• 23 Noyabr 2024 05:49

GÜNEY AZƏRBAYCANIN İSTİQLALINA GEDƏN YOL… – Tarixi şansı qaçırmamaq üçün nələr etməliyik?

İran İslam Respublikasında etirazlar səngimir. Ox yaydan çıxıb və yaydan çıxmış oxun hədəfi təkcə teokratik rejimin devrilməsi deyil, həm də İranda müstəqil dövlətlərin yaranmasıdır. Uzun illər boyu çoxsaylı embarqo və sanksiyalar altında küncə sıxışdırılan İran istər sosial-iqtisadi, istər, siyasi-diplomatik, istəsə də milli münasibətlər baxımdan indiki rejimi qoruyub saxlamağa və gələcəyə daşımağa qadir deyil.

Bu ilin sentyabrında Mahsa Əmini adlı gənc qızın “əxlaq polisi” tərəfindən qətlə yetirilməsindən sonra molla rejimi bütün İranı bürüyən etiraz aksiyalarını və kütləvi iğtişaşları amansız repressiyalar və qətillərlə dayandıra bilmir. İranın bütün şəhərlərində gerçəkləşən etirazlar daha bir “xalqlar həbsxanası”nın dağılacağını gündəmə gətirir. Dünya Marsın məskunlaşdırılması üçün layihələr üzərində baş sındırdığı bir zamanda, qapalı ölkə olan İran reallığı və həqiqətləri nə qədər gizlətməyə çalışsa da, yayılan və əldə edilən informasiyalara görə Tehran rejimini ayaqda saxlayan “ideoloji dördlüyün” bütün sütunları çürüyərək sıradan çıxıb.

Birincisi, “İrançılıq” bir ideologiya kimi çoxmillətli imperiyanı ağır durumdan xilas edə bilmir;

İkincisi, fars şovinistlərinin coğrafiyanın digər aborigen xalqlarına qarşı yürütdüyü aparteid siyasəti artıq öz nəticələrini açıq şəkildə göstərməkdə və rejimə ağır zərbələr vurmaqdadır;

Üçüncüsü, “İrançılıq ideologiyası”nın və Fars şovinizminin arxasında gizlədilən siyasi şiəçilik institutu İranı nəinki bütün dünyada, hətta müsəlman aləmində belə təcriddə saxlayıb.

Dördüncüsü, İran İslam Respublikası “alternativ tərəqqi modeli” kimi öz təsdiqini tapa bilmədi. Mahiyyətcə bəşəriyyətin dinamikası ilə tam ziddiyyət təşkil edən farslar da daxil olmaqla İranda yaşayan bütün xalqlar molla rejiminin patriarxal idarəçilik sisteminin yaratdığı ciddi məhdudiyyətlərə görə inkişafdan əsrlərlə geridədir. Süni intellekt nəslinin önə çıxdığı dünyada İslam Respublikası sözün bütün mənalarında əski ərəb əlifbasının nöqtələri arasında itib-batmaqdadır.

İran İslam Respublikasının rəsmi və qeyri-rəsmi ideologiyalarının sütunları çökdükcə Azərbaycan Respublikasının üç rəngli bayrağı Güneydəki soydaşlarımızın qəlbindən və düşüncələrindən azadlıq hərəkatının simvoluna, nəhəng bir toplumun xilas düsturuna çevrilir, milli məfkurə kimi önə çıxır. Əminliklə söyləmək olar ki, 2023-cü ildə Güneyli soydaşlarımızın milli-azadlıq hərəkatının real nəticələrini görəcək və dünyanın siyasi xəritəsinə müstəqil Güney Azərbaycan dövlətinin daxil olmasının şahidi olacağıq.

Müşahidələr göstərir ki, hazırda İran cəmiyyətinin bütün kəsimləri, Silahlı Qüvvələrin rəhbərliyi də daxil olmaqla elit təbəqə Tehran rejimi ilə konflikt vəziyyətindədir. Bu ziddiyyətlər artıq küçə nümayişləri və iğtişaşlar açıq formada özünü ifadə edir və onun daha kəskin xarakter daşıyacağı qaçılmazdır.

Son 20 ildə İranda üsyanların və iğtişaşların meydana gəlməsinin, yüksəliş dövrü yaşamasının və qan içində boğulmasını şərtləndirən faktorlar təsdiq edir ki, indiki durumda Tehran daha çox etno-politik hərəkatlarla üz-üzədir və məhz etno-politik hərəkatlar gizli və lokal konfliktləri açıq müstəviyə çıxararaq, Tehran despotiziminə “fatihə” oxumağı qaçılmaz edəcəkdir. Ona görə də bütün dünya azərbaycanlıları, o cümlədən biz də İranda və İran ətrafındakı prosesləri diqqətlə izləməli, Azərbaycan Səfəvilər Dövlətinin meydana çıxmasından üzübəri tarixi və qan yaddaşımızı yenidən incələməli, xüsusən Güney Azərbaycanın keçmişindəki geniş miqyaslı xalq hərəkatlarının yanlışlarını və doğrularını, məğlubiyyət səbəblərini bircə-bircə təhlil edib, doğru nəticələr çıxarmalıyıq.

Beləliklə dərslər:

  1. Adətən haqlı olaraq biz Təbrizə “inqilabların beşiyi” deyirik və bu, əlbəttə, doğru yanaşmadır. Güney Azərbaycan dinamik və enerjili bir coğrafiyadır və bu coğrafiyanın inqilablar tarixində Səttar xan hərəkatı özünəməxsus yer tutur. Bildiyiniz kimi, Səttar xan məşrutə hərəkatının lideri idi və o, türk kökənli Qacar monarxiyasında çağdaşlaşma – parlament və konstitusiya uğrunda mübarizə aparırdı. Lakin onun bütöv İranda demokratikləşmə niyyəti sonda Qacarların zəifləməsinə və monarxiyanın türklərdən farslara keçməsi ilə nəticələndi.
  2. Nəticələrinə nəzər salmağımız vacib olan digər tarixi təcrübə Şeyx Məhəmməd Xiyabaninin “İrana demokratiya, Azərbaycana muxtariyyət” məzmunundakı mücadiləsi ilə qurduğu və yarım il yaşayan “Azadistan Respublikası”dır. Güney Azərbaycanı İranın bir parçası kimi təsəvvür edən S.M.Xiyabani Quzeydə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti ilə inteqrasiya yaratmamaqla böyük tarixi səhvə imza atdı. O, yaranan unikal fürsətdən faydalanaraq Gülüstan və Türkmənçay müqavilələri ilə ikiyə bölünmüş Azərbaycanı birləşdirmək təkliflərini rədd edərək müstəqil dövləti “Azadıstan” adlandırmağa qərar verdi. Ş.M.Xiyabaninin faciə ilə bitən həyatı və “Azadıstan”ın qısa ömrü göstərir ki, “Azərbaycan cüze layenfekkan İran”/ “Azərbaycan İranın ayrılmaz hissəsidir” kimi zərərli və təhlükəli seçim tarixi şansları itirməkdən başqa perspektiv vəd etmir.
  3. Neo-Pəhləvilərin banisi Rza şahın ilk vaxtlar heç də monarxiya qurucusu kimi çıxış etmədiyi, lakin az sonra Şah rejiminin yaratması da tarixdən bəllidi. Əgər indiki durumda Təbriz öz gücünü bütöv İran məkanında liberal hərəkata sərf etsə və bu reallasa “demokratik İran”da hakimiyyətə gələcək qüvvələrin türk kimliyini əzmək üçün indikilərdən və indikilərin sələflərindən də amansız olacağı şübhə doğurmamalıdır.
  4. Daha bir ibrətamiz fakt: Seyid Cəfər Pişəvərinin İkinci Dünya Müharibəsinin yaratdığı imkanlardan bəhrələnərək və SSRİ-dən dəstək alaraq 1945-ci ildə Təbrizdə Azərbaycan Milli Hökumətini qurması növbəti şans idi. Bu, artıq şovinist və militarist Pəhləvi iqtidarına qarşı yönəlmişdi və Azərbaycan türklərinin fars müstəmləkəçiliyindən qopmaq məqsədi daşıyırdı. Bununla belə, SSRİ Güney Azərbaycanını geopolitik savaşda ABŞ və Britaniyaya uduzdu. S.C.Pişəvəri hökuməti “Güney Azərbaycan məsələsini” qloballaşdıra bilmədiyi, daha doğrusu buna imkan verilmədiyi üçün beynəlxalq güclər məsələyə “İranın daxili işi” kimi yanaşaraq, Təbrizi növbəti dəfə Tehrandan asılı vəziyyətə saldılar.
  5. 1979-cu ildə Ruhullah Xomeyninin Fransadan Güneyli soydaşlarımızın fəallığı hesabına həyata keçirdiyi “islam inqilabı” radikal şiə modelinə çevrildi və bir əsrdə beşinci istiqlal savaşı yenə də beynəlxalq güclərin fəal yardımı ilə vəhşicəsinə, ən müxtəlif hiylələrlə qan içində boğuldu və Fars şovunizmi molla libasında daha amansız şəkildə soydaşlarımızın milli hüquqlarını təssəvvür olunmaz vasitələrlə tam məhdudlaşdırmağa nail oldu.

İndiki tarixi situasiyada İranı nə Qacarlar, nə Pəhləvilər, nə də Ayətullalar dönəminə qaytarmaq mümkündür. Başqa sözlə desək, İran İslam Respublikasının çökməsi və parçalanması tarixi zərurətdir. Müstəqil dövlətlərə hamilə olan İran molla-fars rejimini qoruyub saxlamaq yerlə göyün birləşməsi qədər mümkünsüzdür. Parçalanmağa məhkum olan İranda müstəqil Azərbaycan dövlətinin yaranması şansı çox yüksəkdir və bunu reallaşdıran bütün ilkin şərtlər mövcuddur: İstiqlal uğrunda mübarizənin genetik kodlara söykənməsi və bunun ənənəvi xarakter daşıması, milli təfəkkürün, milli kimliyin ictimai və siyasi hərəkata çevrilməsi, İranda bütün xalqların rejimə qarşı sərt, barışmaz mövqeyi, beynəlxalq konyunktura və xüsusilə güclü Quzey Azərbaycan dövlətinin mövcudluğu və s.

Nəhayət, London İqtisadiyyat məktəbinin professoru, məşhur “Milliyətçilik və Dövlət” əsərinin müəllifi Con Breylinin yanaşmasından çıxış etsək, deyə bilərik ki, Azərbaycan hazırkı İranda ayrıca bir milli, coğrafi areal və üstün etnik cəmiyyətdir. Onun milli mənafeləri qalan bütün maraqlardan üstündür

Bu ilkin şərtlərə söykənərək Güneyli soydaşlarımızın müstəqillik əldə etməsi üçün nələr edilməlidir:

Birincisi, tarixi təcrübə diktə edir ki, Güney Azərbaycanın müstəqilliyi beynəlxalq məsələyə çevrilməli, İranın daxilində və beynəlxalq arenada milli müstəqillik mübarizəsi sinxron aparılmalıdır. Dünya bilməlidir ki, İranın daxilində iki ostana bölünmüş və təbii sərhədləri daraldılmış 40 milyonadək Güney Azərbaycanlı lokal mədəni haqlar, muxtariyyət, federasiya və ya konfederasiya deyil, aydın və konkret şəkildə milli istiqlal uğrunda mücadilə aparır. Bu baxımdan Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Güney Azərbaycanlılarının fundamental və milli hüquqlarının tanınmasını BMT-nin müzakirəsinə çıxarmalı və onun müzakirəsinə nail olmaq;

İkincisi, dünyanın ayrı-ayrı ölkələrində yaşayan Türk əsilli soydaşlarımızın ayrı-ayrı dövlətlərin iri şəhərlərində Güney Azərbaycanın istiqlal savaşını müdafiə edən fasiləsiz mitinqlərin, yürüşlərin keçirilməsi;

Üçüncüsü, bütün platformalarda, xüsusilə elektron və yazılı mediada, sosial şəbəkələrdə Güneyli soydaşlarımızın fundamental və milli hüquqlarının müdafiəsinin davamlı olaraq önə çəkilməsi;

Dördüncüsü, biz həm də Quzey Azərbaycanın istiqlal mübarizəsinə nəticələrinə şablonlarından çıxış edərək yanaşmamalıyıq. İran imperiyasında soydaşlarımızın müstəqil dövlət yaratması SSRİ-dən ayrılaraq müstəqillik qazanan Quzey Azərbaycanın təcrübəsindən xeyli dərəcədə fərqlənir. 

Çünki “Qırmızı imperiya”nın tərkibində Azərbaycan SSR formal da olsa strukturlaşmış subyekt kimi mövcud idi. Hətta Azərbaycan öz istiqlalına qovuşanda Sovet Sosialist Respublikası dönəmindəki konstitusiyasının müstəqilliyə zidd olmayan maddələrini keçid dövrü üçün istifadə etmişdi. İranda isə vəziyyət daha fərqlidir və müstəqil dövlətin sütunları yoxdur, idarəçilik sistemini yaradıb onu formalaşdıracaq təcrübə də mövcud deyil, lakin yüksək intellektə malik güclü insan resursları var və bu təkcə İranın bütün ərazisində deyil, həm də dünyaya səpələnmiş durumdadır. Onların mütləq əksəriyyəti isə istiqlal fədailəridir. Mükəmməl təcrübə və dünyəvi, demokratik, güclü, müstəqil dövlət modeli Güneyli soydaşlarımızın önündədir. Bu, dünya şöhrətli Güney Qafqazın lideri, qüdrətli Azərbaycan respublikasıdır.

Şansımızı reallaşdıra biləcək daha bir mühüm amil dünya şöhrətli siyasətçi və dövlət xadimi İlham Əliyevdir. Onun üstün liderlik keyfiyyətləri, siyasi təcrübəsi, qətiyyəti, diplomatik məharəti, türk dünyasında və beynəlxalq arenada böyük nüfuzu tariximizin daha bir nisgilli səhifəsinin uğurla çevrilməsinə tam imkan verir. Söhbət təkcə uğurdan yox, həm də bu uğurun minimum itki və fəsadsız qazanılmasından gedir. Bütün dünya Azərbaycanlılarının prezidenti olan İlham Əliyevin yüksək vətənpərvərliyi, diplomatik məharəti, rasionallığı, praqmatizmi və digər üstün keyfiyyətləri Güneydəki soydaşlarımızın fundamental hüquqlarını həyata keçirtmək, müstəqil dövlət yaratmaq arzusunu reallaşdırmaq kimi mürəkkəb və çətin prosesi risklərdən qorumaq kimi unikal imkanlar yaradır.

Fəzail Ağamalı,
Millət vəkili

Oxşar xəbərlər