• 23 Noyabr 2024 04:26

Gəncliyin bəlasına çevrilən narkotik

“Bir dəfə dadına baxım, bir də yaxın durmayacam”, deyənlər görmüşük ki, bu gün məzarına gül qoyuruq.

İlk dəfəsi belə asılılıq yaradır və bir göz qırpımında insanın işıqlı dünyasını zülmətə çevirir. Söhbət metamfetamindən gedir – burada o, daha çox “patı”, “şüşə” adlarıyla məşhurdur.
“Patı” Azərbaycanda son 3 ildə şiddətlə yayılmağa başlayan sintetik, süni narkotik vasitədir.
Efedrin və psevdoefedrin molekulunu hidrogenləşdirilərək əldə edildiyi üçün istehsalı çox rahatdır. Yəni, demək olar ki, hər yerdə istehsal oluna bilir. Elə bu üzdən üçüncü dərəcli ölkələrdə, kasıb toplumlarda ən çox dolaşan narkotik vasitələrdəndir.
Gəncliyin bəlasına çevrilən narkotik
Qiyməti ucuz, təsiri şiddətli!
İlk istifadədə olduqca yüksək eyforik həzz bəxş edir. Amma unutmayın ki, bu həzz insanın növbəti bir neçə gün ərzində bədəninin verəcəyi adrenalin və həzzindən kəsilir. Bu maddədən istifadə etdikdə insan növbəti bir neçə gün ərzində 3-4 saatlıq yaşanan həzzin zülmünü çəkir. Və istifadə olunan maddə kristallaşaraq heç vaxt bədəni tərk etmir.
Bəli, qiymətinin ucuz olmasına, əldə olunmasının rahatlığına baxmayaraq metamfetamin insan orqanizminə mənfi təsir etibarilə ən şiddətli narkotiklərdəndir.
Pişik sidiyi iyi verən bu vasitə şüşə formasındadır və elə şüşə kimi şəffafdır. Bizimkilərin ona verdiyi “patı” adı da elə “padpress”dən götürülüb. Çünki metamfetamin maşın şüşəsinin qırıntılarına çox bənzəyir.

Qiymətinin ucuz olması bu vasitəni xüsusi bəlaya çevirir, çünki onu yeniyetmələr, uşaqlar da əldə edə bilir. Digər vasitələri əldə etmək üçün müəyyən madiyyat tələb olduğundan, onu hər kəs ala bilmir və beləliklə, həmin vasitələrin təhlükəsi metamfetaminə nisbətən daha az arealı əhatələyir.
Metamfetaminin öldürücülük qabiliyyəti çox yüksəkdir. Mütəmadi istifadə zamanı insanı bəzən 1 il ərzində də öldürə bilir.
İstifadə zamanı insanın dişləri çürüyür, ağzından kəskin-murdar qoxu gəlir, üz qırışır, cazibəsini itirir, insan öncə cinsi, ardınca bütün hisslərini itirməyə başlayır. Əsəblər korlanır, sonra bütün daxili orqanlar sıradan çıxır.
Son günlər DİN tərəfindən narkotik vasitələrə — xüsusilə də metamfetamininə qarşı aparılan əməliyyatlar ölkədə yaranmaqda olan böyük həcmli bəlanın qarşısını almaqda xüsusi rol oynayır.Lakin təcrübə göstərir ki, bu tip vasitələrin istifadəsinin qarşısının alınması üçün hüquq mühafizə orqanlarının mübarizəsi bəs etmir. Valideynlər bu işdə daha sayıq olmalıdır və xüsusilə də gənclər narkotik vasitələrin — xüsusən də, metafetaminin (“patı”) dadına baxmaq fikrinə düşdükdə, elə o an da fikrindən daşınmalıdır. Çünki mütəxəssislər deyir ki, metamfetamin elə ilk istifadədən asılılıq yaradır, artıq ikinci-üçüncü istifadə insanı geriyə dönüşü olmayan bir yola çəkir. Hansı ki, bu yolun başı – ölümdür. Həm də bu ölüm çox da uzaqda deyil.Özünüzü ölümün pəncəsinə belə rahatlıqla təslim etməyin!

Oxşar xəbərlər