• 23 Noyabr 2024 01:53

Futbol kralının proqnozları.

Pele futbol kralı sayılsa da, özünün yanlış proqnozları ilə məşhurdur. Əslində “yanlış” sözü yumşaq ifadədir. Onun proqnozları tamamilə əksinə çıxır.

İlk məşhur proqnozunu 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatında verdi. Onun fikrincə, Kolumbiya komandası çempion olacaqdı. Amma kolumbiyalılar o qədər də güclü olmayan qrupda (rəqibləri – ABŞ, İsveçrə, Rumıniya) sonuncu yeri tutdular və evə yollandılar.

Kral 1998-cı il çempionatında İspaniyanın favorit olduğunu söylədi. Rəqiblərinin Bolqarıstan, Nigeriya və Paraqvay olduğu qrupda İspaniyanın uğursuzluğa uğrayacağı inanılmaz idi. Amma ispanlar bunu “bacardılar”: cəmi 4 xal topladılar və qrupda 3-cü yeri tutaraq mübarizəni dayandırdılar.

2002-ci il çempionatı ilə bağlı Pele üç proqnoz verdi. Onlardan biri Braziliya, Kosta Rika və Türkiyə ilə eyni qrupda oynayan Çin komandasının növbəti mərhələyə çıxacağı idi. Çinlilər isə 3 oyunun üçündə də məğlub oldular, bir qol belə vurmayıb, doqquzunu buraxdılar.

Pelenin fikrincə, Braziliya həmin qrupdan çıxa bilməyəcəkdi. Amma Braziliya 3 qələbə ilə çıxdı və axırda çempion oldu.

Üçüncü proqnoz finalda Argentina və Fransanın qarşılaşacağı idi. Argentina öz qrupunda üçüncü yeri tutdu. Fransa isə cəmi 1 xal topladı, heç qol vura bilməyib qrupda dördüncü yeri tutdu. Hər iki komanda mübarizəni dayandırdı.

1991-ci ildə Qana komandası gənclər arasında dünya çempionu olduqda Pele 17 yaşlı qanalı Nii Lemptini “yeni Pele” elan etdi. Həmin Lempti 1997-1998-ci illər “Ankaragücü”də oynayırdı və karyerasını CAR çempionatında başa vurdu.

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər