Daşkəsəndə qızıl tapmaq məqsədilə tarixi abidəni sökmək istəyən şəxslər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov məlumat verib. Onun sözlərinə görə, Daşkəsən rayon Polis Şöbəsinə rayonun Aran Zəylik kəndi ərazisində yerləşən 7-9-cu əsrlərdə inşa olunan Alban Məbədində bir neçə şəxsin qanunsuz olaraq qızıl axtarması və məbədə ziyan vurulması ilə bağlı məlumat daxil olub:
“Polis əməkdaşları dərhal həmin əraziyə gələrək təxrəsalınmaz tədbirlər keçirib. Araşdırmalar zamanı məlum olub ki, Sumqayıt şəhər sakinləri Namiq Əliyev, Əliağa Əhmədov, Şirvan şəhər sakini Eynur Səmədov, Bakı şəhər sakini Ülfət Niftalıyev və Quba rayon sakini Taleh Şirinov qabaqcadan planlaşdıraraq sözügedən əraziyə gəlib. Müxtəlif elektrik avadanlıqları və alətlərin köməyi ilə məbədin ərazisində qızıl axtarışlarına başlayıblar.
Həmin şəxslər maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir”. (Lent.az)