• 23 Noyabr 2024 07:28

İşğal ssenarisi masada: Uçuşlar ara vermir – Gərginliyi artıracaq qərar

ABŞ Konqresi Tayvana “Patriot” raketlərinin satışı məqsədilə qətnaməni təsdiq edib. “Blumberq” agentliyinin məlumatına görə, Tayvan bu səbəbdən ABŞ-a 882 milyon dollar ödəyəcək. ABŞ Tayvana bu raketlərlə yanaşı, radarlar və yardımçı avadanlıqlar da satacaq. Tayvanın ABŞ raketləri ilə təchizatının ümumi dəyəri 2 milyarddan çox olacaq.

Tacxəbər Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilir.

Mərkəzin ekspertlərinin fikrincə, Tayvanın belə sürətlə silahlanması Pekinin planlarıyla bağlıdır:

“Çin lideri Si Cinpin Tayvanı ələ keçirmək planının olduğunu bir neçə dəfə söyləyib. Cinpin Kommunist Partiyasının son qurultayında açıq deyib ki, məsələni danışıqlar yolu ilə həll edə bilməsələr, gücdən istifadə edəcəklər.

 

Çinin hərbi gəmiləri tez-tez Tayvan adasına yaxınlaşırlar. Hərbi təyyarələri də Tayvan adası üzərində uçuşlara ara vermirlər. Bu güc nümayişidir. Ancaq Tayvan rəhbərliyi də geri çəkilmir, bəzi hallarda adaya yaxınlaşan gəmilərə xəbərdarlıq atəşi açırlar.

Bu arada, Kanada da ABŞ-a qoşulmağa qərar verib. Kanada bir neçə hərbi gəmisini Tayvan sahillərinə yaxın sulara göndərib. Bu gəmilər beynəlxalq sularda üzəcəklər. Kanada xarici işlər naziri Melani Coli bildirib ki, ölkəsinin hərbi gəmilərinin beynəlxalq sularda üzmələri beynəlxalq hüquqa zidd deyil. Coli Kanadanın beynəlxalq qaydalara riayətə önəm verdiyini vurğulayıb”.

Mərkəzin ekspertlərinə görə, ABŞ Tayvan adasının qorunmasında Kanadanın dəstəyinə arxayındır:

“Vaşinqton bununla kifayətlənmək istəmir. Ağ Ev Çinə qarşı daha geniş koalisiya yaratmağa çalışır. Hazırda bu koalisiyada ABŞ, Kanada və Böyük Britaniya ilə yanaşı bölgə ölkələri – Hindistan, Avstraliya və Yaponiya yer alır”.

Tacxeber.com

Oxşar xəbərlər