• 22 Dekabr 2024 10:28

IMEI ilə bağlı 12 minlik cərimə təklifinin mahiyyəti açıqlandı

“Telekommunikasiya haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərin mahiyyəti açıqlanıb.

Tacxeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, qanun layihəsi mobil cihazların qeydiyyatının aparılmasının hüquqi əsaslarını müəyyən edir və qeydiyyatın aparılmasından yayınmaq məqsədilə mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsini və ya surətinin köçürülməsini, habelə İMEİ nömrələri mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara mobil operator tərəfindən telekommunikasiya xidmətlərinin göstərilməsini qadağan edir.

İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən həmçinin mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsinə və ya surətinin köçürülməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur.

Qeyd etmək lazımdır ki, IMEI (International Mobile Equipment Identification) nömrə mobil cihazlar üçün tək və bənzərsiz olaraq təsis edilmiş beynəlxalq identifikasiyanı (eyniləşdirməni) göstərən 15 rəqəmdən ibarət nömrədir, IMEI nömrə GSM Assosiasiyası tərəfindən təyin edilir və yalnız mobil cihaz istehsalçısı olan şirkətlərə ayrılır. Mobil cihazın IMEI nömrəsi barədə məlumatı həmin cihazda *#06# yığmaqla əldə edilir. IMEI nömrənin qeydiyyatının aparılmasının üstünlükləri aşağıdakılardır:

– şəxsin identifikasiya edilməsi (xüsusilə əməliyyat-axtarış tədbirləri üçün şəxsin identifikasiyası);

– cihazın itirilməsi, oğurlanması və digər qeyri-qanuni yollarla ələ keçirilməsi zamanı, mülkiyyətçi hüquqlarının qorunması məqsədilə istifadəsinə məhdudiyyətin tətbiqi;

– gömrük rəsmiləşdirilməsindən və gömrük ödənişlərindən yayınmaların minimuma endirilməsi;

– ölkəyə mobil cihazın idxal statistikasının müəyyən edilməsi.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə IMEI nömrəsini dəyişənlərin on iki min manat cərimə ediləcəyi ilə bağlı əlavə olunur. Yeni maddəyə əsasən, mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın IMEI nömrəsinin dəyişdirilməsinə və ya surətinin köçürülməsinə görə fiziki şəxslər 300 manatdan 400 manatadək, vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək, hüquqi şəxslər 3 000 manatdan 4 000 manatadək məbləğdə cərimə ediləcək.

Yuxarıda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 600 manatdan 800 manatadək, vəzifəli şəxslər 2 000 manatdan 2 500 manatadək, hüquqi şəxslər 9 000 manatdan 12 000 manatadək məbləğdə cərimə olunacaq.

Qanuna dəyişiklik layihəsi qəbul olunacağı təqdirdə 2023-cü ilin aprelin 1-dən qüvvəyə minəcək.

Tacxeber.com

Oxşar xəbərlər