• 23 Noyabr 2024 03:52

“Bu, Rusiyanın tarixində çox təhlükəli dövr olacaq, mən istəyirəm ki, qansız olsun…”

“Rusiyanın və bütün dünyanın tarixi göstərir ki, diktatura olan ölkələrdə rejim dəyişikliyi baş vermir, hərbi məğlubiyyət lazımdır…”

 

“Pandemiya zamanı narazıları necə cəzalandırmağı bizə öyrədib və nümayiş etdiriblər…”

Rusiyanın hərbi məğlubiyyətindən sonra çox mürəkkəb qeyri-sabitlik dövrü olacaq. Ukraynalıları öldürən minlərlə adam evlərinə dönəcək.

Tacxeber.com  xəbər verir ki, bu barədə “QORDON” internet nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində rusiyalı müxalif siyasətçi, Rusiyanın sabiq baş naziri  Mixail Kasyanov bəyan edib.

Rusiya xalqı müharibə əleyhinə etiraz aksiyalarına çıxmağa qorxur, çünki Rusiya prezidenti Putin tərəfindən qorxudulub, lakin Rusiyanın hərbi məğlubiyyətindən sonra vəziyyət dəyişəcək.

Qordon soruşub ki, nədən Rusiyada müharibə əleyhinə, Ukraynada dinc əhalinin qətllərinə və öz əsgərlərinin həlak olması əleyhinə kütləvi etirazlar yoxdur.

Siyasətçi cavabında deyib ki, özü də buna görə çox məyusdur və bu suallara cavab axtarır. O, xatırladıb ki, Krımın ilhaqından sonra narazıların kütləvi yürüşləri, ilhaqa qarşı və Ukraynaya dəstək mitinqləri keçirilib.

“İndi vəziyyət başqadır. İndi tamamilə diktatura rejimidir. Ötən il Putin nümayiş etdirib ki, bütün narazılar üçün birbaşa yol ya həbsxana, ya da daha ciddi problemlərdir. Ona görə də bu gün xalq küçələrə çıxmağa qorxur. Üstəgəl pandemiya olub. Pandemiya zamanı narazılıq üçün necə cəzalandırmağı bizə öyrədib və nümayiş etdiriblər. Ona görə də etirazlar yoxdur”, – Kasyanov deyib.

Onun sözlərinə görə, eyni zamanda təkcə Rusiyanın deyil, bütün dünyanın tarixi göstərir ki, “diktatura olan ölkələrdə rejim dəyişikliyi baş vermir”.

“Orada xarici məğlubiyyət, hərbi məğlubiyyət lazımdır. O zaman hakim sinfin daxilində və insanların beynində oyanış baş verir. Bax, o zaman nümayişlər başlayır və oğulların, qızıarın, ərlərin öldürülməsinə görə narazılıq baş qaldırır və, əlbəttə ki, insanlar küçəyə çıxır. Ona görə də mən deyirəm ki, hərbi məğlubiyyətdən və Putinin gedişindən sonra Rusiyada çox mürəkkəb qeyri-sabit dövr olacaq.

Bu dövr vəziyyətin, mövqelərin yoxlanılması dövrü olacaq: kim nəyin tərəfdarı olub, kim nəyi necə edib, kim həlak olub, kim döyüşüb – hər şey çox mürəkkəb olacaq. Üstəgəl ukraynalıları, o cümlədən dinc ukraynalıları qətlə yetirən minlərlə adam evlərinə dönəcək. Onlarda qəzəb olacaq: “Biz sizi müdafiə etmişik, siz isə burada?..” – Kasyanov deyib.

Onun sözlərinə görə, “çox xoşagəlməz vəziyyət yaranacaq”.

“Mən istəyirəm ki, bu, qansız olsun. Lakin bu,  Rusiyanın tarixində çox-çox təhlükəli dövr olacaq. Qəzəb və narazılıq toplanır, həqiqət və ədalət arzulanır”, – o, vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər