• 23 Noyabr 2024 06:48

Solovyov Ukrayna şəhərlərinin bombalanmasını istədi, tok-şouda narazılıq yarandı – VİDEO

Solovyov Ukrayna şəhərlərinin bombalanmasını istədi, tok-şouda narazılıq yarandı - VİDEO

“Rusiya 1” kanalında yayımlanan “Vladimir Solovyovla axşam” tok-şousunda aparıcı, verilişin müəllifi Solovyov Ukrayna şəhərlərinin, mülki əhalinin bombalanmasını istəyib. Solovyovun bu təklifinə verilişdə iştirak edən politoloqlardan biri kəskin şəkildə etiraz edib. 

Tacxeber.com xəbər verir ki, Solovyov öncə Ukrayna cəbhəsində Rusiyanın qələbə qazanmasının mümkün olmadığını bildirib.

O qeyd edib ki, rus ordusu yaydan bəri müdafiə mövqeyinə keçib və işğal etdiyi torpaqları qorumağa çalışır. Amma Solovyov Rusiyanın buna da müvəffəq olmaqda çətinlik çəkdiyini deyib. Tok-şounun aparıcısı, xüsusilə, cəbhənin 2 istiqamətində rus ordusunun uğursuzluğa düçar olduğunu vurğulayıb.

Solovyov hesab edir ki, rus ordusu döyüşlərdə Ukrayna ordusuna qalib gələ bilməyəcək. Buna görə də, o, belə vəziyyətdə yeganə çıxış yolu kimi Xarkov və Kiyev şəhərlərinin yerləbir edilməsini, yaşayış məntəqələrinin bombalanmasını istəyib.

Bu iyrənc təklifdən sonra tok-şounun iştirakçısı olan yəhudi əsilli politoloq Yaakov Kedmi Solovyova qəti etirazını bildirib. Onun fikrincə, Ukrayna əhalisinə qarşı birbaşa hücumlar olarsa, bu, cinayətkar addım olacaq:

“Bu cür davranışa ehtiyac yoxdur, belə addım konstruktiv deyil və cinayət xarakterlidir. “Xarkov və Kiyev şəhərləri yerlə-yeksan edilməlidir” fikri burada səslənməməlidir. Müharibələrin tarixində mülki əhalinin bombalanmasının, şəhərlərin dağıdılmasının qələbə qazanmağa fayda gətirdiyinə dair fakt yoxdur. Hərbi əməliyyatları aparmaq, döyüşmək üçün min bir variant var”.

Oxşar xəbərlər