• 23 Noyabr 2024 12:28

“İcra başçısının müavini bir il bizim haqqımızı yedi“ – Şəhid atası

“İcra başçısının müavini bir il bizim haqqımızı yedi“ - Şəhid atası

Şəhid ailələrinin, müharibə əlillərinin problemlərinin həlli Azərbaycan dövlətinin sosial siyasətinin prioritet istiqamətini təşkil edir. 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələrinin evlə təmin olunması, müharibə əlillərinin müalicəsi, sosial durumlarının yaxşılaşdırılması istiqamətində görülən işlər bu kateqoriyaya daxil olan insanlara həssas münasibətin göstəricisi sayıla bilər. 

Qeyd edək ki, sosial tədbirlər paketi ilbəil genişləndirilir. 2023-ci ildə də şəhid və qazi ailələrinin, müharibə əlillərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına dair xeyli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Buna baxmayaraq, bəzən diqqətdən kənarda qalan, yaxud məmur biganəliyi ilə üzləşən ailələr də olur. Televiziyalar, KİV-lər bu problemləri gündəmə gətirməklə onların həllini sürətləndirir, görülən işlərin miqyasının artırılmasına yardım edirlər.

Şəhid Romir Əliyev 14 may 1997-ci ildə Moldova Respublikasında anadan olub. Ana tərəfdən moldovan idi. Orta məktəbi bitirdikdən sonra 2015-ci ildə hərbi xidmətə yollanıb. 2017-cı ildə hərbi xidmət müddətini bitirmiş və mülki şəxs olaraq fəaliyyətini davam etdirib.

27 sentyabr 2020-ci il başlanan Vətən Müharibəsində Romir Əliyev könüllü əsgər olaraq iştirak edib. Cəbrayılın, Füzulinin, Zəngilanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub.

Romir Əliyev 20 oktyabr 2020-ci ildə Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.

Romir Əliyev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edildi.

Şəhidin atası Rəşadət Əliyev deyir ki, 2015-ci ildə Romir əsgər gedib və xüsusi təyinatlıların kəşfiyyat bölüyündə xidmətə başlayıb: “6 ay hazırlıqdan sonra onu başqa hərbi hissəyə apardılar. Romir həm də “Aprel döyüşləri”nin iştirakçısı idi. Hərbi xidmətdən qayıtdıqdan sonra 5-6 ay istirahət etdi. Sonra yenidən ali məktəbə hazırlaşdı və Lənkəran Dövlət Universitetinin Aqronomluq fakültəsinə qəbul oldu, amma oxumadı. Belə olan halda inşaat materiallarının satış yerində satıcı, daha sonra isə Çay fabrikində çalışdı. İlk əmək haqqını gətirib mənə verdi, amma qəbul etmədim, dedim bu sənin haqqındır. Beləliklə, müharibəyə gedənə qədər hətta iki növbədə işlədi. 10 aydan sonra – sentyabrın əvvəlində bütün əmək haqlarını toplayıb yenə mənə verdi, hardasa 5000 manat… Yenə qəbul etmək istəmədim, dedim ki, bu pulla onun toyuna hazırlıq işlərinə başlayaq, razı olmadı”.

Romirin atası deyir ki, şəhid oğlu döyüşə-döyüşə Zəngilana qədər gedib: “Sonuncu danışığımız oktyabrın 18-də oldu. Dedi ata böyrəylərim ağrıyır, evə gəlsəm məni müalicə etdirərsən? Bu dəhşətli mənzərə idi, çox pis oldum, əlbəttə dedim. Bir saat danışdıq, dedi haqqını halal et və çoxlu-çoxlu dua elə. Oktyabrın 20-də işdə idim, qarşıma yemək qoydular, istədim yeyəm, əlim, bədənim əsməyə başladı. Ev sahibi dedi ki, sənə nə oldu? Dedim bilmirəm, deyəsən uşağıma nə isə olub. Kənara çəkilib Romiri yığdım, telefonu açmadı, evə gəldim, gecə saat 3-ə kimi onu təkrar yığdım. Sən demə həmin gün şəhid olubmuş. Səhər açıldı, yuxusuz olduğum üçün halım yox idi. İşə də getmədim. Oktyabrın 21-də axşam tərəfi gördüm ki, yollarımıza çınqıl tökürlər. Bizim küçədən 3 nəfər müharibəyə getmişdi. Fikirləşdik ki, görəsən hansı evə şəhid gəlir. Evdə oturdum, xanımıma dedim ki, məhəlləyə şəhid gəlir, gözləyək, əgər qapı döyülsə, deməli, şəhid bizim qapıya gəlir. Heç 25-30 dəqiqə keçməmişdi ki, qapımız döyüldü və dedilər ki, oğlun şəhid olub. Füzuliyə getdik, qospitala girdim, kaş girməyəydim, öz oğlum yaddan çıxdı… Nə isə Romiri götürüb Lənkərana qayıtdıq və oktyabrın 22-də dəfn etdik”.

Şəhid atası deyir ki, onun bir vərdişini heç vaxt unutmur: “Evə giriş pillələrini həmişə qaça-qaça çıxardı. Mən görmədim ki, o pillələri bir dəfə yeriyə-yeriyə düşsün. O vərdişi hərdən yadıma düşür və kövrəlirəm… Biz hər gün görüşər və qucaqlaşardıq. Namaz qılar, oruc tutardı. Şəhidlik məqamına inanardı. Tək oğul övladım idi, indi bizim üçün çox çətindir. O məndən nə istəyib, etmişəm. Ona çox güvənər, inanardım. Romirdən sonra biz evə qapandıq. Bizi elə Romirin müəllimi Vüqar Soltanov xilas etdi, hər gün gəlib mənimlə söhbət apardı, şəhər çıxartdı… Belə-belə indi-indi özümə gəlirəm. Küçənin girişində Şəhidlər Xiyabanı düzəltmişəm, bütün o işləri Romirin 11 min manat sığorta pul ilə etmişəm, qəsəbənin 7 şəhidini ora “toplamışam”. Ərazini zibillikdən təmizləyib, orda həm də dayanacaq düzəltmişəm. İndi mən həmin xiyabanın təmizliyi ilə məşğul olur, əmək haqqı alıram. Mən ordan aldığım vəsaiti də ancaq ora sərf edirəm. Başımı qarışdırmağa ordan yaxşı yer yoxdur. Amma anası hələ də gərginlikdən, stressdən çıxa bilmir. İnsan nə qədər evdə oturar? Yaxşı olardı ki, anasını da işlə təmin etsinlər. Dərziliyi bacarır, məşğulluğa da müraciət etmişik, amma nəzərə alan yoxdur. Yaxşı olardı ki, ailələrə bu kimi məsələlərdə yardım etsinlər. Biz çox şey istəmirik axı?!”

R.Əliyev deyir ki, son bir ildə rayon İcra Hakimiyyəti şəhid ailələri ilə daha sıx işləməyə başlayıb: “Başçının müavini var idi, Vəsilə xanım, işdən çıxardılar. Vəsilə xanım başçı ilə bizim aramızda keçilməz sədd idi. O, bir il bizim haqqımız yeyib, hər dəfə bizi qarşılayar, yola verərdi. Ondan sonra vəziyyət tamamilə dəyişib, yəni düzəlib. İndi biz başçının otağına evimizə girən kimi giririk. Bizimlə bir yerdədi, problemlərimizin həllinə dərhal reaksiya verir. İldönümlərin keçirilməsi ilə bağlı bütün şəhid ailələrinə 1000 manat vəsiat ayırır ki, mərasimləri rahat keçirə bilsinlər. Məmurları şəhid ailələrinin evinə göndərir, onların problemləri ilə maraqlanırlar. Biz sadəcə diqqət istəyirik və hazırda onu da hiss edirik. Amma 5-6 ay əvvəl belə deyildi. Mən şəhid övladımın birinci ildönümünü keçirmək üçün kredit götürmüşəm, hələ indi də ödəyə bilmirəm. Problemimiz də yox deyil, məsələn, evimiz su damır. Yaşat Fonduna müraciət etmişəm, elə bir vəsiat ayırıb ki, onunla yalnız şəhidin otağını birtəhər düzəldib muzeyə çevirmiş, əşyalarını, fotolarını ora toplamışıq”.

Ə.Məhəmmədoğlu

Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin mediada müzakirəsi” adlı layihə çərçivəsində hazırlanmışdır. 

Tacxeber.com

Oxşar xəbərlər