• 23 Noyabr 2024 00:23

Prezidentin Türkiyə mesajının şifrələri: iki qardaş eyni səngərdə olacaq

“Mən Azərbaycan-Türkiyə münasibətləri haqqında danışmağa başlasam, biz onda gərək bir neçə gün burada olaq”.

Prezident İlham Əliyevin “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda səsləndirdiyi bu fikirlər iki qardaş dövlətin və bir millətin illərdir, bəlkə də yüzillərdir arzuladığı, gözlədiyi, uğrunda mübarizə aparığı münasibətlərin, nəhayət inşa edildiyinin ifadəsi hesab edilə bilər. Eyni zamanda, Azərbaycan liderinin qardaş Türkiyəyə nə qədər dəyər verdiyini də özündə ehtiva edən fikilərdir.

Türkiyə və Azərbaycan qardaşdır, biz bir millət, iki dövlətik və hər nə olursa olsun, bu milləti bir-birindən ayrı salmaq mümkün deyil. Zamanında buna cəhdlər edilsə də, milli kimlik həmişə milli birliyimizi diri tutub.

Amma və lakin…

Bir millətin iki dövlətini idarə edənlərdən də çox şeyin asılı olduğu həqiqəti var. Bu, tarix və təcrübə ilə isbatlanıb. Tariximizin kədərlə qarşıladığımız səhifələrinə baxdıqda, birliyimizin, qardaşlığmızın bu gün hansı zirvəyə yüksəldiyini sevinclə izləyirik. Və bütün bunlara nail olan da liderlərdir – İlham Əliyev və Ərdoğan.

Azərbaycan lideri Türkiyə ilə münasibətləri üç sözlər ifadə edir: “Biz qardaşıq, dostuq, müttəfiqik”. Bu iki ölkənin qardaş və dost olması ilə yanaşı, müttəfiq olmasını da önə çıxarır, Əliyev bunu məhz ona görə ifadə edir ki:

– Təkcə qardaş və dost yox, həm də müttəfiqik və bu o deməkdir ki, Azərbaycana qarşı istənilən addım Türkiyəyə, Türkiyəyə qarşı istənilən addım Azərbaycana qarşı sayılmış hesab olunur;
– Qardaşlığımız tarixin sınağından çıxıb, lakin zamanında müttəfiqlik faktoru heç də indiki səviyyədə olmayıb: Prezidentin verdiyi mesaj da məhz bundan ibarətdir;

Şuşa Bəyannaməsi bunun əyani nümunəsi idi. Bəyannamənin imzalanmasına qədər iki ölkə müttəfiq kimi addım atıb, lakin ötən lı Şuşada imzalanan müttəflik haqqında bəyannamə bu reallığın rəsmiləşməsi deməkdir.

Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsini ana və əlavə müddəalar olaraq şərh edə bilərik. Bəyannamənin mətnində hər şey açıq şəkildə ifadə olunur.

– İki ölkənin silahlı qüvvələri tərəflərdən birinin ərazi bütövlüyünə təhdid, yaxud müdaxiləyə qarşı birgə addım atacaq;
– İki ölkənin ordusu hərbi arsenalın təminatından tutmuş təlimlərə qədər, bütün istiqamətlərdə birgə fəaliyyət göstərir;
– İki ölkənin Milli Təhlükəsizlik Şurası mütəmadi olaraq birgə iclaslar keçirir və milli maraqların qorunması ilə bağlı qərarlar verir;
– İki ölkənin beynəlxalq siyasi platformada birgə fəaliyyəti genişləndirilir;

Bu siyahını kifayət qədər uzada bilərik, məğzi və mahiyyəti dəyişməyəcək. Çünki Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının təbii nəticəsidir.

Və bu qardaşlıq regionda həlledici amilə çevrilib.

Birincisi, iki ölkənin ordu quruculuğunda birgə addımları mühüm əhəmiyyət kəsb edir: bir il ərzində 10-dan artıq birgə təlimlər keçrilib, hərbi sferada əməkdaşlıq inkişaf etdirilir.

Prezidentin çıxışında Türkiyə ilə bağlı ən mühüm mesajlardan biri də məhz bu idi.

“Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada, həmçinin bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada türk ordusu da var. Sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar”, – dövlət başçısı elan etdi.

Və bununla həm Türkiyənin, həm Azərbaycanın düşmənlərinə açıq mesaj verdi ki, istənilən təhlükəyə qarşı iki ordu bir səngərdə döyüşəcək.

İkincisi, Türkiyə və Azərbaycanın siyasi birliyi, bu birliyin regionda gücə çevrilməsi, eləcə də sabitliyə xidmət etməsidir.

Prezident bəyan etdi ki, Türkiyə ilə Azərbaycan arasında işbirliyi və onların birgə fəaliyyəti bölgədə sabitliyin möhkəmləndirilməsinə yönəlib”.

44 günlük müharibədə bunun şahidi olduq. Türkiyənin Azərbaycana siyasi dəstəyi, müharibənin ilk günündən Prezident Ərdoğanın sərgilədiyi mövqe üçüncü qüvvələrin proseslərə müdaxiləsinin qarşısına sədd çəkdi və nəticə etibarilə Azərbaycan torpaqlarında 30 illik işğala son qoymaqla yanaşı, regionda sülh perspektivləri də yarandı. Halbuki, Türkiyə faktorunun olmaması üçüncü qüvvələrin prosesə müdaxiləsi və daha böyük qarşıdurmaların yaşanması ilə nəticələnə bilərdi.

Müharibədən sonra Bakı və Ankaranın fəaliyyəti də bölgədə sülhə, sabitliyə, əməkdaşlığa xidmət edir.

– Zəngəzur dəhlizi layihəsi bütün region ölkələrinə dividentlər gətirəcək;
– “3+3 formatı” bütün region ölkələrinin bir platformada birləşməsinə və ümumilikdə bölgənin inkişafla nəticələnəcək gələcəyinin inşa edilməsinə hesablanıb;

Bu baxımdan, regionun gələcəyini dəyişdirən və sülhün, sabitliyin, inkişafın qapısını açan 44 günlük müharibə, əslində Azərbaycan və Türkiyənin ortaq tarixidir. Prezident İlham Əliyev də bu ilin 20 oktyabr tarixində Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında “bu şanlı tarix bizim müştərək tariximizdir” deyə vurğulamışsı.

Bu gün regiona sülhü gətirən Türkiyə-Azərbaycan birliyi azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasında mühüm rol oynayır.

Bu qardaşlıq, bu birlik və əməkdaşlıq həm də əcdadlarımızın mirasının qorunmasıdır. Azərbaycan liderinin bu haqda fikirləri tarixi əhəmiyyət kəsb edir.

– “Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir”;
– “Hər yerdə Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir və bu, zəmanəmizin tələbidir”;
– “Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir”;

Bu gün Türkiyə və Azərbaycan birliyi yüksələn gücdür. Bu güc həm regional, həm də qlobal proseslərdə mühüm rol oynayır və proseslər də göstərir r ki, regionun gələcəyini də Bakı və Ankara müəyyən edəcək.

Tacxeber.com

Oxşar xəbərlər