Ukrayna məhkəməsinin hökmü ilə 8 il həbs cəzasına məhkum edilən Azərbaycan vətəndaşı, Vətən müharibəsi iştirakçısı Misir Qasımlının vəkili Aygül Rəfiyeva M.Qasımlı ilə bağlı iddialara münasibət bildirib.
A.Rəfiyeva Pravda.az-a deyib ki, iddialar həqiqətəuyğun deyil.
“Əli Quliyev (Nəsimi rayon icra hakimiyyətinin sabiq başçısı, siyasətçi Əli Quliyevi nəzərdə tutur-red) deyib ki, dəfələrlə Misir Qasımlının məsələsində heç bir erməni izi olmadığını, məhkəmə prosesinin ədalətli getdiyini bildirmişdim. Zərərçəkənin İspaniyadan göndərdiyi sənədlər erməni tərəfindən tərcümə olunub. Nyu-Yorkda yaşayan erməni siyasətçi Haik Martriosyan Misir Qasımlının videosunu paylaşmışdı və onun başına pul qoymuşdu. Bunun linki də var. Ona görə paylaşmıram ki, şikayət edərlər, internetdən silinər. Eyni zamanda erməni “Teleqram” səhifələrində hələ məhkəmə istintaqı davam edən zaman bir-bir hakimin, prokurorun adına qədər paylaşıb, onlara təşəkkür edirlər. Hətta o səhifələrdə şərhlər də var, bir-birilərinə yazırlar ki, bu, bizim işimizdir, bu qədər pul yığdıq və s… Əli Quliyev məhkəmə prosesinin ədalətli getdiyini bildirdiyini deyir. Proses ədalətli gedirsə, nəyə görə Kiyev Appelyasiya Məhkəməsi Obuxov Məhkəməsinin qərarını ləğv edir, deyir ki, məhkəmə prosesləri qanunsuz, ədalətsiz keçirildiyinə görə Misir Qasımlı və Sübhan Quliyevin mayın 18-dən etibarən həbsdə saxlanılmaları qanunsuzdur… Ədalətli qərarlar qəbul olunursa, nəyə görə qanunsuz həbsi seçən hakim Zinçenko barəsində cinayət işi başlanılıb? Əli Quliyev yazır ki, Misir Qasımlı və Sübhan Quliyev ərəb mənşəli İspaniya vətəndaşı Məhəmməd Əli Yusuf Açanı oğurlayaraq, meşəyə aparıb, ona ciddi bədən xəsarətləri yetirərək, üzərindəki külli miqdarda pulu və qiymətli əşyaları götürüblər. İş materiallarında ciddi bədən xəsarətləri barədə heç nə yoxdur. Əli Quliyev bu məlumatı hardan alıb? Bununla bağlı ekspertiza rəyi də var, xəsarət yetirilməyib. Küllü miqdarda pulun götürüldüyü iddia olunur. Hansı puldan söhbət gedir? Orda, ümumiyyətlə, pul söhbəti olmayıb. “Qiymətli əşyaları” deyirlərsə, onun mövcudluğunu belə sübut edə bilmirlər. Ən sonuncu məhkəmədə saatın qiymətləndirmə rəyini verən ekspert dedi ki, mənə nə saatın qutusu, nə də onun həmin şəxsin qolunda olması barədə sübut verilib, sadəcə, internetdən saatın modelinə uyğun rəy verib. Ekspertin istinad etdiyi linklər internetdə açılmır. Əli Quliyev nəyə əsasən bunları deyir? Əli Quliyev yazır ki, ilk gündən məsələ ilə maraqlandıq, kömək etmək istədikdə, bu mənzərə ilə qarşılaşıb, utanaraq uzaqlaşdıq. Guya nə köməklik edə bilərdi ki? Köməklik edə bilmirsə, etməsin. Bəs niyə pislik edir? Deyir ki, Qarabağ müharibəsi iştirakçısı özünü belə aparmaz. Onun cənab Prezident İlham Əliyevin sərəncam ilə Misirə Qasımlıya verilən medala şübhəsi var? Belə çıxır ki, Misir Qasımlı Kəlbəcərdə olmayıb? Olmayıbsa, onda Prezident niyə Misirə medal verir? Nazim Bəydəmirli (sabiq deputat Nazim Bəydəmirlini nəzərdə tutur-red) deyib ki, Ukraynada həbs olunmuş keçmiş hərbçi haqqında Qazaxıstandakı dostu vasitəsilə xəbər tutub. Bildirir ki, adam sanki “vorzakon” kimi danışır. Deyir ki, Misirin davranışını görüb, əmin olub ki, şərlənməyib, cinayət törədib. Davranışına görə bu adam Misiri necə belə ittiham edə bilər? Xahiş edirəm, Əli Quliyev də, Nazim Bəydəmirli də dediklərini sübut etsinlər. Ya da təkzib versinlər. Əks halda, Misir Qasımlının adından bu cəhdlərə qarşı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edəcəyik”, – vəkil qeyd edib..