“Brazilya olmursa, it qalib olsun”- “Mərakeş qalib olsa, qurban kəsəcəm” – Deputatlarla SORĞU
Qətərdə keçirilən Dünya Çempionatı-2022-nin 1/4 final mərhələsinin bütün cütlükləri müəyyənləşib. Dekabrın 9-da isə final mərhələsinin oyunlarına start veriləcək. Belə ki, dekabrın 9-da Xorvatiya – Braziliya, Niderland – Argentina, dekabrın 10-da isə Mərakeş – Portuqaliya, İngiltərə – Fransa qarşı-qarşıya gələcək. Bəs görəsən, Dünya Çemionu – 2022-nin qalibi, Dünya Kubokunun sahibi kim olacaq?
Milli Məclisin deputatları arasında bununla bağlı sorğu keçirilib.
Məlum oldu ki, deputatlarımız arasında futbolu izləyənlər az deyil.
Deputat Aqil Abbas Braziliyanı Dünya Çempionu görür:
“İndi Dünya Çempionatı o qədər qarışıqdır ki. Ortaya gözlənilməyən nəticələr çıxdı. İspaniya, Almaniya kimi komanda getdi. Ümumiyyətlə, İtaliya yoxdur. O qədər gözlənilməz hadisələr olur ki, proqnoz vermək mümkün deyil. İstəyirəm, çempion Braziliya olsun, vəssalam. Brazilya qalib olmayandan sonra, istəyirsən, it qalib olsun, nə bilim, hansı olur, olsun…”
Deputat Cavanşir Paşazadə isə futbolu izləməyənlər sırasındadır:
“Yox, mənim onlarla işim yoxdur…”, – o bildirib.
Deputat Tahir Rzayev isə həmkarından fərqli olaraq Dünya Çempionatını diqqətlə izlədiyini deyib:
“Həm bir insan, həm də futbol azarkeşi kimi adamda yaxşı hislər doğurur. 1/4 finala güclü komandalar qalıb. Brazilya, Argentina, Fransa, Portuqaliya dünya şöhrətli komandalardır. Ancaq Brazilya və Argetinanın oyunu mənim daha çox xoşuma gəlir. İstərdim ki, bu iki komandadan biri Dünya Çempionu olsun. Mərakeşin 1/4 finala çıxması çox yaxşıdır, çünki Mərakeş milli ruhlu komandadır, həqiqətən də, gözəl oyun nümayiş etdirir. Bütün futbolçulara uğurlar, sağlam ruh, yaxşı oyun arzulayıram”.
Deputat Tahir Kərimli isə real qalib kimi Brazilya, ya da İngiltərə görür:
“Qorxuram, çempion Fransa olsun. Amma qalib Mərakeş olsa, qurban kəsərəm. Çünki Mərakeş hər cəhətdən bizə yaxındır. Mənəviyyat cəhətdən də özümüzküdür. Bütün dünya müsəlmanları buna sevinər. Amma Mərakeşin qalib olması bir az çətindir, utopik görünür. Mərakeş qalib olsa, dünya üçün surpriz olar. Hesab edirəm, İngiltərə, ya Brazilya qalib ola bilər. Brazilyanın qalib olmasını ancaq Pelenin xətrinə istəyirəm, çünki Pele uşaqlığımızın “kralı”dır. Onu camaat dövlətin kralı, biz isə dünyanın kralı hesab edirdik. İngilislərin də bizə münasibəti yaxşıdır. Fransanın öhdəsindən, bəlkə, ingilislər gələ…”
Deputat Elman Nəsirov da DÇ-ni diqqətlə izlədiyini deyib:
“1/8 final yarışlarında, düzü, Mərakeşin İspaniyaya qalib gələcəyini proqnozlaşdırmaq çox çətin idi. Amma futbolda hər şey mümkündür. Hətta Niderland da çempion ola bilər. Bu çempionatın ən böyük sensassiyalarından biri Mərakeşin1/4 finala çıxması, İspaniya üzərində qələbə çalmasıdır. 9-10 dekabarda olduqca gərgin oyunlar gözlənilir. Keçirilən oyunlarda çempionun kim olacağını proqnozlaşdırmaq daha asan olacaq. Məncə, Brazilyanın şansı daha böyükdür. Həm də onlar çox yüksək texnika nümayiş etdirirlər deyə həmişə Brazilyanın futboluna həvəslə baxmışam. Mərakeş o qədər təəccübləndirib, istərdim, təəccübləndirməyə davam etsin. Heç olmasa, birinci üçlüyə gəlib çıxsın. Ya çempion olsun, ya ikinci yer tutsun. Fransa və İngiltərə həmişə məşhurdur. İçimdə hiss var ki, Brazilyanın çempion olmaq şansı daha çoxdur”.
Deputat Vüqar İskəndərov da DÇ-ni izləyənlər arasındadır:
“1/4 finalda hətta hər bir oyun artıq final sayıla bilər. Brazilyanı dəstəkləyirəm. Sambaçıların çempion olmasını istəyərdim. Fransa da çox güclüdür, amma arzulamıram ki, çempion olsun. Argentinanın da çempion olmasını arzu etmirəm. Siyasi məsələlər də DÇ ilə bağlı fikirlərimizi əhatə edib. Çünki Argentinada, Fransada böyük erməni lobbisi var. Düşünürəm, Brazilya çempion ola bilər”.
Deputat Razi Nurullayev isə həmkarının əksinə, Argentinanın qalib olmasını istəyir:
“Argentina olmasa, qoy Mərakeş olsun. Mərakeş-İspaniya, İsveçrə-Portuqaliya qaşılaşmasını çox həyəcanla izlədim. Mərakeşin qalib gəlməsinə sevindim, amma bilmirəm, niyə sevindim. İspanlar, bəlkə də, yaxşı oyanaya bilmədilər deyə məni əsəbləşdirdilər. Portuqaliya-İsveçrə oyununda isə, məncə, Portuqaliya gözəl bir oyun göstərdi,1/4 finala yüksəldi. Bu günə qədər Argentinaya daha çox azarkeşlik etmişəm. Amma Argentinanın çempionatdakı oyunu məni qane etmir. Onlar bu mərhələyə necə gəlib çıxdılar, məni təəccübləndirir. Əvvəl fikrim belə idi ki, Argentina daha yaxşı oyun sərgiləyər, hətta çempion ola bilər. Brazilyanın da oyunu məni qane etmir. Hərçənd bu komandaya da həmişə azarkeşlik etmişəm. Almaniyanın – “alman maşını” dediyimiz futbolun sıradan çıxması Avropa futbolunun artıq bəlkə də tənəzzülünün, Asiya, Afrika futbolunun isə yüksəliş mərhələsinin göstəricisidir. Düşünürəm, Fransa komandası pis oynamır. Fransanın da çempion olma imkanları var. Oyunlar göstərəcək. Hər halda Portuqaliya da güclü təsir bağışlayır. Hərçənd Kriştiano Ronaldo sanki hələ çempionatda özünü tapmayıb, ya da artıq yaşlanıb. Özündən başqa hər kəs onun yaşlandığını və əvvəlki oyunu nümayiş etdirmədiyini deyir, özü isə bunu qəbul etmir. Amma biz bunu görə bilirik. Nə Messi, nə Neymar heç biri onlardan gözlənilən oyunu doğrulda bildilər. Məncə, bu çempionatda artıq yeni ulduzların adlarını eşidəcəyik. Adlarını sadaladıqlarımız isə yerlərini gənc nəslə verəcəklər.1/4 finala həyəcan daha da yüksəlir. Allahın izni ilə, qoy güclü komanda oyunu aparsın”.
Deputat Azər Badamov isə Dünya Çempionatını izləmir.
Deputat Bəhruz Məhərrəmov da həmkarı ilə həmfikirdir: “Düzü, çempionata baxmıram…”