• 23 Noyabr 2024 11:04

Psixoloqdan həyəcan təbili: “Bu oyuncaqlar satışdan və evlərdən yığışdırılmalıdır”

Son zamanlarda getdikcə məşhurlaşan cizgi film və oyun personajı “Huggy wuggy” oyuncağı ilə bağlı narahatlıqlar artmağa davam edir.

Satıcılar oyuncağın mahiyyəti barədə məlumatsız olsalar da, son vaxtlar alıcılarının sayının artdığını deyirlər. İlk baxışdan sevimli görünən bu oyun personajı əslində, uşaqları öldürəyə təşviq edir. Azyaşlılar personaj haqqında məlumatlı olsalar da, bu ürküdücü oyuncağı valideynlərinə aldırırlar.
İtaliyada 6 yaşlı bir uşağın oyundan təsirlənərək 3 yaşlı bir uşağı boğmağa çalışmasından sonra bu oyuncaqlar qadağan edilib. Qonşu Türkiyədə ticarət nazirliyi uşaqlar üzərində mənfi təsirləri olduğu iddia edilən ““Huggy wuggy” oyuncaqlarının satışdan yığışdırılmasına və satıcıların cərimələnməsinə qərar verib.
Sözügedən oyuncaqların azyaşlıların psixologiyasına zərərlərini bilən mütəxəssislər isə həyəcan təbili çalır.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan psixoloq Anara Qulieyeva hesab edir ki, uşaqların bu cür qorxunc oyuncağa olan marağı araşdırma psixologiyasından irəli gəlir:

“Xüsusən 6 yaşına qədər olan uşaqlarda mücərrəd anlayışlar hələ tam formalaşmır. Yəni onlar reallıqla qeyri-reallığı tam ayıra bilmir, belə şeyləri real olaraq qabul edə bilirlər. Uşaqların irəliyi düşünmək bacarığı zəif olduğu üçün onlar spontan hərəkətlər edə bilərlər. Məsələn, it oyuncağı realda da var və uşaq bunu mənimsəyir. Ancaq “huggy wuggy” qeyri-normaldır, qolları uzundur, dişləri və gözləri fərqlidir. Uşaqlar nə olduğunu tam dərk etmədiklərinə görə bunlara meyillənirlər. Valideynlər də deyir ki, uşağım istəyir. Ona görə istəyir ki, beynində analiz edib onun nə olduğunu anlaya bilmir. Bu personajlar qeyri-adi hərəkət edəndə uşaqların buna meyli yaranır. Sanki araşdırmağa çalışır, personajı həyatlarının mərkəzinə qoyurlar.

Çox təəssüf ki, bunun nəticəsində personajlar necə hərəkətlər edirsə, uşaqlar onu təqlid etməyə başlayır və bir növ asılılıq yaranır. Əlbəttə ki, 6 yaşa qədər olan uşaqların bu şəkildə oyuncaqlarla oynamasına qətiyyən yol verilməməlidir”.

A.Quliyeva “huggy wuggy” oyuncağı alan valideynlərə övladlarını bundan uzaq tutmağın yollarından da danışıb:

“Azyaşlı uşaqlarda daha çox sujetli oyunlara maraq daha çox olur. Məsələn, həkimə getmək, polis olmaq, yanğınsöndürən olmaq və s. Bununla onların zehni inkişaf edir. Amma “huggy wuggy” kimi reallığı əks etdirməyən, eyni zamanda müəmmalı olan, uşaqların diqqətini çəkən personajlar onların həyatında ciddi problem yaradır. Birincisi, hərəkətinin sonunu fikirləşə bilməyən davranışların əsasını qoyur. Məsələn, İtaliyada bir uşağın başqa bir uşağa zərər yetirməsi buna misal ola bilər.
Səbəbini soruşsan, deyəcək ki, oyun oynayırdıq, belə olacağını bilmirdim və s. Çünki onların beyni araşdırmağa yönəlİr. İstəyirlər ki, açıb içində nə olduğuna baxsınlar.

Uşaqlar istəyir, valideynlər də sadəcə bunu oyuncaq kimi qəbul edib alır. Beləliklə, valideynlər bilmədən problemli davranışın əsasını qoyurlar.

Valideyn soruşa bilər ki, bilmədən almışam, bunu necə yığışdırım? İlk növbədə uşaqla oturub danışmaq lazımdır ki, gəl, baxaq görək bunun gözü, qulağı, ağzı nəyə bənzəyir. Uşaq tapa bilməyəcək. Valideyn deməlidir ki, bu, bizə gərəkli deyil, onu başqa bir oyuncaqla əvəz edək. Fərqli oyuncaqla real oyunlar oynadıqca uşağın ona marağı azalacaq. Oyuncağın uşaqdan birbaşa götürməsi daha çox aqressiya yarada bilər.

Hesab edirəm ki, bu cür oyuncaqların satışdan evlərlə yanaşı satışdan da yığışdırılmalıdır”.

Tacxeber.com

Oxşar xəbərlər