• 23 Noyabr 2024 02:04

“Paşinyan Kremlə meydan oxudu: Ermənistanın Baş naziri Putinin arxasında gizləndi” – “Moskovski Komsomolets”

“KTMT-nin İrəvanda keçirilən sammiti səs-küylü siyasi qalmaqalla başa çatıb. Ermənistanın Baş naziri Nikol Paşinyan müdafiə blokundakı müttəfiqlərini ölkəsini taleyin ümidinə buraxmaqda və onu Azərbaycanla təkbətək qoymaqda ittiham edərək, tədbirin yekun bəyannaməsini imzalamaqdan imtina edib. Bütün bunlar Moskvaya nümayişkaranə hücum kimi görünür: KTMT-nin əsas və dəstəkləyici strukturu, bildiyiniz kimi, məhz Rusiyadır”.

 

Tacxeber KONKRET.az-a istinadən  xəbər verir ki, bu barədə “Moskovski Komsomolets” qəzeti yazıb. Nəşrin məqaləsindən bir hissəni təqdim edirik:

“Baş verənlərdə həqiqətən də belə bir komponent var. Amma bu, aysberqin görünən hissəsidir, Paşinyanın özünün sağ qalmasının təhlükə altında olduğu daha böyük oyunun kiçik fraqmentidir.

Məlum olduğu kimi, 1993-cü ildə yüksək təcrübəli Heydər Əliyev Bakıda hakimiyyətə qayıtdı. Ondan sonra prezident olan oğlu İlham Əliyev siyasi nəzarəti bərpa etdi. O, Azərbaycanı zəngin neft dövlətinə çevirdi, ölkənin hərbi potensialını getdikcə artırdı.

Ermənistan bütün bu müddət ərzində iqtisadi və nəqliyyat blokadası məngənəsində durğunluq yaşayır. Nikol Paşinyan İrəvanda hakimiyyətə gəldikdən sonra respublika daha bir əsas üstünlüklərini – Moskva ilə qurulmuş müttəfiqlik münasibətlərini itirdi. Paşinyan açıq-aşkar Qərbə yönəlib. Təbii ki, zərurətdən o, Kremllə yaxın münasibət qurmağa çalışırdı. Amma əslində buna nail olmadı: Putin tərəfdaşının qeyri-səmimiliyini, təcrübəsizliyini və zəifliyini kəskin hiss edən siyasətçidir.

2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı düşməni darmadağın edən Prezident Əliyev tam və yekun qələbəsini elan etdi. Lakin iki respublika arasında münaqişənin başladığı ən mühüm məsələ – Qarabağ həll olunmamış qaldı.

Azərbaycan bu məsələni həmişəlik – hətta uzun müddət həlsiz qoymağa razı deyil.

2020-ci ilin noyabrında Moskvanın vasitəçiliyi ilə əldə olunan atəşkəs razılaşmasına əsasən, Rusiya sülhməramlıları Qarabağa yerləşdirilib. Onların mübahisəli bölgədə olması indi Azərbaycanın problemi güc yolu ilə həll etməyə çalışmayacağına zəmanətdir. Əvvəlki cümlədəki açar söz “indi”dir.

Sazişin dördüncü bəndini sitat gətirirəm: “Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti tərəflərdən heç biri bu müddəanın tətbiqinə xitam vermək niyyətinin bitməsinə 6 ay qalmış bəyan etmədikdə, avtomatik uzadılmaqla 5 ildir.

Bu aydın şəkildə müəyyən edilmiş ilk beşillik müddətin iki ili artıq keçib. Azərbaycan Rusiya sülhməramlılarının Qarabağda qalma müddətini yeni beşillik müddətə uzatmaq niyyətində deyil.

İlham Əliyevin strateji məqsədi İrəvanı müvəqqəti atəşkəslə deyil, iki ölkə arasında tam münasibətlərin normallaşması ilə razılaşmağa məcbur etməkdir. Və bu şərtlərin əsası Ermənistan tərəfindən Azərbaycanın Qarabağ üzərində qeyd-şərtsiz suverenliyinin tanınmasıdır.

Təbii ki, Paşinyan belə bir güzəştə getmək istəmir. Lakin Ermənistanın Baş nazirinin istəkləri qüvvələrin real uyğunlaşmasından daha az əhəmiyyət kəsb edə bilər.

Yeni geosiyasi reallıqda Azərbaycan obyektiv cəhətdən daha güclüdür. Moskvanın xahişi ilə Əliyev gözləməyə razılaşıb. Amma o, öz yolunu tutmaq niyyətindədir – ya İrəvanın razılığı ilə, ya da razılıq olmadan.

Bunun praktikada nə demək olduğu hələ çox aydın deyil. Amma bir şey aydındır: Bakının Qarabağ üzərində öz nəzarətinin bərpası üçün belə şərtlər Ermənistan əhalisinin əksəriyyəti tərəfindən tam və qeyd-şərtsiz təslim olmaq kimi qəbul ediləcək.

Bu da öz növbəsində Paşinyan üçün onun sağ qalması məsələsini gündəmə gətirir. Müşahidəçiləri heyrətə gətirən odur ki, Ermənistanın Baş naziri iki il əvvəl müharibəni uduzduqdan sonra hakimiyyəti “saxlamağı” bacardı. Ancaq onu daha ciddi sınaq gözləyir. Və bu sınağın daha az ciddi olması üçün Nikol Paşinyan səylə oxları başqalarına çevirir. Necə ki deyir, mən etmədim! Mən məcbur oldum, məcbur etdilər, mənə xəyanət etdilər! Bəs “onlar” kimlərdir? Bu rola yalnız Moskva uyğun gəlir.

Bu, təbii ki, həm də çox ağırdır. Putin elə bir adam deyil ki, cəzasız qoysun. Ona görə də Paşinyan şəffaf eyhamları tərəfdaşlara ünvanlanan komplimentlərlə əvəz edərək mürəkkəb ritorik nağıllar uydurmalıdır.

Paşinyan: KTMT sammitində danışıqlar “açıq, səmimi və müsbət keçdi”. Bir gün əvvəl həmin Paşinyan deyirdi: “Ermənistanın KTMT-yə üzvlüyünün Azərbaycanı aqressiv hərəkətlərdən çəkindirməməsi üzücüdür… Əslində, bu günə kimi Azərbaycanın Ermənistana “təcavüz”ünə KTMT-nin reaksiyası ilə bağlı qərara gələ bilməmişik. Bu faktlar həm ölkə daxilində, həm də xaricdə KTMT-nin imicinə böyük zərbə vurur”.

KTMT deyəndə Rusiyanı nəzərdə tuturuq? Şübhəsiz. Amma diqqət yetirin: Ermənistanın Baş nazirinin tənqidi fikirlərində Rusiya birbaşa olaraq heç bir yerdə görünmür.

Bu, ona lazım gələrsə, “Mən kiməm ki? Mən heç kiməm!” deməyə imkan verir. Qafqazda böyük diplomatik, tezliklə həlledici mərhələyə qədəm qoyacaq oyunun bugünkü özəlliyi belədir”.

Tacxeber.com

Oxşar xəbərlər