• 27 Noyabr 2024 07:09

Elman Nəsirov: “Şarl de Qoll dirilib görsəydi ki…”

“Fransa Senatının anti-Azərbaycan qətnaməsini qəbul edəcəyi gözlənilən idi. Onlar dəfələrlə belə addımlar atıblar. Xüsusilə Vətən müharibəsinin gedişatında və sonrakı dövrdə də bunu görmüşük. Fransa parlamentinin hər iki palatası qondarma separatçı rejimin müstəqilliyini tanıyıb, Azərbaycanı işğalçı elan edib, “Ermənistan, sənin yanındayıq!” mövqeyini ortaya qoyub. İndi də Senatın qəbul etdiyi qətnamə ilə Azərbaycan sanksiyalarla hədələnir, Qarabağda beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi, humanitar missiyanın gətirilməsi, Azərbaycanın neft və qaz sənayesinə sanksiyaların tətbiqi kimi məsələlər ortaya atılır. Fransa bu addımı ilə əslində “qırmızı xətt”i keçmiş oldu”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, Senatın bu addımı birbaşa Fransa Prezidenti Emmanuel Makronun dəstəyi ilə reallaşdırılıb: “Çünki o, bir qədər öncə Fransa televiziyasına müsahibəsində, demək olar, Senatın qəbul etdiyi qətnamədə əksini tapmış məsələlərlə bağlı eyni analoji mövqe ortaya qoymuşdu. Belə olan halda, bu, Azərbaycan-Fransa münasibətlərinə yenidən baxılması məsələsini gündəmə gətirir. Biz də təsirli addım atmalıyıq. Fransanın 48 müstəmləkəsi olub. Əlcəzairi isə hətta müstəmləkə hesab etmir, onu Fransanın tərkib hissəsi kimi qiymətləndirirlər. Öz azadlığı uğrunda mübarizəyə qalxan Əlcəzair xalqına qarşı sözün həqiqi mənasında genosid siyasətini həyata keçirirdilər. İki milyona yaxın əlcəzairlini qətlə yetiriblər. Bu, soyqırımı siyasətidir. Hesab edirəm, Azərbaycan parlamenti Fransanın Əlcəzairdə törətdiyi hərbi cinayətlərə qiymət verməli, bu soyqırımını tanımalıdır. Ən təsirli addımlardan biri bu ola bilər”.

E.Nəsirov deyib ki, Fransa dövləti, onun ali siyasi rəhbərliyi Qarabağdakı separatçı rejimin müstəqilliyini açıq şəkildə tanıyır, bunu gizlətmir: “1768-ci ildə Fransanın işğal etdiyi Korsikanın müstəqilliyi ilə bağlı məsələlərdə də Azərbaycan mövqeyinə yenidən baxmalıdır. 200 ilə yaxındır ki, Korsika xalqı müstəqilliyi uğrunda mübarizə aparır. Həm də Qarabağda yaşayan ermənilərdən fərqli olaraq onlar aborigen, yəni yerli xalqdır, gəlmə deyil. Fransa onların azadlıq mübarizəsini qan içində yatırdır. Korsikada ayağa qalxan, müstəqillik istəyən insanlara separatçı, terrorçu damğası vurulur. Hesab edirəm, Fransanın atdığı addımlar fonunda Azərbaycan parlamenti də dinləmələr keçirməli, öz mövqeyini dəqiqləşdirməlidir. Bu gün Fransa beşinci respublikadır. Beşinci respublikanı yaradan general Şarl de Qoll dirilib gəlib görsəydi ki, onun yaratdığı bu respublikaya kimlər rəhbərlik edir, hansı qərarlar qəbul edirlər, inanın, o, yenidən gəldiyi, əbədi uyuduğu məkana qayıtmaq istəyərdi. Sadə bir səbəbdən bu beşinci respublikada yaşamaq istəməzdi”.

Tacxeber.com

Oxşar xəbərlər