Rusiyanın Moskva vilayətində mütəxəssislər meningit ocaqlarını lokallaşdıra biliblər.
Tacxeber.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) regional idarəsində məlumat verilib.
Bildirilib ki, meninqokok infeksiyası epidemiyası İstrada qeydə alınıb. Ümumilikdə, işçiləri arasında azərbaycanlıların da olduğu “Ozon” anbarında beş meningit ocağı müəyyən edilib.
“Müxtəlif yaşda və millətdən olan 1,5 mindən çox vətəndaş, o cümlədən qonşu ölkələrdən gələnlər mümkün təmas səbəbindən yoluxma riski ilə üzləşiblər. Onların hamısı mütəxəssislərin nəzarətinə götürülüb”, – deyə “Rospotrebnadzor”un regional idarəsindən xəbər verilib.
Mətbuat xidməti əlavə edib ki, infeksiya ocaqlarında epidemiya əleyhinə və profilaktik tədbirlər, o cümlədən dezinfeksiya işləri davam etdirilir. Anbar işini davam etdirir.
Xatırladaq ki, noyabrın 28-də “Ozon” anbarının işçiləri arasında 30-dan çox yoluxma hadisəsi barədə məlumat yayıldı. Qırğızıstanın Rusiyadakı səfirliyinin yaydığı məlumata görə, yoluxanlardan yeddisi Qırğızıstan vətəndaşı, digərləri isə Belarus, Tacikistan, Özbəkistan və Azərbaycan vətəndaşlarıdır.
Təsdiqlənməmiş məlumatlara görə, epidemiya nəticəsində bir nəfər ölüb.