“Azərbaycanın uğurları artdıqca onun hərtərəfli inkişafından qıcıqlanan ölkələr öz münasibətlərini gizlədə bilməyəcəklər. Bizimlə min illərlə eyni tarixə malik olduğumuz İran bu ölkələrdən biri, bəlkə də birincisidir”.
“Yeni Sabah” xəbər verir ki, bunu Milli Məclisin sabiq sədri, hazırda ABŞ-da yaşayan Rəsul Quliyev bildirib.
R. Quliyev qeyd edib ki, min ildən artıqdır İranın əksər şahları türk əsilli (azərbaycanlılar) olublar: “Daha doğrusu, bu min ildə bir dəfə milliyyətcə kürd, bir dəfə də 20-ci əsrdə fars olub. İki dəfə azərbaycanlı şah olanda ümumiyyətlə heç fars dilini bilmirdi”.
R. Quliyev diqqətə çatdırıb ki, İranın neqativ münasibəti Azərbaycan müstəqil olandan sonra başlayıb: “Bunun səbəbi İranın Türkiyəyə qarşı düşmən siyasətindən qaynaqlanır. Onlar Azərbaycan-Türkiyə dostluğunu həzm edə bilmirdilər. Onların fikrincə, Azərbaycana İrandan yaxın heç bir ölkə ola bilməz, çünki dinimiz eyni şiəlikdir, millətimiz İran imperiyasını yaradanlardır. Şahların demək olar ki, hamısı və hətta baş ayətullahı azərbaycanlıdır.
1993-cü ildə türklər bizim ordu üçün bir neçə batalyon hazırlayırdılar. O dövrdə İran bizdən bir batalyonu hazırlamaq üçün icazə ala bildi. Əsgərləri hazırlayan iranlılara azərbaycanlı millətindən olan general rəhbərlik edirdi. Türk zabitlərindən fərqli olaraq İran zabitləri tamamilə siyasiləşmiş adamlar idi. Türklərin ideologiyası vətən sevgisi üzərində, İranın zabitlərinin ideologiyası isə şiəlik dininin təbliği üzərində qurulmuşdu. Ona görə biz onlarla hərbi əlaqələrimizi uzatmadıq”.
Sabiq spiker diqqətə çatdırıb ki, İranın Azərbaycana qarşı hücumu neft müqavilələri bağlanan ərəfədə yenidən başlayıb: “Onlar bizdən İran neft kompaniyasının kontraktda heç olmazsa ən azı 5 faizlə iştirak etmələrinə icazə verməyi tələb edirdilər. Əslində, onlar çox yaxşı bilirdilər ki, Qərb kompaniyaları heç vaxt İranın iştirak etdiyi kontraktda iştirak etməyəcəklər və məqsədləri neft kontraktının bağlanmasına imkan verməmək idi”.
R. Quliyev bildirib ki, İranın anti-Azərbaycan siyasəti həmişə Ermənistanı dəstəkləmək olub və bunu heç vaxt gizlətməyib:
“İran mollaları Azərbaycanda eyni rejimin yaradılmasını təbii və zəruri hesab edirdilər. Müstəqilliyimizin birinci günündən Azərbaycandan çoxsaylı gəncləri Qum şəhərində fundamental şiəçiliyə hazırlayırdılar. Onların 90 faizi İran kəşfiyyatına daha doğrusu, Azərbaycan dövlətçiliyinin əleyhinə çalışanlardır. Bu gün də Azərbaycanda o adamlar var və dövlətin, xalqın əleyhinə mənfur işlərini davam etdirirlər. İran bu günə qədər azərbaycanlıların fundamentalist yox, liberal şiələr olduğunu anlamaq istəmir. Heç bir səlahiyyəti olmayan İran prezidenti, parlamenti kimi Azərbaycanda da hakimi-mütləq Ayətullah rejimi yaratmaq istəyirlər. İranda xalqın qanını içən ayətullah rejimi mövcuddursa, o qədər də Azərbaycanda dövlət çevrilişinə cəhd qalacaq”.
R. Quliyev əlavə edib ki, İran böyük dövlətdir, güclü ordusu var, lakin Azərbaycanı qorxuda bilməz:
“Azərbaycanın arxasında Türkiyə və Pakistan kimi güclü ölkələr dayanıb. Azərbaycan İranı özünün bir nömrəli düşməni hesab edən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi ilə əlaqələrini yeni səviyyəyə qaldırmaq üçün əlindən gələni etməlidir. İsrail ilə diplomatik əlaqələr yaratmalıdır. Çünki İran Azərbaycan üçün çox böyük təhlükədir. Azərbaycanın beynəlxalq aləmdə ,Türk dünyasında nüfuzunun qalxması İranı qıcıqlandırır, intiqam almaq istəyir və bunun yollarını axtarır. İlk növbədə Azərbaycanı İran agentlərindən təmizləmək, onları xalqdan izolyasiya etmək lazımdır. Ölkə daxilində dini reformaların keçirilməsi, indiki dini liderlərin İranın tabeliyindən azad edilməsi çox zəruridir. Dünyada saysız-hesabsız düşməni olan İran heç vaxt Azərbaycana qarşı bir başa aqressiyaya cəsarət etməz. Ancaq daxili agentlərindən istifadə edib, terror və xaos yarada bilərlər”.