• 22 Noyabr 2024 12:04

Xankəndindəki mitinqə başqa cür cavab verəcəyik – Aqil Abbas

Xankəndində ermənilərin “40 minlik mitinqi”nin bəzi detalları məlum olub. İddialara görə, Moskvadan Xankəndinə qaçıb gəlmiş və burada “dövlət naziri” postu ilə “mükafatlandırılmış” erməni milyarder Ruben Vardanyan etirazçılara pul paylayıb. “Etirazçıların” sayının çox görünməsi üçün Xankəndindən kənarda yaşayanların da mitinqə qatılması məqsədilə onlara 8 litr benzin hədiyyə olunub. Üstəlik, onlara “etiraz səsini” qaldırmaları üçün 50 dollar “mükafat” verilib. Ən azından iddialar bu yöndədir.

Bəs milyarder Ruben Vardanyanın Soçi görüşü öncəsi bu canfəşanlığı nəyi dəyişəcək? Bu “mitinq oyunu”nda başqa kimlərin barmağı və marağrı var?

Millət vəkili Aqil Abbas Publika.az-a açıqlamasında bildirib ki, erməni milyarderin pul paylayıb meydana adam yığmaq cəhdi elə də qorxulu deyil:

“Vardanyanın bu cür addımları heç nəyi dəyişməyəcək. Bu gün Soçidə görüş var. Görək orada nə söhbət olacaq, bundan sonra məsələ aydınlaşacaq. Üstəlik, Xankəndinə İrəvandan, digər yerlərdən də adam yığıb gətiriblər. Bunlar say artırmaq üçün atılan addımlardır. Mitinq edərlər, cavablarını da alarlar. Amma biz mitinq etməyəcəyik, başqa cür cavab verəcəyik. Ermənilərin Xankəndində mitinq təşkil eləmələrində rusların da əli var. Görünür, hansısa məqsədi güdürlər. Amma mən bu cür “mitinqlər”in təşkilinə qorxulu bir şey kimi baxmıram. Əsas məsələ odur ki, mitinqə gələnlər gecə harada yatıblar, quru torpağın üstündə?! Çünki Xankəndində o boyda adamı yerləşdirmək, “qonaq” qəbul etmək üçün imkan yoxdur. Vardanyanı da nə vaxtsa tutub gətirmək mümkün olacaq. Hələ ki, onu tutmaq bir az müşküldür. Çünki o, Xankəndində, İrəvanda, Moskvada oturur. Bunu necə tutasan?! Araikin də həbsi üçün cinayət işi qaldırmışıq, tuta bilməmişik. Azərbaycan sərhədlərini qeyri-qanuni yolla keçdiyinə görə, İnterpol onu tutub bizə verəsi deyil”.

Tacxeber.com

Oxşar xəbərlər