Apteklərdən qəhətə çıxan DƏRMANLAR – Ürək xəstələri təhlükə altındadır
Bir neçə aydır ki, apteklərdə “Varfarin” dərmanı ilə bağlı qıtlıq yaşanır. Digər preparatlarla müqayisədə o qədər də baha olmayan, lakin ürək xəstəliklərindən əziyyət çəkənlər üçün olduqca əhəmiyyətli bu dərmanın dayandırılması xəstələrdə hansı risklərə səbəb ola bilər?
Sözügedən dərman vasitəsini hansı preparatlarla əvəzləmək olar?
Bizim.Media-nın suallarını kardioloq Qalib İmanov cavablandırıb.
Həkim bildirib ki, “Varfarin” dərmanını qəbul edənlər klinik vəziyyəti ciddi olan pasiyentlərdir:
“Onlar ya qapaq transplantasiya olunmuş, ya da tromp təhlükəsi olan xəstələrdir. Buna görə də həmin dərmanı dayandırmaq olmaz, mütləq şəkildə qəbul edilməlidir”.
Həkim qeyd edib ki, dərmanın özü tapılmadığı halda, əvəzedicilərindən istifadə olunmalıdır:
“Dərmanın tapılmaması bəhanə ola bilməz. Əks halda həmin xəstələr çox ciddi ağırlaşmalarla üz-üzə qala bilərlər. Buna görə də apteklərdən “varfarin” əvəzinə “varfareks” və ya “cumadin” dərmanlarını soruşa bilərlər”.
Xatırladaq ki, hazırda ölkənin dərman bazarında bəzi çatışmazlıqlar özünü biruzə verməkdədir.
Xəstələrin vərdiş etdiyi əksər dərmanlar artıq apteklərdə yoxdur, onların əvəzediciləri isə ya hələ gətirilməyib, ya da xəstələr etibar eləmirlər. Buna səhiyyənin bir biznes oyunu kimi baxırlar.