İranda məhbuslar da qiyama qalxdı, həbsxana yandırıldı
İranda vəziyyət getdikcə gərginləşir. Paytaxt Tehranda və digər iri şəhərlərdə etirazlara qalxan əhaliyə qarşı odlu silahlardan istifadə edilir.
Musavat.com bildirir ki, sosial şəbəkələrdə yayılan məlumatlarda minlərlə məhbusun saxlanıldığı Evin zindanında güclü yanğın başlayıb. Bəzi mənbələr zindandakı ağır vəziyyətdən bezən məhbusların üsyana qalxdığı və həbsxana əməkdaşlarının zindana od vurduğu iddia olunur.
Hazırda ərazidə atışma və partlayış səslərinin eşidildiyi bildirilir. İran rejimi internetə çıxışı əngəlləsə də, bəzi paylaşımlarda dəhşətli vəziyyətin hökm sürdüyünü təsdiqləyən kadrlara rast gəlmək olur.
Gunaz.TV xəbər verir ki, zindanın 7-ci bölməsində başlayan yanğın qısa müddətdə başqa bölmələrə yayılıb. Eyni zamanda hərbçilərin gözətçi qüllələrindən qaçdıqları bildirilir. Güneydəki milli fəalların verdiyi məlumata görə, məhkumların ailələri zindana doğru getməkdədirlər, onlar Evinə doğru çox sayda xüsusi təyinatlı qüvvə və hərbçilərdən ibarət maşın karvanının etdiyini, övladlarının öldürüləcəyindən qorxduqlarını deyirlər.
Zindana yaxın binalarda yaşayan vətəndaşlar balkonlara çıxıv bə “ölüm olsun diktatora”, “ölüm olsun Xameneyiyə” şüarları səsləndirirlər. Hökumətin rəsmi mediasının verdiyi məlumatda isə həbsxanada üsyan baş verdiyi və üsyançıların yanğın törətdikləri iddia edilir. “İrna” xəbər agentliyi vəziyyətin nəzarət altına alındığını bildirsə də, müstəqil media fəalları zindan içərisindən hələdə atəş səsləri eşidildiyini deyir, çox sayda siyasi məhbusun və son aksiyalarda saxlanılan etirazçının hökumət məmurları tərəfindən öldürüləcəyindən nigəran olduqlarını qeyd edirlər.
Qeyd edək ki, bir çox azərbaycanlı fəallar Evin zindanında saxlanılır. Odur ki, onların aradan götürülməsi planı da qurula bilər.