• 23 Noyabr 2024 07:23

Kərəm Mustafayevin “ümumqullar” ordusunda Zakir Həsənovun sözü və qərarları keçmir: Hələ də “rus yerişi” yeriyən general

 

“2021-ci ildən bu günə qədər 300-ə yaxın zabit vaxtından əvvəl (35-40) yaşlarda Naxçıvandakı əlahiddə qoşunların sıralarından təxris olunub. “Könüllü” təxris olunanların bu addımı 18-20 ildir Naxçıvandan kənara çıxa bilməmələridir. Halbuki Azərbaycan Müdafiə naziri Zakir Həsənovun 30 yanvar 2017-ci il tarixində imzaladığı qərara əsasən, ordu birliklərində xidmət göstərən zabitlərin xidmət yerləri planlı şəkildə dəyişdirilməlidir. 

Ovqat.com-a bu barədə məlumat Naxçıvandakı Əlahiddə ümumqoşun Ordusunda xidmət göstərmiş zabit tərəfindən verilib.

Zabitin iddiasına görə, Azərbaycan ordusunun istənilən hərbi hissəsində xidmət müddəti 6 il nəzərdə tutulur. Bu məntiqlə, 18-20 ilə yaxın Naxçıvan MR-də qulluq edən və Kərəm Mustafayevin qardaşı Nemətin köləsinə çevrilmək məcburiyyətində qalan zabitlər bu müddət ərzində ən azı 3-4 dəfə xidmət yerlərini dəyişməli idilər. Amma görünən budur ki, Mustafayev qardaşları köləlik vərdişlərinə öyrəşdirdikləri bu zabitləri əldən çıxarmaq istəmir, hərbi nizamnaməni pozaraq onların başqa bölgələrimizə getməsinə icazə vermirlər. Sözsüz ki, bu siyasətin bizə məlum olmayan başqa səbəbləri də ola bilər və məhz bu məqamlara işıq tutmaq üçün diqqətimizi Silahlı Qüvvələrimizin Naxçıvandakı hərbi hissələrindəki vəziyyətə yönəltməyə çalışacağıq. Təhlükəsizliklərini nəzərə alıb biz dərdlərini açıqlayan hərbi qulluqçularımızın kimlikləri bacardığımız qədər məxfi saxlayacağıq”.

Mənbəmizdən aldığımız məlumatların analizinin ortaya çıxardığı ciddi məqamlar da var. Araşdırmalarımızın ilkin nəticələrinə görə, vaxtından əvvəl ordu sıralarından təxris olunaraq ehtiyata buraxılan zabitlərin 80 faizi qardaş Türkiyə Respublikasının hərbi sistemi ilə yetişdiriliblər:

“Sovet dönəmində oxumuş, yaşı 65-70 yaşına çatmış “rusbaşlılar” isə hələ də Naxçıvanda yüksək vəzifələrə yerləşdiriliblər. Misal olaraq mayor Natiq Əlisoyu göstərə bilərik. O, ailə vəziyyəti ilə (qardaşı xəstədir) əlaqədar digər ordu korpuslarında xidmət etmək üçün müraciət edib, amma bu istəyi yerinə yetirilməyib. Mayor məcbur qalaraq məhkəmə yolu ilə haqqını tələb etməyə çalışıb. Onun müraciəti əsasında 17 dəfə məhkəmə iclası keçirilib, lakin Vasif Talıbovun qorxusundan hakimlər qanunların tələb etdiyi qərarı verə bilməyiblər. Zabit artıq bu məhkəmə çəkişmələrinin sonu gəlməyəcəyini görüb öz arzusu ilə ehtiyata buraxılıb”, -mənbəmiz bildirib.

Maraqlıdır ki, Azərbaycan qardaş Türkiyə ilə hərbi-strateji müttəfiqdir və regional ümumi düşmənlərə qarşı birgə mübarizə aparır, hərbi təlimlər keçirir. Naxçıvandakı ordu hissələrimiz isə hələ də sözün bütün mənalarında “rus yerişi” yeriyir. Nədən? Çünki Vasif Talıbov Azərbaycan Ordusunda tətbiq olunan NATO yerişini bəyənməyib. Tək səbəb bumu? Suala araşdırmalarımız nəticəsində cavab tapmağa çalışacağıq.

Tacxeber.com

 

Oxşar xəbərlər