“Meyxanaçı Rəşad Dağlını tanıyıram, hörməti olan bir adamdır. Gərək, səbirli olardı. Bəzən insanlar müəyyən psixoloji sarsıntılar, stress keçirirlər. Elə hər sözə görə durub insanı öldürmək, xəsarət yetirmək düzgün deyil. Qanunlar var və qanunlar çərçivəsində hərəkət etmək lazımdır. Bu gün bizim ziyalılarımızı, alimlərimizi, deputatlarımızı, dövlət məmurlarını da necə təhqir, tənqid edirlər. Adi bir şeydən ötrü bir də görürsünüz, olmazın təhqirlər yağdırırlar. Onda hərə durub getsin o adamlarla mübahisə etsin, qətl törətsin. Bu, yolverilməzdir. Ola bilsin, kimsə başa düşmür, dediyi söyüşün mənasını, qarşısındakının nəyə qadir olduğunu bilmir. Ona görə də səbir, təmkin nümayiş etdirmək lazımdır. Rəşad Dağlı da, gərək, belə etməzdi”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Deputat tanınmış meyxanaçının qətl törətməsinin meyxana sənətinə böyük zərbə olduğunu deyənlərə belə cavab verib:
“Düz yol deyil, amma bu, onun sənətinə, ümumiyyətlə meyxana sənətinə heç bir zərbə ola bilməz. İnsanlar müvəqqəti, gəldi-gedərdir, sənət isə əbədidir. Sənət insanın şəxsiyyəti, onun hərəkətləri ilə ölçülmür. Sənətin müqəddəsliyi onun dəyərində, insanlara təbliğ etdiyi ideyalardadır. Hansısa yazıçı gözəl əsər yaza bilər, amma hərəkətlərindəki qəbahət heç də onun sənətinə aid edilməməli, sənəti gözdən salınmamalıdır. Kimsə deyirsə ki, Rəşad Dağlının hərəkəti sənətə böyük zərbədir, mən bu fikirlə razı deyiləm. Təəssüf ki, o, bu hərəkətə yol verib. Nə olur-olsun, yenə də səbir nümayiş etdirmək lazım idi. Bizim ünvanımıza da bəzən elə təhqiramiz ifadələr işlədirlər ki. Millət vəkiliyik, hansısa bir məsələyə münasibət bildiririk. Bunu kontekstdən çıxarırlar, bilmədən, oxumadan, eşitmədən elə eybəcər fikirlər söyləyirlər ki, adam məətəl qalır. Hər şey insanın düşüncəsindən asılıdır. Hər kəs haqqında söz dediyi insanın nəyə qadir olduğunu, hansı yolu keçdiyini, zəhmətini fikirləşməlidir. Bunu öyrənsinlər, sonra kiminsə haqqında fikir söyləsinlər. 50 il iş stajı olan, dövlətə xidmət edən adam cümlədə nəsə səhv edir, deyirlər “rədd olmalıdır”, “bu, vətən xainidir”, “asılmalıdır, kəsilməlidir”… Son zamanlar böyük yazıçılarımız haqqında görün nə fikirlər söyləyirlər. Anarı, Çingiz Abdullayevi, Ramiz Rövşəni gözdən salırlar, haqlarında nələr yazırlar. Bu, yolverilməzdir, biz eyni xalqın nümayəndəsiyik, bir-birimizə qarşı belə düşmən mövqedə olmamalıyıq, bir-birimizi öyrənməliyik. Nəyə görə təhqir etməlidirlər? Ola bilsin, Rəşad Dağlının məsələsində də hansısa qəbahət, xoşagəlməz hal olub. Hüquq-mühafizə orqanları var, bunu aydınlaşdırmaq olardı. Hüquqi müstəvidə məsələ həll olunmalı idi. Yoxsa silahla, bıçaqla və s. Belə olmaz. Hansı dövrdə yaşayırıq?”
T.Rzayev meyxana sənətinin gərəksiz olduğu barədə səslənən fikirlərə də münasibət bildirib:
“Sənətin çox növləri var. Meyxana sənəti də tarix boyu bizə kökümüzdən, ruhumuzdan gəlib. Əsrlərlə meyxana söylənibsə, deməli, bu, xalqın ruhudur. Xalqın meyxanada ruhu var. Bəzən elə gözəl, məntiqli ifadələrlə meyxanalar deyirlər ki. Doğrudan da, adamın ruhunu oxşayır. Amma hərdən təhqirlə, söyüşlə eybəcər meyxanalar da deyirlər. Bunları qəbul etmirəm. Sənət də, sənətkarın özü də təmiz, pak, saf olmalıdır. Kim ki saf deyil, sözsüz, çirkin ifadələr işlədəcək. Meyxananı gərəksiz bilmirəm. Ancaq bu sənət saflaşmalı, ifadələr yerində işlədilməli, insanın mənəvi aləminə təsir etməlidir”.