• 23 Noyabr 2024 04:37

“Təbrizdə Azərbaycan Prezidentinin şəkillərinin yayılması İrana mesaj olmalıdır” – Tural Abbaslı

“İran uzun illərdir ki, Azərbaycanın müstəqilliyini həzm edə bilmir. Bunu özünün dövlət və dövlətçiliyinə təhdid hesab edir. Ona görə də, Azərbaycanın istənilən dönəmdə güclənməsi İran hakimiyyətinin maraqlarına daxil deyil”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı İranın hazırkı siyasətindən danışarkən deyib.
O, qeyd edib ki, İranın bu düşüncəsi yanlışdır:
“Təbii ki, bu, kökündən yanlış düşüncədir. Onlara elə gəlir ki, Azərbaycanın güclənməsi, işğaldan azad olunmuş tam müstəqil ərazilərdə iqtisadi-siyasi cəhətdən güclü ölkə olması İranın parçalanmasına və ya rejim dəyişikliyinə gətirib çıxaracaq. Çünki burada Azərbaycan guya ki, onlara yaxşı nümunə olmur. Ona görə də, elə 1918-ci ildən bu tərəf baxsaq, görərik ki, İran hər zaman Azərbaycanın müstəqilliyini şübhə altına alıb. Açıq konteksdə deməsələr də, dolayısı ilə qeyd edirlər”.
Tural Abbaslının sözlərinə görə, Türkiyənin də regionda güclənməsi İranı qıcıqlandırır:
“Son zamanlar Türkiyənin regionda güclənməsi və İranın artıq regional oyunçu kimi Cənubi Qafqazda sıradan çıxması da İranı qıcıqlandırır. İran guya Azərbaycanı təhdid etməklə və Azərbaycana qarşı aqressiv addımlar atmaqla, guya regionda güc və söz sahibi olduğunu sübut eləməyə çalışır. Təbii ki, bu da kənardan çox gülünc görsənir. Həm də İran arxayındır ki, onun Azərbaycanda 5-ci kolonu var və din adı altında aldatdığı insanlarla düşünür ki, onların gücündən istifadə edərək Azərbaycanı nəyəsə məcbur edəcək. Düşünürəm ki, İran bu yanlış siyasətindən tezliklə dönməlidir. İran Azərbaycanla dost, qardaş qonşuluq siyasəti yürütməlidir. Əks təqdirdə bu siyasətin davamı İranın ya parçalanmasına, ya da ən azı rejim dəyişikliyinə gətirib çıxaracaq”.
“Artıq Təbrizdə və İranın bəzi şəhərlərində Azərbaycan Prezidentinin şəkilləri paylaşılır, divarara yapışdırılır. “Bizim Prezidentimiz, arxandayıq” kimi sözlər yazırlar. Məncə, bu aidiyyatı qurumlara bir mesaj olmalıdır və İran bu təcavüzkar, təhdidkar siyasətindən geri durmalıdır”, – deyə T.Abbaslı əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər