• 23 Noyabr 2024 03:57

Xalq artisti nazirlikdəki həbslər haqda: “DTX axtarsa, çox zibillər ortaya çıxacaq”

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib.

Yayılan məlumata görə, əməliyyat nəticəsində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev də saxlanılıb.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti, tanınmış rejissor Şeyx Əbdül Mahmudbəyov dəfələrlə Mədəniyyət Nazirliyinin tənqid olunduğunu, amma bundan nəticə çıxarmadıqlarını bildirib:

“Mən bütün müsahibələrimdə Mədəniyyət Nazirliyinə qarşı mənfi münasibətimi ortaya qoymuşam. Həmişə demişəm ki, o nazirliyin bizim kino tariximizə, kino mədəniyyətimizə heç bir aidiyyatı yoxdur. Çünki kino tamamilə fərqli sənayedir, dünya mədəniyyətidir, biznesdir, siyasət və ideologiyadır. Bunu bilməyən adamlar o nazirlikdə necə işləyə bilərlər? Kino heç vaxt Mədəniyyət Nazirliyinin yedəyində getməyib, ayrıca dövlət təşkilatı olub. Bunu hər zaman demişəm, doğrunu dediyim üçün daha məni tədbirlərə də dəvət etmirlər, canları sağ olsun. İndi də nəticəni özünüz görürsünüz”.

Rejissor ölkə başçısının kinonun inkişafı üçün ayırdığı vəsaitin aidiyyəti üzrə xərclənmədiyini iddia edib:

“Prezident hər il 6 milyon manat pul ayırır ki, milli kinomuz yaşasın. O pul gəlib Kinostudiyaya çıxmır. Mən bu barədə Maliyyə Nazirliyinə də müraciət etmişdim ki, ayrılan pul gəlib Kinostudiyaya çatmır, pullar hara gedir, niyə maraqlanmırsınız? Cənab nazirdən xahiş etdim ki, göndərdikləri pulun üstündə nəzarətçi qoysunlar, baxsınlar görək ayrılan pul aidiyyatı üzrə xərclənir, ya yox.

Belə şeylərə görə mənim Mədəniyyət Nazirliyi ilə daha əlaqəm yoxdur. Mədəniyyət Naziri Anar müəllim həmin posta təyin olunanda 3 dəfə rəsmi mətbuatla ona müraciət etdim. Dedim ki, xoş gəlmisən, 3-4 nəfər sağ qalan kino xadimlərini çağır, görüş, məsləhətləşək, istiqamət verək. Mənə heç cavab da vermədilər. Hələ Dövlət Təhlükəsizliyi Xidməti axtarsa, ortaya çox zibillər çıxar. Mən istəməzdim ki, kononun adını belə bir korrupsioner nazirliyə bağlasınlar.

Mədəniyyət klublarını, musiqi məktəblərini taxta-şalban sexi, mebel mağazası edən nazirliklə kinonun nə işi ola bilər?!

Çox təəssüf edirəm ki, ölkə Prezidenti bu qədər işlər görür, amma dəyirman öz işində, çax-çax baş ağrıdır. Yenə korrupsiya, oğurluq, çapıb-talamaq davam edir. Bax, belə şeylərə görə həmişə deyirəm ki, güllələnmə bərpa olunmalıdır. Bu cür insanlar cəzasını almalıdır, bir mədəniyyət xadimi kimi çox təəssüf edirəm”.

Tacxeber.com

Oxşar xəbərlər