• 23 Noyabr 2024 01:26

Rusiyanın puç olan qaz ümidləri: Avropanın “donması” gələn ilə qaldı – TƏHLİL

Avropa sevinc içindədir. Təbii qazın qiymətində kəskin ucuzlaşma xəbərləri qitə ölkələrində az qala toy-bayram kimi qarşılanıb. Doğrudan da, zarafat deyil, insanlar qorxu içində bu qışdan necə çıxacaqlarını düşünürdü. Hökumətlər də əhalini qənaət rejiminə keçmək barədə xəbərdarlıq edirdi. Amma gözlənilmədən qiymətlər 1000 kubmetr üçün hətta 900 dollara kimi düşdü.

Halbuki mart ayında az qala 4000 dollara kimi yüksəlmişdi. Qitədə qaz ehtiyatlarının son 5 illik dövr üzrə orta göstəricini keçərək 72 faizə çatması isə o deməkdir ki, qarşıdan gələn qış mövsümünü Rusiya qazı olmadan da keçirmək mümkün olacaq.

 

Necə deyərlər, Rusiyanın Avropanı “qaz şantajı” planı puç olur. Avropa bütün diqqətini bu problemi həll etməyə yönəltdi və mayın sonlarına doğru qaz anbarları 50 faiz dolumluluq səviyyəsini keçdi.

Mövzu ilə bağlı “Kaspi” qəzetində təhlil yazısı yayımlanıb.

Bəs görəsən, qiymətin ucuzlaşmasının səbəbi nədir? İlkin olaraq əsas səbəb kimi Avropa İttifaqında anbarlarda qaz ehtiyatlarının maksimuma yaxınlaşması və regiondakı anomal isti hava şəraiti göstərilir. Eyni zamanda, elektrik enerjisi istehsalında külək enerjisinin payının əhəmiyyətli dərəcədə artmasını da bura daxil etmək olar. Analitiklər əmindirlər ki, Avropa İttifaqının yanacaq xərclərinin məhdudlaşdırılması tədbirləri, o cümlədən gündəlik qiymət dəyişkənliyini məhdudlaşdırmaq üçün ümumavropa qiymət həddi ilə bağlı müzakirələri də qiymətlərə təsir edib.

Avropa Rusiya qazından asılılığını azaldıb. Qaz idxalında Rusiyanın payı 40 faizdən 7 faizə düşüb. Yaranmış vəziyyətdə başqa təchizatçılar axtarılır, bərpa olunan enerjiyə sürətli keçmək istiqamətində planlar cızılır. Regionda bərpa olunan enerjinin güclü və uğurlu inkişafı hədəfdədir. Bəzi ölkələr ümumiyyətlə Rusiya qazından tamamilə imtina ediblər. Rusiya qazından ən çox asılı olan ölkələrdən biri Almaniya idi. Ancaq hətta Almaniya belə bu qış Rusiya qazı olmadan keçinməyə hazırdır. Avropa ölkələri baha olmasına baxmayaraq, ABŞ-dan kifayət qədər sıxılmış qaz alıblar. Avropa ölkələrinin ABŞ və Norveçdən aldıqları qaz tələbatın təxminən 80 faizini ödəyir.

Rusiya isə Avropaya sata bilmədiyi qazı Asiyaya istiqamətləndirməyə çalışır. Əsas hədəf Çindir. Ancaq bu istiqaməti hərəkətə gətirmək üçün illər lazımdır. Rusiya iqtisadçılarının fikrincə, Moskvanın Pekinlə danışıqlarda mövqeləri zəifdir. Pekin bilir ki, Rusiya Avropaya sata bitmədiyi qazı ona satmağa çalışır. Ona görə də qərar verməkdə tələsmir və qazın qiymətini aşağı salmağa çalışır ki, bu da Rusiyanın maraqlarına cavab vermir. “Qazprom” da Pekinlə danışıqlardan narazıdır. Bu baxımdan, hazırda şirkətin Avropa bazarını Asiya bazarı ilə əvəz etmək arzusunun reallaşması praktik baxımdan mümkün deyil. Buna görə də rusiyalı iqtisadçılar Sibirin qaz infrastrukturunun inkişafına xərclərin azaldılmasının vacibliyini bildiriblər. Çünki Sibirin qaz infrastrukturuna qoyulacaq yatırımlar geri qayıtmayacaq. Buna baxmayaraq, Rusiya Çinə yönələcək “Sibirin gücü – 2” boru xəttinin tikintisinə başlamaq istəyir. Boru xətti Monqolustanın ərazisindən keçməlidir. Rusiya hakimiyyəti hesab edir ki, Çinin iqtisadi inkişafı artdıqca bu ölkənin əlavə enerjiyə ehtiyacı olacaq.

İqtisadçılar qeyd edirlər ki, gələcəkdə qaz qiymətləri hava və tələbatdan asılı olacaq. Yaxın iki həftə ərzində Avropada nisbətən mülayim hava şəraitinin hökm sürəcəyi proqnozlaşdırılır. Buna görə anbarlar daha yavaş sürətlə boşalacaq. Daha uzunmüddətli proqnozlar göstərir ki, bu qış Avropanın əksər hissəsində həmişəkindən daha isti keçəcək. “Soyuq və mülayim qışlar arasındakı fərq təxminən 25 milyard kubmetr qaz və ya Avropanın ümumi tələbatının 7-8 faizini təşkil edir”, – deyə analitik Nikolin Bromander izah edir. Bununla belə, analitiklər əmindirlər ki, avropalılar rahatlaşmamalıdırlar.

Soyuq qış zamanı Asiyada LNG-yə tələbatın artması, LNG-nin daşınmasında hər hansı gecikmələr və qaz infrastrukturunda böyük pozuntular kimi amillər də qiymətlərə təsir edə bilər. İndi bir neçə LNG tankeri İspaniya sahillərində dövr edir: ölkədə boşalma üçün boş yer yoxdur və bütövlükdə Avropada yenidən qazlaşdırma qabiliyyəti kifayət deyil. “Bütün problemlər arxada qaldı? Əlbəttə yox. Hazırda hava nisbətən isti olsa da, uzun qış mövsümün sonunda və ya gələn qışın əvvəlində qiymətlərin bahalaşmasına səbəb ola bilər”, – deyə ICIS-in qaz bazarları üzrə baş eksperti Tom Marczek-Manser deyir.

“Avropa ölkələri gələn qış enerji böhranı yaşayacaq, qiymətlər yenidən bahalaşacaq”. Bu fikri isə “Corriere della Sera” qəzetinin köşə yazarı Federiko Rampini səsləndirib. O yazır ki, Avropada qazın qiymətinin pik səviyyələrlə müqayisədə 70 faiz ucuzlaşmasına baxmayaraq, İtaliyada istehlakçılar üçün enerji qiymətləri yüksək olaraq qalır. Rampini proqnozlaşdırır ki, Avropada qaz qiymətləri bu il olduğu kimi eyni dinamika ilə gələn qışa qədər yenidən artacaq. Məqalədə qeyd edilir ki, sıxılmış qazla dolu gəmilər Britaniya və İspaniya sahillərində yeni qiymət artımı ərəfəsində düzülüb və bu qazı Avropada saxlamaq üçün yer yoxdur. Lakin gələn il, Rampinin fikrincə, Rusiyanın qaz tədarükünü tam kəsə biləcəyini nəzərə alsaq, vəziyyət təkrarlanacaq. Problem ondadır ki, Hollandiya və Norveç, eləcə də ABŞ və Avstraliyadakı digər istehsalçılar hasilatlarını Avropanın ehtiyac duyduğu həcmdə artıra bilməyəcəklər.

Tacxeber.com

Oxşar xəbərlər