“Volkov hələ ki gəlməyib” – Aksiya iştirakçısı
Xəbər verdiyimiz kimi, azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində keçirdiyi aksiya davam edir.
Tacxeber.com xəbər verir ki, aksiyada iştirak edən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov hələ də aksiya iştirakçılarının qarşısına çıxmayıb. Buna baxmayaraq aksiya iştirakçıları tələblərini səsləndirməyə davam edir:
“Bizim tələblərimiz qüvvədədir və şüarlar səsləndiririk. Təhlükəsizliyimiz də yüksək səviyyədə təmin olunub. Dünən də var idi, amma bu gün daha ciddi şəkildə təhlükəsizliyimiz təmin olunub və bu da bizi ruhlandırır. Əlavə qüvvələr də gəlir, dostlarımız gəlir. Qeyri-hökumət təşkilatları, jurnalistlər, idmançılar bizə dəstəyini ifadə edirlər. Sadə vətəndaşlar, hətta Şuşada işləyən fəhlələr belə öz dəstəyini bizə nümayiş etdirirlər. Bu da bizi ruhlandırır, sevindirir. Bu birliyi qorumaq və aksiyamızı axıra qədər davam etdirmək əzmindəyik”, – deyə o qeyd edib.