“Xankəndidəki etiraz aksiyasının mahiyyəti ondan ibarətdir ki, onlar Rusiya prezidentinin təşəbbüsü ilə Soçidə Azərbaycan və Ermənistan liderləri arasında keçiriləcək görüşün nəticələrinə indidən kölgə salmaq istəyirlər. Onlar açıq şəkildə bəyan edirlər ki, Paşinyanın iştirak etdiyi görüşlərdə Ermənistan əleyhinə qərarlar və qətnamələr qəbul edilir”.
Bunu Musavat.com-a millət vəkili Elman Nəsirov deyib. Deputat bildirib ki, onlar görüşün nəticələrinə indidən kölgə salmaq, ona təsir göstərmək və nəticələrin Ermənistanın xeyrinə dəyişdirilməsinə nail olmaq istəyirlər:
“Əsas iddiaları da ondan ibarətdir ki, Qarabağda yaşayan ermənilər özlərini Azərbaycanın tərkib hissəsi kimi görmək istəmirlər. Qarabağda yaşayan erməniləri belə bir etiraz aksiyasına qaldıran Ermənistan iqtidarı və Qarabağdakı separatçı rejimin tör-töküntüləridir.
Onlar bu yolla çalışırlar ki, sülh tənzimlənməsi prosesinə mane olsunlar. Bu yolla çalışırlar ki, Azərbaycanın müəllifi olduğu 5 baza prinsipinin reallaşmasının qarşısını alsınlar, Qarabağın Azərbaycanın tərkib hissəsi olması ilə bağlı həm də beynəlxalq birliyin yekdil mövqeyinə qarşı çıxsınlar. Bu, qəbuledilməzdir. Bu, erməni xülyasıdır. Bunu yalnız yuxularında görə bilərlər.
Azərbaycanın prinsipial mövqeyi var. O da ondan ibarətdir ki, Qarabağ Azərbaycan ərazisidir, beynəlxalq hüquq məhz belə tanıyıb. Biz Qarabağı erməni işğalından döyüşlə, qanla azad etmişik. Bu gün separatçı rejimin tör-töküntülərinin bu iddiasının heç bir əsası yoxdur. Əksinə, onlar bu iddiaları ilə nəticə etibarilə öz gələcəklərini də böyük sual altına qoyurlar. Çünki Azərbaycan Prezidenti cənab İlham Əliyev söyləyib ki, Qarabağda yaşayan erməni əhalisi Azərbaycan vətəndaşlarıdır. Onlar digər Azərbaycan vətəndaşları kimi eyni hüquq, vəzifələr daşıyacaqlar və heç bir etnosun əlahiddə üstünlükləri ola bilməz. Hamı qanun qarşısında bərabərdir.
Erməni əhalisi və Azərbaycan vətəndaşı olan insanlar üçün də bütün hüquqi təminatlar yaradılacaq. Buna baxmayaraq, erməni tərəfi çalışır ki, bu cür yolla qarşıdakı danışıqlar prosesinin nəticələrinə təsir göstərsin. Bir daha vurğulayıram, bunlar qeyri-mümkündür, Azərbaycan qalib dövlətdir. Şərtləri biz diktə edirik.
Azərbaycan eyni zamanda ona görə unikal dövlətdir ki, məğlub etdiyi ölkəyə əməkdaşlıq əlini uzadıb. Azərbaycan regionda davamlı, uzunmüddətli sülhün formalaşması üçün əlindən gələni əsirgəmir. Biz bu siyasətə sadiqik. Amma terrorçu rejimin və onun tör-töküntülərinin bu davranışı onların özü üçün çox ciddi problemlər yarada bilər və hesab edirəm ki, bu, ağılsızlıqdır, siyasi dəlilikdir və onun ağır fəsadlarını yaşaya bilərlər”.