• 23 Noyabr 2024 09:08

İranın dron mühəndisləri öldürüləcəklər, İsrail ABŞ-yə “aysberqin görünməyən hissəsi”ni verəcək – TƏHLİL +FOTO

Qərb Rusiyanı kamikadze dronlarla təchiz edən İrana barmaq silkələməkdə davam edir. Hərçənd ki, Tehran beynəlxalq ictimaiyyəti yayılan məlumatların həqiqi olmadığına inandırmağa çalışır.

Bununla belə, çoxsaylı dəlillər, o cümlədən Ukrayna səmalarında vurulan İran dronlarının şəkilləri də ortaya qoyulur, bundan sonra Tehranın Moskvanı başqa silahlarla da təmin edəcəyinə inam artır.

Ukraynanın mülki və hərbi infrastrukturlarını təhdid edən İran dronları İsrailin narahatlıqlarına səbəb olub, Təl-Əvivin duruşu elə tarazlaşdırılıb ki, o həm Rusiyaya qarşı cəbhədə dayanmasın, həm də Tehranı Ukraynadakı oyun qaydalarında zərərsizləşdirsin.

Prinsipcə, Rusiyanı İsrail-İran münasibətinin ruhu incitmir, yəni Təl-Əvivin Tehranı cəzalandırmaq metodları Moskvanı narahat etmir.

Rusiya üçün indi silah cəbbəxanasını Ukraynaya qarşı genişləndirmək ən böyük məqsəddir, İran isə burada bir vasitədir və Tehranın silahlara görə Qərb tərəfindən müttəhim kürsüsünə əyləşdirilməsi Moskvanı məyus etməyəcək.

Həm daxildəki iğtişaşlar, həm də xarici təzyiqlər səbəbindən böyük iztirab və ağrılar içərisində qıvrılan İran kəşfiyyat səhnəsində də İsrailə uduzmaqda davam edəcək.

Bu anonsu İsrail Prezidenti İsxak Hersoqa nüfuzlu analitik mərkəz olan “Atlantik Şurası”nda verilən suallara cavablardan çıxarırıq.

İsrail İranla kəşfiyyat müharibəsini davamlı təşəbbüslərə çevirəcək, Ukrayna teatrı isə bunun üçün münbit coğrafiyadır.

Açığı, İranın kamikadze dronlarını hansı texnologiya əsasında hazırladığı da bəlli deyil, versiya kimi deyə biləcəyimiz məqam isə budur ki, Tehran İsrailin Suriyada vurulan zərbə dronlarının qalıqlarını analiz edərək ortaya hibrid məhsul qoymağa çalışıb.

Bu, sadəcə, mühakimədir, lakin proqnozlaşdırma meyarlarını əvvəldə olan hadisələr əsasında inkişaf etdirsək, düşünə bilərik ki, İsrail İranın dronları ərsəyə gətirən mühəndislərini aradan götürmək işinə girişəcək.

Hersoq Ukraynadakı İran elementli oyunların araşdırılmasında İsrailin Kiyevə yardım edəcəyini deyib, lakin o, yenə də Ukraynanı silahla təmin etməyəcək.

İsrail indi vurulan İran dronlarını tədqiq edir və bunun texnologiyasının qarşısını almaqdan ötrü əldən-ayaqdan gedir.

Hersoqun əlinə yeni fürsətlər düşüb, o, ABŞ-ni İranla nüvə sazişi bağlamamağa inandırmaq üçün İsrailin kəşfiyyat məlumatlarını təqdim edəcək.

Onun açıqlamasından başa düşə biləcəyimiz nöqtə budur:

İsrail İranın Ukraynadakı müharibədə iştirakının Tehranın daha böyük məqsədlər zəncirinin təzahürləri olduğuna dair bilgilərə sahibdir.

Yəqin, buna görədir ki, Hersoq ABŞ rəsmilərinə təqdim etməyə planlaşdırdığı dəlillər haqqında danışarkən “bu, bir çox kəşfiyyat məlumatının yalnız görünən hissəsidir” deyib. (Oxu.az)

Aqşin Kərimov

Tacxeber.az

Oxşar xəbərlər