“Ötən ayın 25-dən limiti keçmişik, indi qazın kubmetrini 25 qəpikdən ödəyirəm. Vallah, çatdıra bilmirəm, ailə mənim pensiyama baxır, 300 manatla qaz, işıq, su pulu ödəyək, yoxsa yemək alaq?! Qarşıda hələ 21 gün var, necə eləyəcəyəm, bilmirəm, karta 10 manatlıq qaz vurursan, 2 gündən sonra yoxdur…”
Bunu supermarketlərin birində ödəmə aparatından karta qazpulu ödəyən Məmmədkərim İbrahimov deyir. Bildirir ki, 20-ci sahədə həyət evində yaşayır, mənzilin sahəsi 140 kvadrat metrdir. Evi isitmək ayda ona 170-180 manata başa gəlir: “Qonşularımız da mənimlə eyni dərdədirlər, hamı şikayət edir. Yanvarda limit sıfırlanacaq, amma 12 qəpikdən aldığımız qaz bir aya güc-bəla ilə çatır. Daha sonra 20, 25 qəpikdən ödəməyə məcburuq. Yuxarıdakılar gərək camaatın vəziyyətini düşünsünlər!..”
Havalar soyuyandan qazın qiyməti ilə bağlı şikayətlərin sayı artır. Sosial şəbəkələrdə də isə bu mövzu trenddir. Aktivistlər kampaniya təşkil edib, hökumətdən qaz limitini ləğv etməyə, əhalinin güzəranını nəzərə alıb qiymətləri endirməyə çağırırlar. “Facebook” səhifələrindən birində yerləşdirilən çağırışa minlərlə istifadəçi qoşulub, onların yazdıqları saysız-hesabsız rəylərdə də hökumətdən əhaliyə satılan qazın qiymətinə yenidən baxmağa çağırılır.
Xatırladaq ki, 2021-ci il oktyabrın 16-dan Azərbaycanda təbii qazın qiyməti artıb. Tarif Şurasının qərarına görə, illik 1200 kubmetrə qədər təbii qazın hər kubmetrinin qiyməti əhali üçün 12 qəpikdən hesablanacaq. İndiyə kimi bu, 10 qəpik idi.
Əhali illik 1200 kubmetrlik normanı keçərsə, 2500 kubmetrin 1 kub metri üçün 20 qəpik, bu limiti də aşarsa, sonrakı hər kubmetr üçün 25 qəpik ödəyəcək.
“Nə qədər məktəblər soyuqda qalıb…”
Sosial şəbəkə aktivisti, Qarabağ müharibəsi veteranı, müəllim Qulu Məmmədli “Facebook”da qaz limitinin endirilməsi üçün kampaniyaya başlayıb. O, “Pressklub.az”a açıqlamasında deyir ki, buna səbəb xalqın düşdüyü ağır sosial-iqtisadi durumun üzərinə bir də bahalı qaz tariflərinin yüklənməsidir: “Ölkədə hasil edilən və hökumətə neft-qaz hasilatı ilə məşğul olan xarici şirkətlərin pulsuz verdiyi səmt qazını xalqa baha qiymətə satırlar. Bir vətəndaş kimi hesab edirəm ki, bu aldığı cüzi əmək haqqını ərzaq və dərmanlara çatdıra bilməyən xalqımızın böyük əksəriyyətinə əlavə problemlər yaradır. Nə qədər məktəblər soyuqda qalıb, nə qədər insan neft-qaz ölkəsində odun, təzək yandırır. Gürcüstanda erməni kilsələrinə verməyə pulsuz qaz tapılır, amma ölkə vətəndaşına çatanda qazın 1 kub metrinin qiyməti 12 qəpikdən başlayır. Hədəfim bir ölkə vətəndaşı kimi, bu problemdən əziyyət çəkən xalqın bir nümayəndəsi kimi “#qazlimitiniləğvedin” etirazlarının genişlənməsi və sonda aidiyyatı orqanların müvafiq qərar qəbul edərək, bu biabırçı qiymətləri aşağı endirməyə nail olmaqdır”.
Bəs Azərbaycanda əhaliyə satılan qazın maya dəyəri neçəyə başa gəlir, hökumət bu ticarətdən böyük mənfəət qazanırmı? Xarici şirkətlərin hasil etdiyi səmt qazını hökumətə pulsuz təhvil verməsi doğrudurmu?
““Şahdəniz” konsorsiumundan, Türkmənistan və Rusiyadan qaz idxal edirik”
Bu ya digər suallara aydınlıq gətirmək üçün Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanla danışdıq. Mütəxəssis bildirir ki, 2021-ci ildə SOCAR üzrə 1000 m3 qazın istehsal maya dəyəri 61,23 manat təşkil edib və bu rəqəm 2020-ci illə müqayisədə cəmi 0,1% azalıb. “Şirkət üzrə qaz hasilatına çəkilən cəmi xərclərin tərkibində material xərclərinin xüsusi çəkisi 3,7%, əmək haqqı 12,1%, sosial sığorta fonduna ayırmalar 2,7%, amortizasiya ayırmaları 20,8%, əsas vəsaitlərin təmiri 5,8%, əsas vəsaitlərə texniki xidmət 5,2%, nəqliyyat xərcləri 12,1%, mədən vergisi 18,6% və s. təşkil edir”, – o əlavə edib.
Ekspert qeyd edir ki, ümumilkdə SOCAR üzrə qazın hasilatına çəkilən xərclərlə yanaşı, şirkətin digər xərcləri – qazın emalı, saxlanması, nəqli və “Azərkontrakt” ASC-dən alışına (konsorsiumlardan alıb SOCAR-a verir) çəkilən xərclər nəzərə alınmaqla, 2021-ci ildə SOCAR üzrə daxili bazarda satılan 1000 m3 qazın faktiki xərci 121,9 manat təşkil edib.
İ.Şaban xatırladır ki, 2021-ci ili götürsək, ölkə daxilində 12,9 mlrd m3 qaz istehlak edilib, onun 5,1 mlrd m3-unu “Azərenerji” istilik elektrik stansiyalarının ehtiyacı üçün işlədib. Ekspertin sözlərinə görə, 1 mlrd. m3-dan çox qaz isə sənayedə, daha 1 mlrd.-ını dövlət və kommersiya qurumları işlədib, 4,5 mlrd m3 isə məişətdə istifadə edilib.
Mütəxəssis bildirir ki, Azərbaycanın daxili bazarı üçün hər il təqribən 4-4,5 milyard kubmetrdən çox təbii qaz valyuta ilə alınır:
“Şahdəniz” konsorsiumundan, Türkmənistan və Rusiyadan qaz idxal edirik. İnsanların böyük əksəriyyəti bilmir ki, müstəqillik dövründə Azərbaycan 2000-ci ildən Rusiyadan qaz idxalına başlayıb və ortalama ildə 4 mlrd m3 qaz idxal edib, ta “Şahdəniz” layihəsi üzrə hasilat başlayana qədər. Bəs “Şahdəniz”dən niyə alırıq? Çünki SOCAR özünün hasilatı və konsorsiumlardakı payı hesabına təqribən 8 mlrd. kubmetr qaza malikdir. Elə isə yerdə qalan qaz alınmalıdır axı? Alış üçün 2 mənbə var: daxildəki istehlakçılar və xarici bazar. Daxildən alınan qazın dəyəri idxal qazından 2-2,5 dəfədən çox ucuzdur. Bununla Azərbaycan həm daxili bazarında ekoloji baxımdan mazutla müqayisədə daha təmiz enerjidən istifadə edə bilir, həm də xarici öhdəliklərini stabil həyata keçirməklə, hələ bazarlardakı payını da artırır”.
Limit lazımdırmı? Yaxud differensial qiymət tətbiqi mümkündürmü?
İlham Şaban hesab edir ki, təkcə dünya təcrübəsi yox, elə regionun qaz bazarına diqqət yetirsək, görərik ki, Azərbaycanın atdığı addım düzgündür. “Çünki enerjidən istər insanlar, istərsə də kommersiya qurumları daha qənaətlə istifadəyə alışırlar. Nəzərə alaq ki, bundan əvvəl belə təcrübə olmayıb. Diqqətinizi bir neçə fakta yönəldim: Cənub qonşumuz İran dünyanın 2-ci qaz ölkəsidir. 80 milyonluq ölkə bir ildə 220 mlrd kubmetr qaz istehlak edir və son 2 ildir qışda qazın defisiti ilə üzləşir. Xəzərin o tayındakı qonşumuz Türkmənistan dünyanın 4-cü qaz ölkəsi titulundadır. 5 milyonluq ölkə 30 mlrd. kubmetrdən çox qaz istehlak edir. Baxmayaraq ki, onun qonşusu, 33 milyon əhalisi, 60 milyard kubmetrə yaxın qaz ehtiyacı olan Özbəkistan artıq qazın idxalçısına çevrilib. Bu ölkələrdə qazın bu qədər izafi istehlakı ondan qaynaqlanır ki, qiymətin ucuz olması ilə yanaşı, hələ indiyə qədər əhali istehlakçılarının sayğaclarla təminatı başa çatdırılmayıb. Amma Azərbaycanda istehlakçıların yarıdan çoxu SMART sayğaclarla təmin edilib”.
Mütəxəssis əlavə edir ki, burada əsas problemlərdən biri mənzillərin istiliksaxlama qabiliyyətinin aşağı olması və bununla bağlı hökumətin çox ləng tərpənməsidir:
“Mənzillərdən istiliyin uçub getməsinin təqribən 20%-i pəncərələrin keyfiyyətinə, 30%-i isə mənzillərin divarının hansı materialla tikilməsinə bağlıdır. Azərbaycanda indiyə qədər enerji effektivliyi standartlarının tikintidə tətbiqinə nəzarət edilmir. İstər fərdi yaşayış sahələri, istərsə də çoxmərtəbəli binalar – nə tikən, nə də onun istehlakçısı “nə edim ki, gələcəkdə işığa və qaza xərcim çox çıxmasın” prinsipini nəzərə almır. İnsan 200 min manata mənzil alır, amma qıyıb onun 1-2 faiz xərcini enerji effektivliyi problemlərinin həllinə xərcləmir. Hökumətin baxışlarını da anlamaq olmur: əgər sən bunu standartlar şəklində tikinti şirkətləri qarşısında qoymursansa, onu enerji effektivliyindən aşağı olan halda istismara qəbul etmək fikrində deyilsənsə, onda elə qanunlar qəbul etməlisən ki, vətəndaşlar fərdi qaydada daha əlçatan qiymətlərlə bu məsələləri özləri həll edə bilsinlər”. (pressklub.az)