• 23 Noyabr 2024 05:35

bəşəriyyətin nüvə müharibəsinə ən yaxın olduğu gün

60 il əvvəl, 1962-ci il oktyabrın 27-də, “qara şənbə” adını alan gün bəşəriyyətin nüvə müharibəsinə ən yaxın olduğu gün sayılır.

1962-ci ilin iyulunda sovet rəhbərliyi “Anadır” əməliyyatına – Kubaya sovet qoşunlarının və raketlərinin göndərilməsinə başladı. Əməliyyatın məxfi saxlanılması üçün fövqəladə tədbirlər görülmüşdü. Amma onlarla gəminin Kuba limanlarına yan almasını NATO kəşfiyyatından gizlətmək ağlabatan deyildi. Oktyabrın 14-ə qədər adaya 40 ballistik raket gətirildi.

Elə həmin gün Kuba üzərindən uçan U-2 kəşfiyyat təyyarəsinin çəkdiyi şəkilləri təhlil edən CİA analitikləri Kubada P-12 raketlərinin olduğunu müəyyənləşdirdi. Oktyabrın 16-da şəkillər prezident Kennediyə göstərildi və bununla Karib böhranı başladı. Bir çoxları prezidentə Kubaya təcavüz etməyi məsləhət görürdülər. ABŞ konqresi hələ sentyabrın 27-də Kennediyə belə bir səlahiyyət vermişdi. Amma prezident daha təmkinli davranmağa üstünlük verdi. Oktyabrın 20-də Kubanın hərbi-dəniz blokadasına alınması barədə qərar qəbul olundu.

Sonrakı bir həftə ərzində gərginlik artmaqda davam etdi və oktyabrın 27-də kulminasiya nöqtəsinə çatdı. Həmin gün Kubadakı sovet qoşunları ada üzərindən uçan U-2 təyyarəsini vurdular, pilot həlak oldu. Nəhayət oktyabrın 28-ə keçən gecə Xruşşov geri çəkildi. Əldə olunan razılığa görə, SSRİ Kubadan, ABŞ isə Türkiyədən raketləri (15 ədəd Yupiter) çıxarır, üstəlik Ağ ev Kubaya hücum etməyəcəyinə təminat verirdi.

Noyabrın əvvəllərində raketlər yenidən gəmilərə yükləndi, ABŞ gəmilərinin və təyyarələrinin müşayiəti ilə Kubanı tərk etdi. Noyabrın 20-də blokada qaldırıldı.

Karib böhranı sovet rəhbərliyində Xruşşovdan narazılığın artmasının və onun iki il sonra devrilməsinin səbəblərindən biri olaraq göstərilir.

Yadigar Sadıqlı

Tacxeber.com

 

Oxşar xəbərlər