• 23 Noyabr 2024 05:34

Onları bir də bu cür görə biləcəksinizmi?

Elə toplantılar, iclaslar var ki, vaxt itkisidir. Az qala bütün dünya onlayn rejimə keçir. Getməməyə cəhd edirəm. AYB-nin qurultayına dəvət ediləndə isə çox sevindim və düşündüm ki, mütləq iştirak etməliyəm.

Yağış yağırdı, işlərim vardı, amma qurultaya həvəslə getdim. Bilirsiz niyə? O insanlar ki, Azdramda Rəyasətdə əyləşmişdilər, onlar canlı tarixdirlər; üzü qüruba gedən tarix. Zalda əyləşənlərin də bir çoxu. Əslində səhnədəkilərin də, zaldakıların da hər gün bir az vaxtı daralır. Hamımızın. Allah uzun-uzun ömürlər versin! Amma… Bu dəyərli, son dərəcə qiymətli insanları bir arada bir də görə biləcəyikmi?

Mən o insanlara çox gözəl bir film izləyirmiş kimi baxmağa getdim və elə baxdım. Keçmişimi, ən çox da uşaqlığımın, gəncliyimin fraqmentlərini gördüm, unutduqlarımı xatırladım. Vaxtilə əzbər bildiyim, sonra fərqində olmadan yaddan çıxardığım mətnləri yada saldım. Heç vaxt sönməyən işıqlar yenidən gözümün önünə gəldi… Onlar danışdılar, mən dinlədim, ürəkləndim və gülümsədim. Onların səslərini, sözlərini yaddaşıma, qəlbimə, gözümə hopdurmaq niyyətilə var gücümü toplayaraq diqqətlə dinlədim. Onlar axı bizim sevimli yazıçılarımızdır; onlar bizim gizli və açıq dünyamız, ədəbiyyatımız, kitabımızdırlar. Onlar bizim həm birlikdə, həm də ayrı-ayrılıqda Azərbaycanımız, Vətənimizdirlər. Onlar bizi böyüdüblər. Günəşi göstəriblər. Elə əsərləri var ki, çoxumuzdan yaşca böyükdürlər. O əsərlər, o obrazlar bizə dost, sirdaş, müəllim, tərbiyəçi olublar. Həyatı kitab qədər nə öyrədə bilər insana?!

Biz bizə doğma olan hər şeyi kitabdan tanımışıq. Sevməyi kitabdan öyrənmişik. Azadlığa canatımı öyrənmişik. Özünü, özünün olanı qorumağı, sahiblənməyi kitab öyrədib. Öyrənməyi də kitab öyrədib, yaşamağı da.

Riyaziyyat bütün elmlərin atası sayılır. Ancaq ədəbiyyatdakı alqoritmlər gözlə görünməsə, barmaqla sayılmasa belə daha mürəkkəbdir, işarələr daha qəliz, eyni zamanda, daha sadə, daha aydın, daha durudur. Mətn möcüzədir, Tanrının möcüzəsi… Gözəl mətn qədər, şeir qədər, söz qədər heyrətləndirən nə var, daha nə var?! Bəzən beş-altı cümləlik mətndə nə hikmətlər görürsən, energetikası, mistikası kainat boyda… Və o energetikanı, o mistikanı mətnə çevirən, ədəbiyyata, kitaba köçürən insanlar əvəzsizdirlər, yerlərini yalnız özləri doldura bilirlər, təkrarsızdırlar.

İllərdir ikinci bir Anar, ikinci bir Elçin, ikinci bir Sabir yetişmir bu ölkədə. Yeni mətnlər yazılır, əlbəttə, ədəbiyyat yaranır. Ancaq Anar yazan kimi yox! Elçin yazan kimi yenə də yalnız Elçin özü yaza bilir. Sanki hərəsi bir ulduzdur bu ucsuz-bucaqsız qalaktikada. Sayrışa bilərlər, amma qeyb ola bilməzlər…

Yazıçıların hamısını bir yerə toplayan qurultayla bağlı söz-söhbətin davam etdiyi bu günlərdə mənə elə gəldi ki, biz bu hadisədə, məhz hadisədə bir vacib məqamı önəmsizcə unuduruq: o məqam o insanların bir araya gəlməsidir və bu, sözün əsl mənasında, hadisədir. Yerdə qalanlarsa təfərrüatdı və xırdalıqları yaddan çıxarmaq lazımdır.

Vəssalam!

Mən çox xoşbəxtəm ki, bu qədər qiymətli və doğma insanları bir yerdə, bir arada görmək, gözlərimə, ürəyimə, ruhuma toplamaq imkanım oldu…

Tacxeber.com

Oxşar xəbərlər