• 18 Oktyabr 2024 12:34

Azərbaycan Brüssel görüşündən imtina edir: Qarabağda müharibə başlayır?

“Ümumiyyətlə, Fransanın müzakirələrdə iştirakını tələb etmək geriyə atılmış bir addım olacaq. Çünki biz gördük ki, uzun müddət ermənipərəst Fransa, ABŞ və Rusiyanın ATƏT-in Minsk qrupu çərçivəsindəki fəaliyyətlərinin heç bir nəticəsi olmur”.

 

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Fuad Abbasov deyib.

 

Politoloq dövlət başçısı İlham Əliyevin noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusundakı beynəlxalq konfransda dekabrın 7-də baş tutması planlaşdırılan görüşdən Azərbaycan tərəfinin imtina etməsinin səbəblərinə toxunub.

 

Səbəbləri izah edən siyasi təhlilçi deyib ki, vaxtilə Fransanın bu görüşlərdə ATƏT mandatında iştirakı, həmin torpaqların işğal altında qalmasına status-kvo qazandırırdı:

 

“İndi də Fransanın bu görüşlərdəki iştirakı status-kvonu daha da gücləndirmiş olacaq. Ona görə də, fikrimcə, əgər erməni tərəfi Strasburqda Fransanın iştirakı ilə Azərbaycanla görüş tələb edirsə, Azərbaycan tərəfi də İstanbulda Türkiyənin iştirakı ilə görüş tələb etməklə qarşılıq verə bilər. Yəni “madam siz Fransanı öz arxanızda hiss edirsinizsə, biz də Türkiyəni öz arxamızda hiss edirik” şəklində bir qarşılıq vermək olardı, ən azından siyasi bir bəyanat kimi”.

 

Görüşdən imtinaya toxunan mütəxəssis əlavə edib:

 

“Amma Azərbaycan Prezidenti bu görüşdən tamamilə imtina etdi. Bu nə mənaya gəlir? Bu, Azərbaycanda fəaliyyət göstərən qanunsuz erməni silahlı birliklərin çıxarılması üçün antiterror əməliyyatının başlayacağı mənasına gəlir. Çünki Rusiya prezidenti “Valday”da Moskva variantını ermənilərə təklif etdi, ABŞ-dan isə Vaşinqton variantı gəlir. Ermənilər isə heç birini qəbul etmirlər və bu da azmış kimi, bir də Fransanı bu işə qarışdırmaq istəyirlər. Fransa da uzun illər bu məsələyə status-kvo qazandıraraq, problemin daha da uzadılmasının tərəfdarı olub”.

 

“Qısası, əgər heç bir variant işə düşməsə, bu, artıq antiterror əməliyyatı həyata keçirilərək Qarabağdakı qanunsuz silahlı birliklərin təmizlənməsinə, Laçın dəhlizinin nəzarət altın alınmasına və 10 noyabr 2020-ci il bəyannaməsinin bütün müddəalarının Azərbaycan Silahlı Qüvvələri tərəfindən yerinə yetirilməsinə gətirib çıxaracaq”, – F. Abbasov söyləyib.

 

“Makronun iştirakının Azərbaycan tərəfindən istənilməməsi sizcə, Brüssel formatından imtina kimi qiymətləndirilə bilərmi” sualına isə müsahibimiz belə cavab verib:

 

“Biz Brüssel formatından imtina etməmişik, biz sadəcə olaraq həmin görüşdə Makronun iştirakına etiraz etmişik. Yəni Brüssel formatından imtina edilməyib, əksinə, biz Baş nazir Paşinyanla Brüsseldə görüşməyə razıyıq. Lakin Paşinyan görüşün formatını dəyişdirərək üçüncü dövlətin buraya qatılmasını tələb edir. Biz isə üçüncü dövlətlərin iştirakını istəmirik. Onun üçün də yenə deyirəm, qarşılıq olaraq, bir siyasi bəyanat kimi, burada Türkiyənin iştirakını tələb etmək olardı. Madam siz Fransanın iştirakını istəyirsinizsə, biz də Türkiyənin iştirakını istəyirik. Gəlin, sizin arxanızda Fransa, bizim arxamızda Türkiyə görüşlərə davam edək. Ermənistan da bunu qəbul etməz. Ona görə də Brüssel formatından imtina edilmir, sadəcə olaraq vasitəçilərin iştirakının zəruri olmadığı bu bəyanatla vurğulanır”.

Tacxeber.com

Oxşar xəbərlər