Yazıçı: “Kimsə düşünürsə ki, Əli İnsanov sındı, razı deyiləm, sadəcə, mənsub olduğu düşərgəyə qayıtdı, küsülülüyə, söz-söhbətə son qoydular”
“Əli İnsanov haqqında fikir bildirərkən unudulan məsələlərdən biri də budur ki, bu adam həmişə Heydər Əliyevə səmimi rəğbət bəsləyib. Bu səmimi rəğbət vəzifə tutmaq, daha yaxşı necə yaltaqlana bilərəm arzusundan çox fərqli bir anlayışdır. Məsələn, Elçibəyin komandasında təmsil olunanların hamısı 1998-ci il seçkisində onun vahid namizəd olmasının qarşısını aldı. Halbuki, həmin adamlar hər il Elçibəyin məzarı başında toplanırlar. Əli İnsanov isə həbsdən çıxandan sonra Heydər Əliyevin əlehinə bir kəlmə də demədi, elementar narazılığını da dilə gətirmədi. Əli İnsanovun 14 il həbs yatmasını, sonra müxalifətə gəlməsini bir ailə daxilindəki söz-söhbətdən, inciklikdən yarandığını onun öz çıxışlarından aydın görmək olurdu”.
Tacxeber.com-ın xəbərinə görə, bunu tanınmış yazıçı Kəramət Böyükçöl bildirib.
“Məsələn, Əli İnsanovun fəaliyyəti müxalifətçilik yox, keçmiş komandasından, dostlarından giley-güzar olub. İnsanov 14 illik həbsi və tutduğu mövqe ilə bunu izah edirdi ki, mən Əli Həsənov deyiləm, Qabil Hüsynli deyiləm və s. Bunu da sübut etdi. Məsələn, İsfəndiyar Vahabzadənin də fəaliyyəti müxalifətçilik, ziyalı mövqeyi-filan yox, giley-güzardır. Mənə təsir edən isə ailədaxili narazılığa siyasi məna yükləyən, ondan müxalifətçi obrazı yaratmağa çalışan adamların münasibəti olub. Dünən verdiyi açıqlamadan sonra kimsə düşünürsə ki, Əli İnsanov sındı, razı deyiləm. O, sadəcə olaraq mənsub olduğu düşərgəyə qayıtdı, küsülülüyə, söz-söhbətə son qoydular. Ayaqları göydə qalanlar isə işdən çıxarılmış korrupsioner məmurların reabiltasiyası ilə məşğul olanlar oldu” – K.Böyükçöl qeyd edib.