• 23 Noyabr 2024 05:51

Azərbaycanda 30 nəfərdən biri KREDİTİ geri qaytarmır – Problemli kreditlərin taleyi necə olacaq?

Mərkəzi Bankın məlumatına görə, bankların kredit portfeli sentyabr ayında 2,8 faiz (518,5 milyon manat) artaraq 19 milyard 157,2 milyon manat olub. Bankların cəmi kredit portfelində biznes kreditlərinin payı 56,3 faiz (10 milyard 780,9 milyon manat) təşkil edib. Ümumilikdə, cari ilin 9 ayında bankların kredit portfeli 15 faiz və ya 2 milyard 498,1 milyon manat artıb.

Bu məlumatdan görünür ki, ölkənin cəmi kredit portfelində vaxtı keçmiş kreditlərin payı 3,3 faiz təşkil edib.

Qeyd olunan göstərici ilin əvvəlinə nəzərən 0,9 faiz bəndi, ötən ilin müvafiq dövrünə nəzərən isə 2,2 faiz bəndi azalıb.
Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov bildirir ki, problemli kreditlərin həcminin 3,3 faiz səviyyədində olması normal olmaqla yanaşı, idarə olunan haldır:

“Kredit portfelində problemli kreditlərin həcminin 3,3 faiz olması heç də təhlükəli hədd deyil. Bu mövcud kriteriyaya uyğun olaraq minimal hədd hesab olunur. Azərbaycan da dünya ölkələri kimi postpandemiya dövrünü keçib. Bu zaman iqtisadi vəziyyətdən çıxmaq üçün hökumətlər daha çox fiskal və monitar siyasətdən istifadə ediblər. Yəni yardımlar və kredit verilişləri olub.

Bu da öz növbəsində dünyada inflyasiyaya səbəb oldu. Azərbaycana da əsasən idxal inflyasiyası təsir edib. Yəni pandemiya biznes mühitinin zəncirini pozdu, makroiqtisadi səviyyədə disbalans yarandı.
Belə bir mühitdə problemli kreditlərin ümumi kredit portfelində cəmi 3,3 faiz səviyyəsində olması idarə olunan haldır. 3,3 faizlik problemli kreditin içində də 2015-ci ildən yaranan problemli kreditlərin xüsusi çəkisi vardır”. 
Ekspertə görə, problemli kredotlərin həcmi Azərbaycan mühitində ümumi portfelin 10 faizini keçəcəyi təqdirdə təhlükəli hədd yarana bilər:
“Bu hal baş verərsə, deməli kreditlərin geri qaytarılması prosesində ciddi əngəllər var və o zaman prosesə hökumətin müdaxiləsi vacib olacaq”. (Bizim.Media.az)

Tacxeber.com

Oxşar xəbərlər