Meksamin”, “Sistamin”, “Qammafos tiazol”, “B-190” (İndralin) və s. kimi preparatlar aiddir. Hazırda istifadə sahələri əsasən onkologiya praktikasıdır. Onlar həmçinin, radioaktiv fəlakətlər zamanı, profilaktik işlər aparan şəxslərə həmin mühitə düşməmişdən öncə də təyin edilir. Yəni nüvə fəlakəti baş verdikdən sonra, onların qəbulu əməli əhəmiyyət kəsb etmir. Odur ki, bu preparatları ümumiyyətlə axtarmaq lazım deyil. Yod preparatları, xüsusən hazırda insanları daha çox maraqlandıran kalium yodid, vitamir, eləcə də yodobalans, yodomarin kimi alman preparatları radiasiyaya təsir etmir, yalnız qalxanabənzər vəzdə yodun radioaktiv-131 izotopunun toplanmasının qarşısını alır. Çünki yod qalxanabənzər vəzin follikullarının giriş qapısını blokada edərək, radioaktiv yod izomerinin vəzdə toplanması və vəz funksiyasının supressiv hala düşməsini önləyir”.

 

Mütəxəssis qeyd edib ki, nüvə silahından istifadə zamanı radioaktiv yod ayrılan öldürücü, silsilə izotoplardan yalnız biridir və yarımparçalanma dövrü cəmi 8 gündür:

 

“Radioaktiv yoddan daha aktiv olan stronsium, sezium-137 və çoxsaylı digər izotoplardır ki, onlardan təkcə sezium-137-nin yarımparçalanma dövrü düz 30 ildir. Digər tərəfdən, radioaktiv yod izomeri əsasən atom elektrik stansiyalarında partlayışlar olan zamanı atmosferə atılır. Müasir taktiki nüvə silahları radioaktiv yod izotopu saxlamır. Belə olduqda, kiminsə təbliğatına inanıb yod və yod preparatlarını alaraq evə yığmağın, stress, ruhu sarsıntı, depressiya və xəstəliyə düşməyin mənası yoxdur”.

Tacxeber.az

Oxşar xəbərlər