• 23 Noyabr 2024 06:04

İcra nümayəndəsi: “Alimpaşa Məmmədovdan 10 min manatımı tələb etdim”

 

Şəmkir rayon Dəllərcəyir kəndində 3 il icra nümayəndəsi işləmiş Tünzalə Hüseynova hazırda həbsdə olan sabiq icra başçısı Alimpaşa Məmmədovdan şikayətçidir.

Tacxeber.com xəbər verir ki, o, dövlət qulluğunda fərqlənməyə görə prezident tərəfindən mükafatlandırıldığını, işlədiyi müddətdə heç bir töhməti olmadığını söyləyib.

Tünzalə Hüseynova qeyd edib ki, Nazirlər Kabinetinin müvafiq qərarına görə, attestasiyadan keçən, mükafatlandırılan və əmək fəaliyyəti boyu töhmət almayan şəxs yaşı 65-i ötsə də müqavilə ilə çalışa bilər.

Onun sözlərinə görə, Şəmkir rayonunda bazar tikilən zaman sabiq başçıya 10 min manat pul verib: “Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətində də məlumat vermişəm. Qonşu Dəlləkcırdaxanı kəndindən olan Rusiyada işləyən uşaqlar 50 min manat pul göndərmişdilər. Bizdə pul haradan idi?! Alimpaşa Məmmədov heç kəsi adam yerinə qoymurdu, harınlamışdı. Şəmkirə gələn gündən mənimlə yola getmirdi. Gedib verdiyim 10 min manatı tələb etdim, dedim ki, orada tikilən “butka”lar heç kəsə lazım deyil, aparıb kənara da atmısınız. Sonra bazarın müdirini çağırdı, ayda iki min manat olmaqla 10 min manatı qaytardılar. Fevral ayında 10 min manat tamamilə qaytarılanda onun “bandası”ndan YAP rayon təşkilarının sədri Fəxrəddin Vəliyev, Qüdrət müəllim, Rasim məni çağırdılar ki, gəl, istefa ərizəsi ver. Dedim ki, o kimdir, ərizə verim, birincisi, mənim müqaviləmin müddəti sentyabrda başa çatır. Şəxsi məktub yazmışdım, surətini saxlamışam, yəqin Şəmkir İcra Hakimiyyətində də olar, məktubu oxuyandan sonra məni çağırdılar. Dedi ki, yaşın 65-i keçib, ərizəni ver, dedim çıxmıram, 32 ildir işləyirəm, indiyədək əmək fəaliyyətimdə heç bir nöqsanım olmayıb”.

Xatırladaq ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.

Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Tacxeber.com

Oxşar xəbərlər