• 23 Noyabr 2024 03:35

Gözəgörünməz sayt idarəçiləri….- Rəşad Məciddən daha bir sərt açıqlama

Mətbuat Şurasının sədri Rəşad Məcid ötən gün Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında baş verən qalmaqalla bağlı daha bir açıqlama yayıb.

Sədr vurğulayıb ki, mətbuatın saflaşmasına ciddi ehtiyac var:

“Yazıçılar Birliyinin qurultayında bəzi “jurnalistlərin” hərəkətlərini görəndən sonra bir daha əmin oldum ki, mətbuatımızın saflaşmasına ciddi ehtiyac var.

Heç bir ədəb-ərkan gözləmədən, bütün etik qaydaları tapdalayaraq yaşlı yazıçılarla, alimlərlə kobud davranan, mikrofonu müsahibinin ağzına dürtən, əndazə gözləmədən, qarışıqlıqdan və tünlükdən faydalanıb, müsahibini hövsələdən çıxarıb zorla istədiyi cavabı qoparmağa çalışan, qalmaqal təşnəsi bu “jurnalistlər”in hərəkətinə heyrətlənməmək mümkünsüz idi.

Bəzi özünü media adlandıran, “gözəgörünməz” sayt idarəçilərinin “sensasiya” yaratmaq naminə gəncləri əllərində oyuncağa-robota çevirməsini müşahidə eləmək də məyusluq doğururdu.

Amma orda kübar, özünü-sözünü bilən, müsahibə almaq üçün icazə istəyən, sərt sualları da mədəni şəkildə ünvanlayan peşəkarlar da vardı. Jurnalistikamız belə peşəkarlara söykənib inkişaf edə bilər.

“Babam mənə kor deyib, gəlib gedəni vur deyib” əxlaqını peşə prinsipi kimi qəbul edənlərlə yalnız xaosa yuvarlanmaq olar. İctimaiyyətin qınağı, peşəkar jurnalistlərin dəstəyi və “Media haqqında” qanunun tələbləriylə bu qarışıqlığa son qoyulmasının mümkün olacağına inanıram”.

Xatırladaq ki, ötən gün qurultayda BakuTV-nin əməkdaşı Xalq yazışısı Çingiz Abdullayevə “Burada 200-300 minlik bir şey varmı ? ” sualını ünvanlıayıb. Yazıçı isə jurnalistə təhqirlə cavab verib.

Eyni zamanda, yenidən AYB-nin sədri seçilən Xalq yazıçısı Anar Rzayevin mətbuatla bağlı sözləri qalmaqal yaradıb. 

84 yaşlı yazıçı mətbuatı “zəhərli” adlandırıb.

Məsələ ilə bağlı Bakupost.az-a açıqlama verən R. Məcid  “Bu, jurnalistika deyil, tərbiyəsizlikdir”, – deyə bildirib:

“Jurnalist sualı ittiham kimi verəndə elə də cavab almalı idi. Sakit vaxt olan kimi orda xırda mikrofonu yazıçının, alimin ağzına soxan “jurnalistlər”ə münasibətimi bildirəcəm. Bu, jurnalistika deyil, tərbiyəsizlikdir”. (Bakupost.az)

Elnur

Tacxeber.com

Oxşar xəbərlər