• 23 Noyabr 2024 05:12

Gəlin, “Total”ı ölkədən qovaq, sonra nə? – Eks-nazir

Fransa Senatı tərəfindən Azərbaycan əleyhinə qətnamənin qəbul edilməsi xoşagəlməz, təxribat xarakterli hadisədir. İnanmıram ki, hansısa nəticə olsun və Fransa hökuməti onların təkliflərini qəbul etsin. Bir neçə gün öncə, Emmanuel Makron cənab Prezident İlham Əliyevə telefon zəngi edib. Fransa hökumətinin başqa fikirləri olsaydı, məncə, belə bir zəng də olmazdı. Azərbaycan tərəfi birmənalı olaraq cavab verməlidir. Fransa parlamenti qətnamə qəbul edib, Milli Məclis bunu cavablandırmalı, qanunverici orqanın üzvləri hərəkətə keçməlidirlər. Azərbaycan hökumətinin cavab verməsi məsələsi də, çox güman ki, müzakirə olunacaq, hansısa qərarlar qəbul ediləcək.

Tacxeber.com xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

E.Məmmədyarov qətnamənin qəbulunda cəmi bir nəfərin Azərbaycanın leyhinə səs verməsinə görə diasporun tənqid edilməsinə də fikrini açıqlayıb:

“Fransa Senatının üzvü Natali Qule, doğrudan da, Azərbaycanın dostudur. Vaxtilə mən xarici işlər naziri vəzifəsində işləyərkən Natali Quleni tanıyırdım, bilirdik ki, Azərbaycanı çox istəyir, dəfələrlə ölkəmizdə olub. Onun Fransa Senatında açıq şəkildə Azərbaycanın ərazi bütövlüyü, Qarabağla bağlı dəfələrlə bəyanatları səsləndirilib. Hər halda nəticə ürəkaçan deyil, cəmi 1 nəfər Azərbaycanın leyhinə səs verib. Senatın digər üzvləri heç olmasa qətnamənin əleyhinə çıxmasalar da, bitərəf qala bilərdilər. Təbii ki, Ermənistan diasporunun rolu yüksəkdir. Siyasi baxımdan bu, əlbəttə, sülh danışıqlarına bir zərbədir. Azərbaycan tərəfi dəfələrlə səsləndirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri institut kimi artıq tarixdə qaldı. Bu, Azərbaycana imkan verir ki, Minsk Qrupu həmsədrlərinin rolunu birdəfəlik sual altına qoysun, həmsədrlərin əleyhinə çıxsın, Qrupu ləğv etsin, bu prosesi başlatsın. Necə həmsədr qala bilərlər ki, birmənalı olaraq Ermənistanın mövqeyini dəstəkləyirlər”.

Sabiq nazir Fransa səfirinin Bakıdan qovulması, bu ölkə ilə diplomatik və iqtisadi əlaqələrin kəsilməsi təklifini isə belə dəyərləndirib:

“Səfirin qovulmasının yaxşı təklif olduğuna inanmıram. Birincisi, Azərbaycan əleyhinə qətnaməni Fransanın qanunverici orqanı qəbul edib, bu, hökumətin addımı deyil. Səfir Fransanı təmsil edir. Axı Makron bu qətnaməni qəbul etməyib. İqtisadi-diplomatik əlaqələrin kəsilməsinə gəlincə, məsələn, “Total” Azərbaycanda işləyir. Yaxşı, gəlin, “Total”ı qovaq, sonra nə? Bu, Azərbaycanın da iqtisadiyyatına ziyan verəcək. Çünki “Total” Azərbaycan iqtisadiyyatına milyardlarla sərmayə qoyub. İndi biz bunları bağlasaq, sonra nə olacaq? Kim sevinəcək? Biz belə halda ancaq erməniləri sevindirəcəyik”.

Tacxeber.com

Oxşar xəbərlər