• 23 Noyabr 2024 03:46

MEDALLI XÖRƏKPAYLAYAN və ya  ORXAN CAMAL CİNAYƏTİ

Dünən axşam paylaşdığım fotodan sonra bu gün yenə eyni mövzuya qayıdıram.

2006-cı ildə çəkilmiş bu fotoda da Yevgeniy Priqojini (Евгений Пригoжин) görürük.
Yenə də “ofisiant”dır, ancaq diqqət edin, artıq döşünü medal bəzəyir.
Boynunda kəpənək qalstuk, döşündə medal – Siz heç medallı “xörəkpaylayan” gördünüzmü?

Sosisli sendviç (Hot Dog) satmaqdan Rusiyanın ən qüdrətli adamlarından birinə çevrilən Priqojin başgicəlləndirici karyerasını Putinə yaxınlığına, onun şəxsi aşpazı olmasına borcludur.
2022-ci ildə ölkənin ən ali mükafatına – “Rusiya Qəhrəmanı” adına layiq görülmüş Priqojinə dünyanın bir çox ölkəsi sanksiya tətbiq edib. ABŞ-ın Federal Təhlükəsizlik Xidməti (FBI) onu beynəlxalq axtarışa verib, başına isə pul qoyub.

Bir vaxtlar Putinin özəl qonaqlarına xidmət göstərən Priqojin bu gün Vaqner muzdlularının (ЧВК Вагнера) rəhbəri kimi bilinir. “Özəl Hərbi Şirkət”in muzdluları QRU (Baş Kəşfiyyat İdarəsi) xüsusi təyinatlılarının zabiti, ehtiyatda olan polkovnik-leytenant, dörd “İgidlik” ordeninin sahib Dmitriy Utkinin komandanlığı altında Luqansk, Donetsk, bir neçə Afrika ölkəsində, Suriya, Ukrayna və b. yerlərdə hərbi əməliyyatlarda iştirak edib, bir çox hərbi cinayətlərə imza atıblar.

“Vaqner” şirkəti ABŞ-ın sanksiya siyahısına daxil edildi, Ağ Ev onu yaxında terror təşkilatı olaraq tanımağa hazırlaşır…

Vaqnerçilərin terrorçu olduğu haqda ilk dəfə 2018-ci ildə – “Vaqner”in Mərkəzi Afrika Respublikasındakı fəaliyyəti ilə bağlı araşdırma aparan jurnalistlər Orxan Camal, Aleksandr Rastorquev və Kirill Radçenko qətl edilən zaman yazmışdım. Bir çox mənbələr onların ölümünü Priqojinin fəaliyyəti ilə əlaqələndirmişdi.

Orxan Qarabağ xanlarının nəslindən olan tanınmış filosof, teoloq, mərhum Heydər Camalın oğludur. Onunla 1988-ci ildə Moskvada tanış olmuşdum. Çox eksentrik, hiper-aktiv və çox da maraqlı insandı. Yaxın münasibətlərim olmasa da xeyli ortaq dostlarımız vardı.
Həyatı ilə “rus ruleti” oynayan Orxanın qətlə yetirildiyində cəmi 52 yaşı vardı…

Görkəmli ictimai xadim, alim, filosof Heydər Camal əslən Şuşalı idi.
Bir çox elmi əsərində, məqalə və çıxışlarında Qarabağ probleminin həllini Azərbaycan xalqının birləşərək hərbi yola baş vurmasında görürdü.
Heydər Camal Türk-İslam aləminin şahlanışının Qarabağın azad edilməsi, Şuşanın yağı düşməndən təmizlənməsi ilə başlayacağına inanırdı…

Təəssüf ki, nə atası, nə də özü Şuşanın azad edilməsini görmədilər…

Avropa Parlamenti Rusiyanı “terrorun sponsoru ölkə” elan edən qətnamə qəbul edib.
Bunun Rusiyaya ciddi bir təsiri olmayacaq.
Əsil həngamə ABŞ-ın Rusiyanın terrorun sponsoru kimi tanımasından sonra olacaq.
Bunun isə çox-çox ciddi nəticələri olacaq – Rusiya Federasiyasının aktivlərinin dondurulması və yeni sanksiyalar, o cümlədən viza sanksiyaları və s.

İnanıram ki, çox yaxında caniləri Haaqa Məhkəməsi qarşısına çıxaracaqlar.
Orxan Camalın da qanı yerdə qalmayacaq…

İbrahim Nəbioğlu

Tacxeber.com

Oxşar xəbərlər