• 23 Noyabr 2024 10:59

Fəryad filmi haqqında maraqlı məlumatlar

 

“Fəryad” filmi deyən kimi dərhal filmin özü keçir arxa plana, ön plana Ceyhun Mirzəyev gəlir. Simasındakı Qarabağ nisgilindən, həsrətindən, ahından yaranan fəryadla.
Filmin hazırlığına 1992-ci ilin sonlarında başlanmışdı. Çəkilişlərə 1993-cü ilin yanvarında start verilib. Ona qədər aktyorların seçimi üçün sınaq çəkilişləri keçirilirdi. İsmayıl roluna çox aktyor sınağa dəvət edilib, hətta Fəxrəddin Manafov.
Fəryad filmi haqqında maraqlı məlumatlar
Ssenari müəllifi Vaqif Mustafayevlə rejissor Ceyhun Mirzəyev “İsmayıl obrazının canlı alınması üçün aktyor oynamalı yox, yaşamalıdır” — deyə qərara gəlirlər ki, Ceyhun Mirzəyev özü çəkilsin.
Filmin operatoru Kənan Məmmədov isə Ceyhunun Mirzəyevin dolu bədənli olduğunu arqument gətirib, alınmayacağından ehtiyat edirdi.
Çəkilişlər səkkiz ay davam edib. Goranboy rayonunda, Murov dağının ətəyində həmin il qış həmişəkindən daha sərt idi, elə bil.  
20 nəfərlik çəkiliş qrupu Naftalanda pansionatda yerləşib, hər gün Murovdağ, Zeyvə, Qaraçinar kəndlərinə çəkilişə gedib, gecə vaxtı pansionata qayıdıb dincəlirmişlər.

 
“Fəryad” filminin əsas qəhrəmanı İsmayılın Xankəndində əsir saxlandığı yer “Azərbaycanfilm” kinostudiyasının pavilyonunda qurulub, çəkilib.
Onu da deyək ki, ssenari real hadisələr əsasında yazılıb, İsmayıl real obrazdır.

Ssenari müəllifi və rejissor əsirlikdən qaytarılan, hospitalda yatan həmin adamla görüşüblər.
Filmdəki zirzəmi səhnəsi 5-ci kardioloji xəstəxananın zirzəmisində lentə alınıb.
Filmin operatoru Kənan Məmmədov deyir ki, o çətin çəkiliş prosesində Ceyhun Mirzəyevin filmi, obrazı necə yaşadığını görüb, onun haqqında “rola uyğun deyil” rəyi verməkdə yanıldığımı anladım.

Murovdağın ətəyində filmin ən ağır kadrları lentə alınıb. Möhkəm qar yağıb, yerdə oturmuşdu. Naftalanda pansionatda Xocalı qaçqınları yaşayırdı. Çəkiliş məsulları gedib onlarla danışıblar ki, Xocalı faciəsini filmə çəkirik, gəlin həmin səhnədə özünüz çəkilin ki, daha canlı olsun. Canla-başla razılaşıblar. Düşünüblər ki, belə bir filmin çəkilməsi təbliğat vasitəsi kimi xeyrimizə işləyər, yurdlarına qayıtmağa kömək edən bir detal olar. O vaxt səsimizi dünya eşitmirdi, faciələrimizi özümüz qışqırıb, özümüz də eşidirdik. Dünyanı biz maraqlandırmırdıq. Sonunda bunları anlayıb, özümüz həll etdik məsələmizi. Görünür, bu zamanın yetişməsi üçün “Fəryad” filmi də çəkilməli idi.
Fəryad filmi haqqında maraqlı məlumatlar

Filmdə qarın üstünə yıxılan yaralı insanlar Xocalı sakinləri özləridir. Kadrların yaxşı alınması üçün təbii ki, həmin anda nə operatoru, nə ssenari müəllifini insanların nə yaşadığı barədə düşünməyə vaxtları belə olmayıb. “Sən burdan yıxıl, sən belə qışqır” – deyə göstəriş verən operator Kənan Məmmədov deyir ki, bir də gördüm, kimsə hönkürüb ağlayır. Dönüb gördüm Ceyhun Mirzəyevdir: “O faciədən sağ çıxanlara burda onu yenidən yaşadıb, öldürməyək, dayandırın” — deyir.
Kadrlar o qədər real alınır ki, o vaxt televiziyalar real Xocalı kadrları ilə filmin kadrlarını süjetlərdə bəzən dəyişik salıb verirdilər.
Filmdə istifadə edilən silahları kinostudiyanın pirotexnika şöbəsinin rəhbəri Əlibala Məmmədov tapmışdı, bəzilərini şöbənin anbarından, bəzilərini də hərbi hissələrdən.
Filmin büdcəsi yox dərəcəsində olduğundan hamı Qarabağ mövzusu üçün müəyyən güzəştlər edirdi. Hətta musiqiləri AzTV-nin səsyazma studiyalarında səsləndirilib. Bunun üçün bəstəkar Cavanşir Quliyev sədrə müraciət edib və razılıq alıb. Bəstəkardan söz düşmüşkən, Cavanşir Quliyev filmin sonluğu üçün əla bir musiqi-marş bəstələyib, amma sonda qərar alınıb ki, onu verməsinlər. Bəstəkar özü bu barədə heç nə deməsə də, belə başa düşdük ki, o vaxtın məğlub ruhu ilə musiqinin mübarizə havası uyğun gəlməyib. Amma bu gün üçün o marş lap yerinə düşür, hər şeyin öz zamanı. Odur ki, yazının sonunda həmin musiqini təqdim edəcəyik.
Aktrisa Sənubər İsgəndərova filmdə bircə kadra çəkilib. Deyir ki, Ceyhun Mirzəyevlə dost idik, o, dedi, mən də təmənnasız çəkildim: “Və indi deyirəm ki, nə yaxşı o filmdə bircə kadrlıq da olsa, əməyim var”.
“Ögey ana”dakı İsmayılı bu filmə gətirmək ideyası isə çəkiliş prosesində Ceyhunun öz ağlına gəlib. Yaradıcı qrup ideyanı bəyənib, bir əlavə ilə — İsmayılın cəbhəyə yola salındığı kadra “Ögey ana”dan balaca İsmayılın atasının arxasınca ağladığı səhnəni salmaqla məsələ həll olunub.
Ceyhun Mirzəyev filmin çəkilişlərində tez-tez ürək ağrılarından şikayət edirmiş. Xanımı Lidiya Mirzəyeva müsahibəsində demişdi ki, Ceyhun çəkilişlərdən evə gələndə elə bil müharibənin özündən gəlirdi, döyüşdən çıxana oxşayırdı: “Gecəni də yata bilmirdi, ah-ufla o tərəf, bu tərəfə çevrilirdi yatağında”.

Doğulduğu Ağdamın Abdal-Gülablı kəndinin itkisinə, Xocalı faciəsinə, Qarabağ dəhşətlərinə hayqırtısı. Son dəfə hayqırdı və ürəyi partladı. Filmin montajına qədər dözmədi. O qədər real yaşadı filmdəki rolunu. 
İsmayılın döyüldüyü, işgəncə verildiyi kamera səhnələri Bayıl həbsxanasında lentə alınıb, Stalinin yatdığı kamera ilə üzbəüz kamerada.


Cavanşir Quliyev danışır ki, Ceyhun səhnələr təbii alınsın deyə özünü həqiqətən döydürürdü. Onu kaskadyorun əvəz etməsi təklif edilsə də, razı olmadı. Bir kadr isə dəfələrlə çəkilirdi: “Bəlkə də o döyülən səhnələrdə ürəyindəki tromb tərpənib deyə az sonra ürəyi partladı”.
Kənan Məmmədov danışır ki, öz paltarının altından ona zirehli gödəkçə geyindirmişdik, amma onları soyunanda gördük ki, bədənində döyülən yerlər göyərib.
Ceyhun Mirzəyevin vertolyotla çəkildiyi kadrlar yenə Goranboyda çəkilib. Vertolyotu isə Gəncədən Surət Hüseynov göndərib. Cəmi iki saata vertolyot çəkilib qayıtmalı idi. Ha gözləyirlər gəlib çıxmaq bilmir, hava şəraiti uyğun olmadığından, dumanlı olduğundan düşünürlər yəqin gəlməyəcək. Bir də eşidirlər ki, səsi gəlir. Bir neçə dəqiqədən sonra dumanın içindən vertolyotun özü çıxır. Kadrı 20 dəqiqəyə çəkirlər, bəzi məqamlarda Çingiz Mustafayevin çəkdiyi kadrlar bədiiləşdirilib: “Gör körpə uşağın başına nə oyun açıblar” dediyi yerdən.
Vertolyot missiyasını yerinə yetirib geri dönmək istəyəndə xarab olub, iki saat əvəzinə çəkiliş meydanında dörd saat qalmalı olub. Pilot pəri açıb düzəldəndən sonra gedə biliblər. 
Çəkiliş vaxtı Ceyhun Mirzəyevin səhhətində ciddi narahatlıqlar yaranıb. Ürəyində problem olduğu üçün orqanizmi zəifləmişdi. Soyuq hava, ürəyi zəif adam. Üstəlik də çəkilişlərdən birində az qala ölmüşdü.
Vertolyota zərərçəkənləri mindirib özü balaca qız uşağını işgəncə ilə öldürən erməninin üstünə gedəndə hiss edir ki, düz boğazını üzə biləcək yerdə nazik məftil çəkilib. Çölün düzündə o məftili ora kim hansı məqsədlə çəkmişdi aydın olmayıb, amma Ceyhun Mirzəyev son anda əli ilə məftili qaldırıb keçdiyi üçün ovcunun içi kəsilib.
Filmdə rus və gürcü aktyorlar da çəkilib, epizodik kadrlarda. Erməni dilində danışılan səhnələri isə İrəvan teatrının aktyoru Vidadi Əliyevlə oğlu, SOY kompaniyasının rəhbəri Oqtay Əliyev səsləndiriblər.
Fəryad filmi haqqında maraqlı məlumatlar
Yalnız Məlik Dadaşov öz hissələrində səsini başqasının səsləndirməsinə razı olmayıb ki, mənim səsimi əvəz edə bilən olmayacaq. Aktyor özü mətni erməni dilinə çevirtdirib, əzbərləyib və səsləndirib. Görünür, bu qədər təbii oynadığı üçün aktyor sonralar küçəyə çıxa bilmirmiş, hamı onu “erməni” adlandırırmış. Bir dəfə hətta onu döymək istəyən kütlənin əlindən aktyoru sənət dostları güclə almışdılar.
İsmayılın dostu Rövşən rolunu oynayan aktyor Hacı İsmayılovla Ceyhun həyatda dost olublar. Aktyor deyir, ilk dəfə milli ordu formasını o filmdə geyinib arzuma çatmışam.
Filmin montaj prosesi gedəndə Ceyhun Mirzəyev haqqında televiziyada veriliş hazırlanırmış. Çəkilişlər vaxtı, sonra montaj prosesində qəribə tələskənlik varmış Ceyhun Mirzəyevdə, çalışırmış ki, tez bitirsin filmi.
Bir də martın 5-də gedib kassaya ki, bəlkə pulumuz köçüb, 8 mart üçün Lidiyaya çəkmə almaq istəyirəm. Həmin vaxt pul köçürülən vaxt deyilmiş.
Kinostudiyadan montajdan çıxanda deyib ki, gedirəm görüm, hazırladıqları verilişi necə montaj ediblər və yollanıb Azərbaycan televiziyasına.
Orda halı pisləşib. Onun haqqında veriliş hazırlayan Hicran Hüseynov Ceyhunu tez evinə çatdırıb. Evdə qızı Cəmiləni çağırıb, onun üzünə baxıb və gözlərini yumub. Təcili yardım gələndə artıq keçindiyi məlum olub. 5 mart 1993-cü ildə. 46 yaşında.
Film isə öz həyatını davam etdirir — rejissorun həyatı yarıda qırılsa da. Montaj da olur, premyera da. Sonralar müxtəlif mükafatlara layiq görülür. Ölümündən sonra Ceyhun Mirzəyev də “Humay” mükafatına layiq görülür o filmə görə. “Fəryad” Vaqif Mustafayevin də ssenariyə görə “Tağıyev” mükafatı aldığı işdir. Ssenari müəllifi Vaqif Mustafayev, quruluşçu rejissor Ceyhun Mirzəyev, quruluşçu operator Kənan Məmmədov, quruluşçu rəssam Rafiz İsmayılov, bəstəkar Cavanşir Quliyevdir. Rollarda Ceyhun Mirzəyev, Məlik Dadaşov, Hacı İsmayılov, Liana Qudadze, Fikrət Məmmədov, Nəcibə Behbudova və başqaları çəkilib.

“Fəryad” filmi bu gün də Qarabağ müharibəsi haqqında çəkilən ən səmimi film hesab edilir.
 

Sonda ürəkaçan bir xəbər. “Fəryad” filminin ikinci hissəsinin lentə alınması üçün Mədəniyyət nazirliyi Vaqif Mustafayevə ssenari yazmağı sifariş verib. Rejissor ssenari üzərində işə başlayıb. Könül istərdi ki, filmin çəkilişləri Xocalıda aparılsın…

Oxşar xəbərlər