• 23 Noyabr 2024 05:21

Şeyxin bu sözləri İranda bomba təsiri yaratdı – Kılıç

Türkiyənin Azərbaycandakı keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi və Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri Hulusi Kılıçın Axar.az-a müsahibəsi:

– Hulusi bəy, İranın Ermənistanı öz əyaləti kimi “müdafiə etmək” cəhdləri və Azərbaycanın daxili işlərinə qarışması niyə son vaxtlar bu qədər açıq müstəviyə keçib?

– Rəsmi Bakının uzatdığı əli sıxmayan və neqativ addımlar adam Tehran dövlət başçısı, ən son isə QMİ sədri tərəfindən sərt tənqid olunub. Şeyxülislam Allahşükür Paşazadə verdiyi müsahibədə İran məsələsində məyus olduğunu açıq formada ifadə etdi və “Qardaşım məni Ermənistana satdı” dedi. Bu mesaj İranda bomba təsiri yaratdı. Bu günədək onun İran tərəfdarı olduğu haqqında yanlış fikirlər səsləndirildi. Allahşükür Paşazadəni yaxından tanıyan biri kimi, onun İran ilə münasibətlərdə tarazlaşdırıcı faktor olduğunu dəqiq bilirəm. O, bir azərbaycanlı kimi hər zaman öz dövlətinin və İlham Əliyevin yanında olub. Fikrimcə, Şeyxülislam çox yerində və tam hədəfi vuracaq şəkildə İrana mesaj verdi. Hər kəs bu kritik dövrdə bir olmalı və dəmir yumruğun ətrafında birləşməlidir.

– İranın Azərbaycana yönəlik təhdidləri haqqında nə deyə bilərsiniz?

– İranın Ermənistanla sevgili olmasını heyrətlə qarşılayıram. Ermənistan İranın sevgilisidir, otuz il boyunca ona baxdı, ehtiyaclarını qarşıladı. Biz bunu bilirik, bu sirr deyil. Soçi görüşünün üzərindən 24 saat keçməmiş Paşinyanı Tehranda görməyimizə çox da təəccüblənmədik. Türkiyə və Azərbaycan hər zaman İranı müsəlman ölkə kimi özünə qonşu hesab edib və bu istiqamətdə mehriban qonşuluq münasibətləri qurmaq istəyib. Lakin İranın 30 il boyunca Azərbaycan torpaqlarını işğal edən, məscidlərdə donuz saxlayan Ermənistanla qol-boyun olması normal qarşılana bilməz. Dünya İrana qarşı ikən Türkiyə onun yanında oldu və dürüst davrandı. İran da dürüst olmalıdır. Rəsmi Tehran Bakıya qarşı təhdidlərin birbaşa Ankaraya təhdid olduğunu unutmamalıdır. Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” sözü bizim üçün yol xəritəsidir, əsas istiqamətdir. Bu sözlər boş-boşuna deyilməyib. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə oldu, 1993-cü ildə Ermənistanın işğalına görə sərhədlərini bağladı. 44 günlük müharibədən əvvəl cənab Ərdoğan Azərbaycanın tək olmadığını dəfələrlə vurğuladı. Ötən ilin 15 iyununda isə Şuşa Bəyannaməsi imzalandı və parlamentlərdə təsdiq olundu. İran rəsmiləri Şuşa Bəyannaməsini dərs kitabı kimi, masaüstü kitab kimi çox yaxşı oxumalı və öyrənməlidir. Burada Azərbaycana edilən təcavüzün Türkiyəyə, Türkiyəyə təcavüzün Azərbaycana təcavüz olduğu dəqiq şəkildə ifadə olunub. Ağıllarını başlarına yığsınlar. 85 milyonluq türk xalqı Azərbaycanın yanındadır və bu, dəyişməyəcək. Qafqaz İslam Ordusunu öyrənməli, tarix kitablarını oxumalıdırlar. Tarixi oxumaq onlara gələcəyi yaxşı görməyə kömək edə bilər. İran 2001-ci ilin yayında Türk Şahinlərinin Bakı səmasında niyə uçduğunu bir də xatırlasın. Türkiyə və Azərbaycan sülh tərəfdarıdırlar. Biz bizə aid olanları istəyirik. Azərbaycan da 44 günlük müharibə ilə özünə aid olanı qaytardı. Niyə görə narahat olursunuz? İran istəsə də, istəməsə də bizim qardaşlığımız əbədi olacaq və onun qarşısında heç bir güc dayana bilməyəcək. İran xalqı bizim dostumuzdur, ayrıca orada 35-40 milyon soydaşımız var. İranı idarə edənlər onlara Azərbaycanla bağlı planlarını açıqlasınlar, baxaq görək reaksiyaları necə olacaq? İran bizimlə dost olmalıdır. Bizim dostluğumuz çox qiymətli, düşmənliyimiz də çox ağırdır. Bunu 44 günlük Vətən müharibəsində bütün dünya gördü. Ona görə odla oynama, suyu bulandırma, İran.

Tacxeber.com

Oxşar xəbərlər