• 23 Noyabr 2024 05:52

Azərbaycan ən qısa zamanda həmin ərzailərə daxil olacaq – Deputat

Azərbaycan ən qısa zamanda həmin ərzailərə daxil olacaq  - Deputat

 

Xəbər verdiyimiz kimi, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. 

Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmadı.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, hazırda ermənilərin yaşadığı ərazilərə Rusiya sülhməramlıları ilə yanaşı, həm də Azərbaycanın dövlət orqanları nəzarət etməlidirlər:

“Artıq Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazisinə tam nəzarət etməyinin vaxtı çatıb. BMT-nin Təhlükəsizlik Şurasının azadolunma ilə bağlı 4 qətnaməsi var idi, amma bu yerinə yetirilmədi. Azərbaycan özü bunu icra etdi və biz Vətən Müharibəsində qələbədən sonra iki il müddətində gözlədik ki, bu istiqamətdə real addımlar atılsın, amma heç bir addım atılmadı. Bu ərazilər beynəlxalq hüquqa əsasən Azərbaycan əraziləridir. Azərbaycanın bu ərazilərə tam nəzarət etməyə, ora Azərbaycanın dövlət qurumlarının daxil olmağına tam səlahiyyəti var. O baxımdan hesab edirəm ki, bizim həmin ərazilərə daxil olmağımızın tam vaxtıdır və Azərbaycan bunu ən qısa zamanda edəcək. Ermənilər bilsinlər ki, hansısa təxribatla bunun qarşısını ala bilməzlər”.

Deputat qeyd edib ki, Azərbaycanın beynəlxalq hüquqa əsasən həmin ərazilərə girməyə haqqı var, bu təmin olunmadığı üçün Azərbaycan dövləti konkret addım atmağa məcbur qalıb:

“Hazırda bu istiqamətdə aksiya davam edir, bu aksiyanı yüksək qiymətləndirirəm. Aksiya azərbaycanlı ekofəalların, vətəndaş cəmiyyətinin nümayəndələrinin aksiyasıdır. Bunu ermənilər, digərləri başqa yönə istiqamətləndirməyə çalışsalar da, aksiyanın məqsədi bəllidir. Aksiyanın məqsədi Azərbaycanın dövlət qurumlarına, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Azərbaycan ərazilərində qeyri-qanuni istismar olunan ərazilərə baxışın keçirilməsinə şərait yaradılması ilə bağlıdır. Bu gün bütün Azərbaycanın ürəyi həmin bölgə ilə döyünür, hər kəs istəyir ki, öz vətəndaş borcunu yerinə yetirərək bu aksiyalarda fəal şəkildə iştirak etsin. Bu Azərbaycanın tam haqqıdır. Madam ki, bizə bunun üçün şərait yaradılmır, o zaman bu yolla biz öz məqsədlərimizə  və hədəfimizə çatmaq istəyirik. Ən qısa şəkildə bizə şərait yaradılmalıdır ki, həmin ərazilərə baxış keçirək. Fürsətdən istifadə edərək aksiyada fəal iştirak edən ekofəallara, gənclərə, könüllülərə təşəkkür edirəm ki, onlar bu cür vətəndaş mövqeyi nümayiş etdirərək məsələyə öz etirazlarını bildirirlər”.

Tacxeber.com

Oxşar xəbərlər