• 27 Noyabr 2024 02:01

Qohumla nigahın fəsadları

Qohum nikahların fəsadları barədə maarifləndirmə işlərinə baxmayaraq, Azərbaycanda bu gün də kifayət qədər qohumlar arasında nikahlar bağlanır.

“Əmiqızı ilə əmioğlunun kəbini göydə kəsilib” və ya “Özümüzünkülərdən alaq, ətimizi yesə də, sümüyümüzü çölə atmaz” deyimləri bizdə çox məşhurdur və qohum nikahlar adət halını alıb. Ekspertlərin fikrincə, xüsusilə də, kənd və rayonlarda qohum nikahlar çox qurulur və belə nikahlardan doğulan uşaqların xəstə olması riski çox yüksəkdir.
Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun böyük elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Aynurə İsmayılova bildirir ki, qohum nikahdan doğulan uşaqlar qohum olmayanların nikahından doğulan uşaqlarla müqayisədə daha çox xəstə olurlar:
«Qohum nikahların əsas fəsadı doğulan uşaqlarda qohumla nigahın fəsadlarıgenetik xəstəliklərin rastgəlmə tezliyinin daha çox müşahidə olunmasıdır. Qohumlar arasında bağlanmış nikah sonsuzluğun da səbəbi ola bilər, ya da dünyaya gələn uşaqlarda əzələ, sinir sistemi xəstəlikləri olur və ya bu uşaqlar anadangəlmə qüsurlarla da dünyaya gələ bilər. Şikəst uşaqların doğulmasında genetik yaxın olan xəstəlik daşıyan genlərin büruzə verilməsidir».
Elə də qohum nikahlar var ki, onların uşaqları sağlam doğulur. Böyük elmi işçi bununla bağlı bildirib ki, onların uşaqları sağlam olsa da, həmin uşaqlardan gələcəkdə dünyaya gələn uşaqlar xəstə doğula bilər: «Belə bir araşdırma aparıblar ki, qohum nikahlardan sağlam uşaqlar doğula bilər, amma sonradan onlar ailə qurduqda müəyyən nisbətdə sonsuzluğun rast gəlinmə tezliyi daha yüksəkdir. Yəni, birinci nəsildə yox, ikinci nəsildə bunun fəsadları üzə çıxa bilər».

Həmsöhbətimiz qeyd edir ki, tərəflər qohum nikahı qurmağı qərara alıblarsa, genetikin qəbulunda olmalıdırlar. Həkim genetik onların nəslində hansı xəstəliklərin olduğunu araşdırır. Onların qohumlarında ya əzələ zəifliyi, ya ifliclə doğulan uşaqlar, ya sinir sistemlərində problemləri, ya da anadangəlmə genetik problemləri olan uşaqlar varsa, bu araşdırılır. «Eləcə də, nikaha daxil olmaq istəyən tərəflərin talassemiya daşıyıcısı olub-olmaması da yoxlanılır. Əgər hər iki tərəf daşıyıcıdırsa, onlardan dünyaya gələn uşağın talassemiya xəstəliyinə tutulma riski çox yüksəkdir. Məsələn, Türkiyədə nikaha girməyən insanlarda belə talassemiya daşıyıcısı olub-olmaması yoxlanılır. İnsanlar bilirlər ki, kim talassemiya daşıyıcısıdır, kim deyil. Əgər iki daşıyıcı bunu bilirsə, onlar özləri ailə həyatı qurmaqdan çəkinirlər. Türkiyədə bununla talassemiya xəstəliyinin qarşısını alıblar, talassemiya xəstəliyi ilə doğulan uşaqların sayı getdikcə ildən-ilə azalır».
Ümumiyyətlə, İsmayılova qohumların nikaha daxil olmasını tövsiyə etmir: «Tərəflərə vaxtında demək lazımdır ki, qohum nikahlardan çəkinsinlər. Qohum nikahların azalması xəstə uşaqların doğulma riskini azaldır. Qohum olmayan cütlüklərdə daha sağlam uşaqlar dünyaya gəlir. Çünki burada genlərin yenilənməsi prosesi gedir. Eyni, yaxın genlər olan zaman bir xəstəlik varsa, bu, özünü tez bürüzə verir. Amma qarışıq genlərdirsə, yad insanlardırsa, genetik informasiya daha müxtəlif olur və onların izidvacından daha sağlam uşaqlar doğulur».
Onun sözlərinə görə, savadlı insanlar qohum nikahların hansı fəsadlarının, problemlərin olduğunu bilirlər. Bu səbəbdən də qohumla nikaha girməkdən çəkinirlər. «Amma kənd, rayon yerlərində, demək olar ki, qohumla nikah qurmaq adəti qalıb. Regionlarda bu səpkidə maarifləndirmə işi zəif olduğundan qohum nikah problemi aktualdır. Kənd yerlərində qohum nikahların tərəfdarı olanlar çoxdur. Bu səbəbdən də rayon və kənd yerlərində qohum nikahların fəsadları ilə bağlı maarifləndirmə işlərinə ehtiyac var».
Qeyd edək ki, qohum nikahlar Cənubi Hindistanda çox geniş yayılıb. Qohum evliliklərdə problemli uşaqların doğulma riski digərlərinə nisbətən, ikiqat artaraq 8-9 faiz təşkil edir. Almaniya qohum evliliklərinə çox az təsadüf edilən ölkələrdəndir. Xalqın təhsil səviyyəsi və genetik xəstəliklər mövzusundakı məlumatının artması, bu cür evliliklərin 0,3 faizdən aşağı düşməsinə, hətta böyük şəhərlərdə daha da azalmasına səbəb olub. Yaponiyada isə qohum evlilikləri 6 faiz nisbətindədir, hətta adalarda 29 faizə yüksəlməkdədir. Ərəb ölkələri, Cənubi Hindistan, Misir və Türkiyə kimi ölkələrdə isə bu nisbət daha da yüksəkdir. Avropa və Amerikada isə qohum evliliklərindən doğulacaq uşaqların qüsurlu, irsi xəstəliklər və əqli qüsurlu olma vəziyyəti geniş yayılıb. Qohum evliliyində olan problem, sağlam olan şəxslərin genlərində daşıdıqları xəstəliklərin uşaqlarına keçməsidir. Birinci dərəcə qohumlar arasında evliliklərdə genlərin 1/8-i paylaşıldıqda genetik olarak aşkarlanan xəstəlik riski 3 faizdir. Aralarında qan bağı olmayan ata-analardan doğulan uşaqlarda isə 2 faizdir. Birinci dərəcədən qohumlar arasındakı evliliklərdə uşaqlarda düşmə, ölü doğum, beyin iflici göstərilir.

Maraqlı faktlar 

Tacxeber.com

Oxşar xəbərlər