• 23 Noyabr 2024 07:28

Laçın dəhlizi BAĞLANMIR, İrəvanın Qarabağ sərsəmliyi DAVAM EDİR və s. – Mövcud SİTUASİYA

2020-ci ilin sonlarına təsadüf edən 44 günlük savaş Azərbaycanın qələbəsilə başa çatdı və ermənilər “Dəmir Yumruq”dan qorxmağa başladılar. Lakin 2 il ərzində onların xofu azalana oxşayır. Belə ki, İrəvan Fransa xoruzunun dimdiyinə və Tehran zooparkındakı aslanın quyruğuna güvənir. Bəlkə də buna görə, erməni və onların havadarlarına “Qardaş yumruğu” təlimləri ilə mesaj verdik.

 

İrəvan sülh sazişi ilə bağlı Bakının təklifini alıb və ilin sonuna qədər Prezident İlham Əliyev ilə Nikol Paşinyan arasında görüş baş tuta bilər. Görüş öncəsi hər iki ölkənin deputatları müxtəlif şərh və bəyanatlarla yadda qalır. Məsələn, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc Qafqaz haqında əhatəli fikirlərə müəlliflik edərkən Ermənistan parlamentinin spikeri Alen Simonyan Qarabağdan bəhs edib:

“Bu gün bizim qarşımızda Qarabağın ermənilər yaşayan hissəsinin əhalisini qorumaq kimi tapşırıq dayanıb. Azərbaycan Qarabağ probleminin, oranın köklü erməni əhalisi kimi mövcud olmadığını bəyan etməyə başlayıb. Bugünlərdə Azərbaycan Müdafiə Nazirliyi sülhməramlılardan tələb edib ki, onlar Dağlıq Qarabağ və erməni toponimlərindən istifadə etməsinlər. Bununla yanaşı, Azərbaycan tərəfinin Laçın dəhlizini bağlamaq niyyətini görürük. Bu koridor Qarabağın erməni əhalisi üçün humanitar əhəmiyyətli yeganə yoldur”.

Bəli, rəsmi İrəvan Azərbaycanın daxili işlərinə burun soxmağa davam edir. Bu arada Qarabağdakı separatçılar sülhməramlı komandanı Andrey Volkovla görüşdükləri barədə məlumat yayıblar. Volkov bildirib ki, Laçın dəhlizinin girişində heç bir nəzarət buraxılış məntəqəsi (NBM) olmayacaq. Orada sülhməramlı fəaliyyətini asanlaşdıran texniki nəzarət vasitələri quraşdırılacaq, vəssalam.

Açığı, son günlər Azərbaycan əhalisi Laçın koridorunun qapadılması və ya orada Azərbaycan postunun qurulmasına ümid edir, amma bunun baş verəcəyinə çox da inanmırdı. Sözün düzü, tarixi bir kənara qoyub indiki reallıqları analiz edəndə heç Laçın və Zəngəzur dəhlizlərini eyniləşdirmək doğru çıxmır. Çünki Qərbi Zəngəzur hazırda Ermənistanın Syunik bölgəsidir və oradan keçən dəhliz Azərbaycan-Ermənistan-Azərbaycan (Naxçıvan MR) marşrutundadır. Azərbaycan ərazisi olan Laçın koridoru isə Ermənistanla Azərbaycanın – Qarabağ İqtisadi Rayonunun erməni əhalisi arasında əlaqə yaradır. İstər üçtərəfli bəyanat (10 noyabr 2020), istərsə də beynəlxalq hüquqla Azərbaycanın Laçın dəhlizində gömrük məntəqəsi açmaq hüququ var. Heç koridoru rus sülhməramlılarının istifadəsinə verən üçtərəfli bəyanat da Azərbaycanın Laçın dəhlizində NBM qurmasını qadağan etmir. Əsas odur ki, nəzarət buraxılış məntəqəsi qurulandan sonra sülhməramlıların Xankəndiyə daşıdığı yüklər yoxlanılsın.

Mövzu ilə hazırda bağlılığı olmasa da, qeyd edək ki, sabiq xarici işlər naziri Elmar Məmmədyarov siyasətə aid olmayan əsər yazır. Hə də, siyasətindən bir şey çıxmadı. (KONKRET.az)

Tacxeber.com

Oxşar xəbərlər