• 23 Noyabr 2024 07:39

“Atı parçalamışdı, qısqanclıqdan depressiyaya düşüb xəstələnmişdi”-dəvə fermasından reportaj (MARAQLI)

 

Dəvələr haqda uzun illər maraqlı rəvayətlər, əfsanələr mövcud olub. Bəs görəsən südü ətindən də baha olan dəvənin özəlliyi nədir? Moderator.az-ın bu dəfəki reportajı dəvə fermasındandır. Bakının Maştağa kəndində dəvə ferması mövcuddur. Müsahibimiz Firdovsi Axundov 20 ildən çoxdur ki, dəvə təsərrüfatı ilə məşğuldur.

Moderator.az-a açıqlama verən müsahibimiz bildirib ki, bu işə iki dəvə saxlamaqla başlayıb.

“Əvvəlcə 2 dəvə saxladım, sonra məndə həvəs oyandı. Ticari baxımdan da gördüm ki, xeyirli heyvandır. Ona görə də təsərrüfatı genişləndirdim. Bir az yerli dəvə aldım, bir az da xarici ölkələrdən gətirdim. Ağ dəvələr yalnız bizdədir, xaricdən gətirmişik. Dəvə nadir və çox maraqlı heyvandır. Allah quranda, Əl-Ğaşiyə surəsində də buyurur ki, “Məgər ki, onlar dəvənin yaradılışına fikir vermirlər”. Həqiqətən də o qədər gözəl və özəl xüsusiyyətləri var ki. Dəvə insan qədər yaşayır. Necə ki, uşaq doğulanda ona 2 il süd verirlər, dəvə balası da 2 il süd içir. Ona görə də biz ananı baladan ən azı 2 il ayırmırıq” deyə təsərrüfatçı bildirib.

“Dəvənin əti və südü niyə bahadır?” sualına isə Firdovsi Axundov belə cavab verib.

 

“Bilirsiniz bu nə ilə bağlıdır? Biz hər dəvəni kəsmirik. Bir də görürsən ki, iki ay dəvə əti satmırıq. Məsələn, hazırda bizim fermamızda kəsimlik dəvə əti yoxdur. Kəsim üçün biz kəndlərdən gətiririk. Dəvə ətinin qiymətinin baha olması az olmasından, həmişə kəsilməməsindən asılıdır. O ki, qaldı dəvənin südünə. Südü xeyirlidir, adətən xərçəng xəstələri istifadə edir. Həqiqətən də insan olub ki, südündən içib sağalıb. Və yaxud da səhhəti az da olsa yaxşılaşıb” deyə müsahibimiz bildirib.

Firdovsi Axundov dəvənin özəl xüsusiyyətlərindən də danışıb.

“Dəvələrin özəl xüsusiyyətləri çoxdur. Onlarda toplaşma xüsusiyyəti var. İnsanlarda olduğu kimi. Dəvələr bir yerə yığılar, dişi dəvə ayrı, ərkək dəvələr ayrı, balaca dəvələr ayrı. Dəvələr qışda yaydan da çox su içir, hətta qaramaldan da çox. Çox dözümlü heyvandır. Həddindən artıq. Bunları saxlamağa üstü bağlı yer olmaya da bilər. Dəvə qısqanc heyvandır, qarşılıqsız sevgi görəndə tez-tez depressiyaya düşür. Bu həqiqətən də bizim başımıza gəlmişdi. Bir dostumuz var idi, ona dəvə verdik. Həmin ərkək dəvə dişi dəvə onu istəmədiyinə görə depressiyaya düşdü. 1 ay, ay yarım yemək yemədi. Biz dedik ki, üzülüb öləcək, elə oldu ki, saxladıq, özünə gəldi. Bir də bunların cütləşmə dövrü olur, fevral-mart aylarında dəvələr çox aqressiv olur. Hətta cütləşmə dövründə digər dəvələri parçalaya bilərlər. Bir dostumuz var idi, deyirdi ki, Hacıqabulda dəvə atı parçalamışdı. Bu da onun cütləşmə vaxtına təsadüf etmişdi. Bir dəfə də dəvəyə yem verəndə qardaşımın başından tutmuşdu, yaxşı ki, kurtkası cırılmışdı, yerə düşmüşdü” deyə müsahibimiz bildirib.

“Su dəvənin hansı hissəsində toplanır?” sualına isə Firdovsi Axundov belə cavab verib.
“Onu mən ərəb dəvələrində görmüşəm, öz dəvələrimdə rastıma gəlməyib. Görmüşəm ki, dəvənin ağzında torba var, istədiyi vaxt o torbanı ağzından çıxarıb sudan istifadə edir” deyə o bildirib.

Tacxeber.com

Oxşar xəbərlər