• 23 Noyabr 2024 05:08

Xəzərdə suitilərin kütləvi qırğını: 70-80 faiz azalıb… – Şok səbəb

Xəzər dənizinin Dağıstan sahillərində 2500-ə yaxın suiti cəsədi tapılması barədə məlumat vermişdik. Rusiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumata görə, suitilər Sulak və Şurinka çaylarının mənsəbləri arasındakı ərazidə aşkar edilib.

Ölən heyvanların sayının hesablanması davam edir.

“Bu, son on ildə Xəzər suitilərinin ən kütləvi tələfatıdır. Səbəblər ölmüş heyvanların patoloji materialının laboratoriya tədqiqatlarından sonra müəyyən ediləcək”, – məlumatda qeyd olunur.

Əldə etdiyimiz məlumata görə, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi də faktla bağlı araşdırmaya başlayıb. Suitilərin tələfatının ölkəmizin sahillərində baş verib-verməməsi, o cümlədən səbəbləri barədə rəsmi məlumat yayılacaq.

Maraqlıdır, bu cür faktların baş verməsinə adətən nə səbəb olur?

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının aparıcı elmi işçisi, dosent Süleyman Süleymanov Teleqraf.com-a bildirib ki, bir neçə il əvvəl Xəzərin Azərbaycan sektorunda da suitilərin kütləvi tələfatı qeydə alınıb.

O xatırladıb ki, həmin vaxt ölkə ərazisində heyvanların kütləvi ölümü ilə bağlı aidiyyəti qurumların birgə işçi qrupu yaradıldı: “Aparılan müşahidələr onu deməyə əsas verir ki, son 10 ildə Xəzər dənizində güclü çirklənmə prosesi gedir. Bu da neft-qaz işlərinin daha da sürətlənməsi ilə əlaqədardır. Təbii ki, bu fakt təkcə Azərbaycan ərazisinə aiddir.

ETSN-nin nümayəndələri və ekspert qrupu ilə birgə Xəzərin Prişağı ərazisində suitilərinin tələf olması ilə bağlı monitorinq apardığımız zaman suitilərin ölümünə səbəb olaraq iki variant üzərində dayandıq: çirklənmə və suitilərin üzərində küt alət izləri. Məlumdur ki, Xəzər dənizində balıq ehtiyatları tükənib. Suitilər qidalanmaq üçün məcbur olub balıqçıların torlarına müdaxilə edib orada olan balıqları yeyirlər. Bu zaman tora düşən suitilərini balıqçılar ya küt alətlə məhv edir, yaxud da xəsarət yetirirlər.

Sahilə çıxmış suitilərinin cəsədlərinə baxanda gördük ki, onların bədənində bir neçə yerdə küt alət izləri var. O vaxtı bunun fotolarını da çəkmişdik. Bu, son deyil.

Təbii ki, Dağıstan sahillərində 2500-ə yaxın suiti cəsədinin tapılması faktı balıqçılar tərəfindən edilə bilməz. Böyük ehtimalla zəhərlənmə faktı var. Burada suyun hər hansı bir toksiki metal və ya radioaktiv tullantılarla çirklənməsindən söhbət gedir. Bu tullantılar ekoloji tarazlığı ciddi təhlükə altında qoyur. Sözügedən faktla bağlı öncədən nəyisə demək çətindir. Ancaq heyvan cəsədlərindən götürülmüş patoloji materialının laborator analizinin nəticəsindən sonra dəqiq səbəb bilinəcək”.

Yayılma ehtimalı…

Müsahibimiz deyir ki, suitilərin kütləvi şəkildə ölməsi halı birinci dəfə deyil baş verir: “Xəzərin bütün istiqamətində onların kütləvi qırıldığını müşahidə etmişik. Şirin su ilə şor suda fərq var. Dəniz suyunda xəstəliyin yayılması şirin suya nisbətən az olur. Dəniz balaca bir ərazi deyil, burada yoluxucu xəstəliklərin yayılması ağlabatan görünmür. Böyük ehtimalla dəniz suyunu çirkləndirən hansısa bir komponent suitilərə təsir edib.

Vaxtaşırı müxtəlif balıq növlərində, xüsusilə kefalda kütləvi şəkildə qırılmalar müşahidə edirik. Bu zaman suyun dibində və üz qatında olan balıqlardan nümunə götürüb analizə veririk. Onların qara ciyərlərində, öd kisələrində toksiki maddələrin payının nə qədər olmasına baxırıq. Yalnız bundan sonra onların ölüm səbəbi haqqında dəqiq fikir bildirmək olar”.

Məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma aparmasına gəlincə, Süleyman Süleymanov təmsil etdiyi institutun suiti ilə məşğul olmadığını deyib: “Ekologiya Nazirliyinin bir qrup eksperti var ki, onlar bu işlə məşğul olurlar. Biz son iki ildə dənizə çıxmışıq. Bizə dedilər ki, görün Xəzərdə suitinə rast gələcəksinizmi… Ekspert qrupu olaraq 3-4 dəfə suitinə rast gəldik. Amma əvvəlki illərdə hər 10 dəqiqədən bir suitinə rast gəlmək olurdu. Demək olar ki, onların sayı təxminən 70-80 faiz azalıb.

Suitilər artım üçün Xəzərin cənubundan şimalına miqrasiya edirlər. Müşahidələrimiz göstərdi ki, şimalda suitilərin tələfatı daha çox qeydə alınır. Yəni, Azərbaycanla müqayisədə şimalda daha çox ölüm faktı aşkarlanır. Suitilər kürüləmək üçün Xəzərin şərq hissəsinə gəlirlər”.

Suitilərin sayının azalması onların adlarının “Qırmızı Kitab”a düşməsinə səbəb ola bilərmi?

Süleyman Süleymanov deyir ki, əraziyə görə hər bir kvadrat kilometrə düşən canlının sayı hesablanır: “Bu hesablamanın nəticəsində suitilərinin adının “Qırmızı Kitab”a salınıb-salınmaması deyilə bilər. Bu, bir ilin işi deyil, gərək ardıcıl 5-10 il müşahidə aparıb görəsən ki, həqiqətənmi azalma, yoxsa bərpa olma prosesi gedir. Yalnız bu müşahidələr əsasında qiymətləndirmə edib “Qırmızı Kitab”a salmaq olar.

Ümumiyyətlə, ildən-ilə təbiətdə canlıların sayı azalır, sıradan çıxır. Ekoloji şərait dəyişir. Paralel olaraq dənizə tökülən çayların suyunun miqdarı da azalır. Səbəblər çoxdur, bir nəticə ilə kifayətlənmək mümkün deyil”.

Tacxeber.com

Oxşar xəbərlər