• 23 Noyabr 2024 00:58

“Kor deyilik, hamı görür ki, qiymətlər qalxıb” – Xuraman Şuşalı

“Kor deyilik, hamı görür ki, qiymətlər qalxıb” - Xuraman Şuşalı

Dünyada olduğu kimi ölkəmizdə də bahalaşma davam edir. Xüsusən ərzaq məhsullarında hiss edilən artım hər bir vətəndaş kimi sənətçiləri də narahat edir.

Bir neçə gün öncə bahalaşmadan danışan müğənni Akif İslamzadə qiymət artımını insanların israfçılığı ilə əlaqələndirdi.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Xuraman Şuşalı qiymətlərin israfçılığa görə artması fikrinin əleyhinə olduğunu dedi:

“Açığı, bazarlığa mən yox, həyat yoldaşım gedir. Amma bilirəm ki, hər şeyin, hətta çörəyin də qiyməti qalxıb. Allahdan gizlin deyil, bəndədən nə gizlin, kor-kor gör-gördür. Hal-hazırda bahalaşma göz qabağındadır. Mən deməzdim ki, ölkəmizdə israfçılıq var. Yeganə olaraq toylarımızda yeməkdə israfçılıq olur, amma bizdə israfçılıq baş alıb gedir fikri ilə razı deyiləm. Mən qəti şəkildə bu barədə elə fikirləşmirəm. Hamı imkanlı deyil ki, israf da etsin, kasıb adam nəyi israf edəcək?!”

Toy məclislərində bəzən israfçılıq edildiyini bildirən sənətçi bunu insanların “el qınağı”na tuş gəlməmək üçün etdiyini deyib:

“Toylarımızda israfçılıq olduğunu müşahidə edirəm. Menyulara baxanda bunu görmək olur. Dünyanın heç bir yerində bizim toylarımız qədər bol süfrəsi olan məclis yoxdur. Bu da bizim adət-ənənə ilə bağlıdır. Bizim millətin arzusudur ki, övladlarının toyunda zəngin süfrə açsın. Düşünürlər ki, yemək az olsa, camata birdən nə isə deyər. Borc-xərc də olsa, dəbdəbəli süfrə açırlar. Amma ümumilikdə ölkəmizdə israfçılıq yoxdur. Bu gün çörəklərə o qədər maya vurulur ki, çörək bir gün qalan kimi kiflənir. Bizdə də belədir.  Buna görə çox adam çörəyi atmalı olur. Keyfiyyət aşağı düşüb.

Günümüz reallığında hər kəs bahalaşmanı müşahidə edir. Kor deyilik ki, hamı bunu görür. Allah bəndəsinə onsuz da ruzi verir, ac saxlamır. Qiymətlərin qalxmağını da normal hesab edirəm, çünki kənd təsərrüfatı ilə məşğul olan kəndli də qazanmalıdır. Buğda bahadırsa, malın da qiyməti qalxacaq. Bəs kəndli heyvanın yemini necə alsın, nə ilə dolansın? Axı kəndli də qidalanmalıdır. Onlar olmasa biz də təbii qidalana bilmərik. Elə deyirik ucuz versinlər, bəs onlar nə yesin? Axı kəndli də çörək almalıdır. Hər şey bir-biri ilə bağlıdır. Əgər bu gün bunu tənzimləmək istəyiriksə, gərək hamı hər bir məhsulun qiymətini endirsin. Bu zəncirvari bir şeydir, hər şey bir-birinə bağlıdır”.

Tacxeber.com

Oxşar xəbərlər